Türkiyə dünyada hərbi gücə çevrilir

post-img

“Azərbaycanın Qarabağda qazandığı zəfərdə Türkiyə hərbi sisteminin və hərbi sənayesinin tətbiqi önəmli rol oynadı. Bu uğur bütün Türk dünyasında bir canlanma yaratdı, türk dövlətlərinin birliyini gücləndirdi”. Türkiyəli hərbi ekspert, ehtiyatda olan polkovnik, Altınbaş Universitetinin əməkdaşı, doktor Eray Güclüer Bu fikirləri “Xalq qəzeti”nə açıqlamasının davamında bildirdi:

–2016-cı ildə Türkiyədə baş vermiş hərbi çevrilişə cəhddən sonra ölkənin hərbi sənayesi yeni inkişaf mərhələsinə qədəm qoydu. Son illərdə ABŞ-ın Türkiyəyə qarşı hərbi sanksiyalar tət­biq etməsi də “pis qonşu bizi ev sahibi etdi” prinsipi ilə ölkəmizə bu sahədə xeyli nailiyyət qazandırıb. Umumiyyətlə, Qərb və ABŞ 1960-cı illərdən etibarən zaman-zaman Türkiyəyə hərbi sanksi­yalar tətbiq edib. Bunun ən bariz nümunəsi 1974-cü ildə Kıbrıs Barış Hərəkatı zamanı ölkəmizə sanksiya tətbiq olunmasıdır. Odur ki, 1975-ci ildən başlayaraq, Türkiyə hərbi sənaye sahəsin­də əhəmiyyətli inkişaf mərhələsi keçib. 

Son illərdə ABŞ-ın Türkiyəyə “F-16” döyüş təyyarələri sa­tışını dayandırması, ölkəmizin Rusiyadan “S-400” zenit-raket komplekslərini (ZRK) alması, bundan sonra Ankaranın NATO üçün önəmli olmaması ittihamları, ABŞ-ın Türkiyəni “F-35” qırı­cılarının istehsalı proqramından çıxarması və belə bəhanələrlə hərbi sanksiyaların tətbiqi dövlətimizin hərbi sənaye sahəsinə ciddi yatırımlar etməsinə və nəticədə, uğurlar qazanmasına sə­bəb oldu. Pilotsuz uçuş aparatları (İHA) və silahlı pilotsuz uçuş aparatlarının (SİHA) istehsalı ilə Türkiyə dünyada yüksələn bir gücə çevrildi. Müdafiə sənayesi sahəsində “Akıncı”, “Hürkuş”, “Singur”, “Aksungur” kimi adlar, adətən dünyada bir marka ola­raq tanınmağa başlandı. 

Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri, xüsusilə, zirehli per­sonal daşıyıcı (ZPT), tank və raket sektorlarının milli sərmayələri və yerli istehsalatları ilə də məşğul oldu. Bu sahələrdə gələcə­yin mühüm tədarükçüsünə namizəd olan Türkiyə gündən-günə azalan xarici asılılığı ilə diqqət çəkir. Yaxın gələcəkdə yerli, yəni, milli döyüş təyyarələrini buraxmağa hazırlaşan və işlərini sürətlə davam etdirən Türkiyə, başda “F-16” döyüş təyyarələri olmaqla ABŞ-dan asılılıqdan böyük ölçüdə xilas olacaq, hətta bu sahədə dünyanın aparıcı ölkələrindən birinə çevriləcək.

Eray Güclüer daha sonra bildirdi ki, Türkiyə və Azərbaycan öndə olmaqla, hərbi gücün artması ilə Türk Dövlətləri Təşkilatı (TDT) yeni dünya sisteminin üçüncü qütbünə çevrilə bilər:

–Türkiyənin hava hücumundan müdafiə sistemi başda ol­maqla, hərbi sənaye sahəsində yerli və milli istehsalını güclən­dirməsi və yeni inkişaf mərhələsinə qədəm qoyması dövlətimizi dünyada qlobal gücə çevirməkdədir. Bu baxımdan Türkiyə təkcə özünün deyil, bütün türk dünyasının qarantı olub. Bu mərhələdə Türkiyə və Azərbaycan arasında imzalanan hərbi müqavilələr, ölkələrimizin orduları ilə eyni konseptlə dizayn edilməsi əhəmiy­yətli bir addım oldu. Əlbəttə, bu müttəfiqliyin digər qardaş dövlət­lərə də tətbiq olunması türk dünyasının gücünü artıracaq. 

Təkcə hərbi deyil, iqtisadiyyat, texnologiya, təhsil, elm, dil, tibb, kənd təsərrüfatı kimi mühüm sahələrdə birgə fəaliyyət türk dünyasına böyük töhfə verəcək. Bu baxımdan TDT-nin 2040 baxışını yetərincə dəyərləndirmək də türk dünyasının gücünə güc qatacaq. Biz türkün dünya liderliyində yer almasına inanma­lıyıq və bu strategiya üzrə hərəkət etməliyik.

 

Hazırladı:
Mehparə SULTANOVA,
“Xalq qəzeti”

Ankara

Siyasət