Bu günlər Azərbaycanın bütün bölgələrində Heydər Əliyevin 100 illik yubileyi böyük coşqu və təntənə ilə qeyd olunur. Bayram əhval-ruhiyyəsinə bürünmüş rayon mərkəzlərində musiqi ilə süslənmiş yubiley tədbirləri yerli sakinlərin və qonaqların zövqünü oxşamaqla yanaşı, həm də ulu öndərə böyük sevginin və ehtiramın ifadəsidir. Sanki Heydər Əliyevin xatirəsinə toxunan zəngin çeşnili xalıya hər bölgə özünəməxsus ilməsini vurmağa çalışır. Möhtəşəm atəşfəşanlıqla yekunlaşan yubiley tədbirlərinin isə iştirakçıların yaddaşından heç zaman silinməyəcəyi şübhəsizdir.
Şamaxı
Heydər Əliyevin 100 illik yubileyi respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da təntənə ilə qeyd olunub. Tədbirdən əvvəl Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş rəsmi hissədən əvvəl tədbir iştirakçıları ulu öndərin Şamaxı rayonuna tarixi səfərlərini özündə əks etdirən foto-sərgiyə baxış keçiriblər.
Rayon İH başçısı Tahir Məmmədov ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətləri barədə məruzə ilə çıxış edib.
Ardınca Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.
Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxı şəhərinin mərkəzində ulu öndərin adını daşıyan parkda rayon sakinlərinə və qonaqlara respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə yubileyə həsr olunmuş konsert proqramı təqdim olunub.
Göyçay
Göyçay Rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, İqtisad Universitetinin professoru İrşad Kərimli, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib. İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər. Ardınca mərkəzdə ulu öndərin həyat və fəaliyyətini, Göyçay rayonuna səfərlərini əks etdirən foto-sərgi ilə tanış olublar.
Yubiley tədbirini giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
“Azərbaycan xalqı yeni əsrə, yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub”, – deyən N.Ağayev çıxışında xüsusi olaraq vurğulayıb ki, respublikaya rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, yüksək vətənpərvərliyi sayəsində qısa müddətdə Azərbaycanda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrdə böyük sıçrayışa nail olub və bu yolun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanı daha böyük uğurlara və zəfərlərə çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirib.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Əsrin adamı” sənədli film nümayiş etdirilib.
Ağsu
Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi təntənə ilə qeyd edilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Tahir Kərimli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib. İştirakçılar öncə Heydər Parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Ağsu şəhər Mədəniyyət evində təşkil olunan yığıncaqda rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın inkişafı naminə göstərdiyi əvəzsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“Dünya dövlətləri sırasında şah əsəri olan müstəqil Azərbaycana əbədi var olmaq hüququ verən ulu öndərin müdrik siyasət onun siyasi varisi İlham Əliyev tərəfindən layiqincə davam etdirilir”, – deyə vurğulayan R.Bağırov məhz Ali Baş Komandan tərəfindən torpaqlarımızın 30 illik işğaldan azad edildiyini, indi həmin ərazilərdə bərpa-quruculuq işlərinin görüldüyünü söyləyib.
Rəsmi yığıncağın sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib. Daha sonra Heydər Əliyevin adını daşıyan parkda respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Zaqatala
“XX əsr bəşəriyyətə çox görkəmli dövlət xadimləri, müdrik rəhbərlər, bacarıqlı dövlət başçıları bəxş edib. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevdir. Məhz bu dahi şəxsiyyətin tükənməz enerjisi, gərgin əməyi sayəsində Azərbaycan müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyub”.
Bu fikirlər ulu öndərin 100 illik yubileyi münasibətilə Zaqataladakı Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə səsləndirib. Tədbirdən öncə rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri ulu öndərin Mədəniyyət və istirahət parkında ucaldılan abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Yubiley tədbirində çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə həyatının məqsədi, başlıca amalı Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan, bütün mənalı ömrünü bu yolda sərf edən Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi barədə danışıb. Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin öz tarixində görünməmiş tərəqqi yoluna çıxmasını təmin edib. “Otuz il işğal altında qalan torpaqlarımız hərbi-siyasi yolla düşmən tapdağından azad olundu. Əldə edilən uğurlar ölkəmizi regionun liderinə, güc mərkəzinə çevirdi”, – M.Əhmədzadə çıxışında vurğuladı.
Sonda tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı – 100” sənədli filmini izləyiblər.
Ağcabədi
Ağcabədi rayon mərkəzindəki Heydər Əliyev Meydanında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə musiqili kompozisiya təşkil olunmuşdu. Bayram əhval-ruhiyyəli tədbirdə Ağcabədi rayon rəhbərliyi, şəhid ailələləri, müharibə veteranları, idarə və müəssisələrin kollektivləri, yerli ziyalılar, ictimaiyyətin nüamyəndələri iştirak edirdi. Yubiley ab-havasının hökm sürdüyü meydanda tədbirin aparıcıları qonaqları salamlayıb, dahi liderin keçdiyi şərəfli ömür yolu haqqında məlumat verdilər. Sonra tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam etdi. Tədbirdə yerli musiqiçilərlə yanaşı, respublikanın Əməkdar artistləri Könül Kərimova, Cabir Abdullayev, muğam müsabiqəsinin qalibləri Ramiq Bayramov, Gülzar Fərəcova, Xəyalə Qafarova, Aşıq Zülfiyyə, Cabbar Musayev ifaları ilə könülləri oxşayıblar. Dahi liderin sağlığında səsləndirdiyi “Küçələrə su səpmişəm” xalq mahnısı, Səməd Vurğunun “Azərbaycan” şeiri tədbirə toplaşanlara duyğulu anlar yaşadıb, coşqu və alqışlarla qarşılanıb. Konsert proqramında ulu öndərə, Azərbaycana, zəfərimizə həsr olunmuş musiqi və şeirlər səsdləndirilib, Heydər Əliyevin çox sevdiyi mahnılar ifa olunub. Konsert proqramı “Aran Ağcabədi” internet televiziyası ilə yayımlanıb. Bu isə ölkədən kənarda yaşayan həmyerlilərimizə tədbiri canlı izləmək imkanı yaradıb.
Şəmkir
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Şəmkirdə keçirilən tədbirə toplaşan rayon icra hakimiyyətinin, idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli liderin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Ardınca Heydər Əliyev Mərkəzində ulu öndərə həsr olunmuş sərgiyə baxış olub.
Tədbirin rəsmi hissəsisində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev ümummilli liderin siyasi fəaliyyəti, Azərbaycan xalqı və dövlətçiliyi qarşısında tarixi xidmətləri barədə danışıb. “Heydər Əliyev bütün ömrünü xalqına həsr edib, onun dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan mühüm amildir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir”,- deyən R.Tağıyev Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki dövrdə regionların inkişafına xüsusi qayğı göstərdiyini, məhz bu qayğının nəticəsində Şəmkirin Azərbaycanın inkişaf etmiş bölgələrindən birinə çevrildiyini qeyd edib.
Yubiley tədbirinin sonunda Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.
Ağstafa
Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Ağstafa Aqrar Sənaye Kompleksi”ndə rayon icra hakimiyyəti tərəfindən təşkil olunmuş mədəni-kütləvi tədbirdə RİH başçısı Seymur Orucov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri, “N” saylı hərbi hissənin əsgər və zabit heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər. Sanki bütün Ağstafa bu böyük bayrama gəlmişdi… Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə bayram ab-havasında keçən konsert proqramı ağstafalılar tərəfindən böyük sevinc və coşqu ilə qarşılandı.
Konsert proqramında dahi rəhbərə həsr edilmiş şeirlər, ulu öndərə, Vətənə, Qarabağa ithaf olunmuş musiqi əsərləri səsləndirilib, muğam və xalq mahnıları, nəğmələr ifa olunub.
Konsert proqramının sonunda təşkil olunan atəşfəşanlığı tədbir iştirakçıları böyük maraqla izlədilər.
Göygöl
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Göygöl rayonunda keçirilən təntənəli tədbirdən əvvəl Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirilib.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan xalqının dahi övladı Heydər Əliyevin ölkəni zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını, qətiyyətli və ardıcıl mübarizəsi ilə onu müstəqilliyə qovuşdurduğunu xüsusi vurğulayıb. O bildirib ki, Azərbaycan xalqı yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan məhz Heydər Əliyev ideyalarının təntənəsidir.
“Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, sivilizasiyaların qovşağında Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar kimi tanıdılması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələridir, – deyən E.Paşayev ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin Azərbaycanı daha böyük uğurlara çatdırdığını xüsusi qeyd edib.
Sonda ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı–100” filmi təqdim edilib.
Qazax
Müstəqil Azərbaycanın memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd edilib. Rayonun Gənclər Evində keçirilən “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, müharibə əlilləri, media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin adını daşıyan parkda olmuş, ulu öndərin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anmış, onun adını daşıyan mərkəzi ziyarət etmişlər.
Sonra tədbir iştirakçıları Qazax Gənclər Evinin foyesində ulu öndər Heydər Əliyevin Qazax rayonuna səfərlərini özündə əks etdirən foto-sərgiyə baxmışlar.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov ulu öndərin həyat və fəaliyyəti haqqında ətraflı danışıb, onun keçdiyi yolun bir örnək, bir nümunə olduğunu diqqətə çatdırıb. “İllər, əsrlər keçəcək, Heydər Əliyev dühası, şəxsiyyəti doğma xalqının qəlbində əbədi yaşayacaqdır”, – rayon rəhbəri deyib.
Samux
Samuxda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə təşkil olunmuş konsert proqramını minlərlə sakin izləyib.
Heydər Əliyev adına istirahət parkında keçirilən musiqili tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri izləyib.
Yubiley tədbirində əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tanınmış müğənnilərin ulu öndərə, Vətənə və Azərbaycana həsr olunmuş musiqi nümunələri, mahnılar iştirakçılara xoş ovqat bəxş edib.
Konsert möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Səhifəni hazırladılar:
“Xalq qəzeti”nin müxbirləri:
İmran HƏSƏNQALA,
İlqar HƏSƏNOV,
Hamlet QASIMOV,
Pünhan ƏFƏNDİYEV










