Hər bir seçki prosesi, idman terminləri ilə ifadə etsək, uzun bir marafona bənzəyir. Hər şeyin əvvəli olduğu kimi, sonu da olur. Türkiyədə də seçkilər artıq özünün finiş mərhələsinə yaxınlaşır. Cəmiyyətdə həyəcan və gərginlik artır.
Bəli, cəmi iki gündən sonra qardaş ölkənin vətəndaşları öz seçimlərini edəcəklər. Bu, ölkənin taleyi üçün taleyüklü seçimdir. Budəfəki seçkilərdə də favoritlər və autsayderlər var. Lakin səsvermənin nəticələrini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Necə deyərlər, hər şey “sandıq” başında həll olunur.
Hər anın öz hökmü var. Siyasətdə çox şey bir an içində dəyişə bilər. Türkiyənin doqquzuncu prezidenti rəhmətlik Süleyman Dəmirəlin qanadlı ifadəyə çevrilmiş belə bir sözü var: dün dündür, bu gün bugündür! Nə etmək olar, həyat belədir.
Bu günlərdə prezidentliyə namizədlər tez-tez müxtəlif şəhərlərə səfərlər edir, seçicilərlə görüşür, öz seçkiqabağı proqramlarını izah və şərh edirlər. Onlar seçiciləri öz tərəflərinə çəkmək üçün çoxlu vədlər verirlər. Seçki texnoloqları qeyd edirlər ki, bütün seçkilərdə müəyyən populizm cəhdləri olur və bu, təbiidir.
Türkiyə cəmiyyəti siyasi cəhətdən kifayət qədər yetkindir, əhalinin böyük əksəriyyəti prezidentliyə iddiaçıların hansı bilik, bacarıq və səriştəyə malik olduqlarını yaxşı bilir. Ciddi, yetkin seçici üçün ölkənin milli maraqları hər şeyin fövqündədir. Qalan xırda problemlər zamanla öz həllini tapacaq.
Budəfəki seçkilərin əsas özəlliyi ondadır ki, seçicilər dövlət başçısı ilə bərabər, ölkə parlamentinin üzvlərini də seçməlidirlər. Təbii bu, seçkilərlə bağlı ictimai-siyasi gərginlik daha da artır. Hazırkı iqtidar son 21 ildə keçirilən 15 müxtəlif seçkilərdə qələbə qazanıb. Bu dəfə də bu ənənəni qoruyub saxlamaq mümkün olacaqmı? Bunu yalnız səsvermədən sonra biləcəyik.
Türkiyədə builki seçki siyahılarına səsvermə hüququ olan 62 milyon vətəndaşın adı və soyadı qeydə alınıb. Onların arasında beş milyon gənc seçici həyatlarında ilk dəfə olaraq səsvermədə iştirak edəcək. Ölkənin gənc vətəndaşlarının hansı namizədə daha çox üstünlük verməsindən çox şey asılıdır.
Yeri gəlmişkən, prezidentliyə namizədlər gənc seçicilərin “oy”larını, yəni səslərini qazanmaq üçün bir sıra cəlbedici təkliflər irəli sürüblər. AKP lideri R.T.Ərdoğanın gənc vətəndaşları partiyasının ölkənin gələcək inkiafı ilə bağlı irəli sürdüyü “Türkiyə əsri” layihəsinə fəal qatılmağa çağırıb. Ana müxalifətin başçısı Kamal Kılıçdaroğlu isə tez-tez çıxışlarında gənclərə “ədalət və rifah dolu ölkə” vəd edir.
Yeri gəlmişkən, dünən “Turkish Airlines” aviakompaniyasının təyyarəsi xarici ölkələrdə təşkil olunan səsvermədə iştirak edən Türkiyə vətəndaşlarının bülletenlərini Ankaraya gətirib. “Anadolu” agentliyindən mediaya bilidirilib ki, həmin bülletenlər mayın 14-ü səsvermə bitənə qədər təhlükəsiz yerdə saxlanılacaq.
Xəbərdə sonra bildirilir ki, Fransa, Almaniya, İsveçrə və Avstriyadan gətirilən 532 mindən çox bülleteni Yüksək Seçim Qurumunun (MSK) əməkdaşları, partiya nümayəndələri və diplomatik kuryerlər müşayiət edib. Dünən gün ərzində digər ölkələrdən də bülletenlərin gətiriləcəyi gözlənilirdi. MSK-nın məlumatına görə, xaricdə qeydiyyatdan keçən 3,4 milyon seçicinin, təxminən, 50 faizi – 1,69 milyon nəfərdən çoxu seçkilərə qatılıb.
Türkiyə böyük və qüdrətli dövlətdir. Yenilməz türk xalqı tarixin ən çətin sınaqlarından üzüağ çıxıb, hər dəfə Vətən və torpaq qarşısında borcunu ləyaqətlə yerinə yetirib. Vətən yolunda şəhid olan əsgərlərin valideynləri öz acı kədərinə dözərək “Vətən sağ olsun!” deyirlər. Çağdaş dünyanın da çox az yerində türklər qədər vətənpərvər və dəyanətli insanlara rast gəlmək olar!
Biz, Azərbaycan vətəndaşları olaraq, əlbəttə, Türkiyəni çox sevirik. Bu, heç kəs üçün sirr deyil. Türkiyə son illər ərzində bütün sahələrdə möhtəşəm uğurlar qazanıb. 2020-ci ilin payızında 44 günlük şanlı savaş günlərində türk qardaşlarımız bizə mənəvi və siyasi dəstək veriblər.
Biz Türkiyəyə atılan hər bir namərd daşına qarşı öz sinəmizi hər an irəli verməyə hazırıq. Çox arzu edirik ki, qardaş ölkə hər zaman güclü və qüdrətli olsun, orada inkişaf və tərəqqinin sürəti daha da artsın.
Planetimizdə yeni dünya düzəni formalaşır. Düşünürük ki, bu seçkilərin nəticələri Türkiyənin öz layiqli yerini tutmasına böyük təsir göstərə bilər. Son qərarı, əlbəttə, türk vətəndaşları özləri verəcəklər. Bizim isə qəlbimizdən bir nida qopur: bütün hallarda türk dünyası üçün xeyirlisi olsun!
Rüfət RÜSTƏMOV,BDU-nun türk filologiyası kafedrasının müdiri, professor:
Məlumdur ki, mayın 14-də Türkiyə ərazisində prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda dörd namizəd – ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan, Məmləkət Partiyasının sədri Məhərrəm İncə (dünən qəzetimiz çapa hazırlanarkən məlum oldu ki, M.İncə namizədliyini geri çəkib – redaktor), “Millət İttifaqı”nın namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparır.
Əgər prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək. Böyük ehtimalla seçkilər birinci turda başa çatacaq. Parlament seçkilərində 26 partiya iştirak edəcək.
Hesab edirəm ki, 14 may seçkiləri Türkiyənin ictimai-siyasi həyatında böyük iz qoyacaq. Bu mühüm siyasi kampaniya artıq özünün finiş mərhələsinə yaxınlaşır. Reallıq budur ki, Türkiyə yol ayrıcındadır və bununla bağlı cəmiyyətdə böyük bir gərginlik hökm sürür.
Türklər tarixdə böyük dövlətlər, imperiyalar qurmuş xalqdır. Onlar üçün torpaq, Vətən anlayışları hər şeydən üstündür. Əminəm ki. Türkiyə dövləti və xalqı bu çətin sınaqdan da üzüağ çıxacaq.
Türkiyədə seçkilər yüksək seçici fəallığı şəraitində keçir. 2018-ci il prezident seçkilərində səsvermə hüququ olan ölkə vətəndaşlarının 85 faizindən çoxu səsvermə prosesində iştirak edib. İnanıram ki, bu dəfə də türk vətəndaşlarının böyük əksəriyyəti öz vətəndaşlıq borcunu yerinə yetirəcək.
Hər kəs öz məsuliyyətini yaxşı başa düşür. Bu gün doğru seçim etmək son dərəcə vacibdir. Seçkilərdə ən layiqli namizəd qələbə çalarsa, bundan bütün xalq qazanacaq.
Türkiyə son onillər ərzində çox güclənib, təkcə regionda deyil, bütün dünyada söz sahibinə çevrilib. Türkiyənin güclü və qüdrətli olmasını istəməyənlər onun içərisində nifaq salmaq istəyirlər. Türkiyədəki seçkilərə xaricdən müdaxilə etmək cəhdləri müşahidə olunur. Bu, yolverilməzdir.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”


