Mayın 10-da Nizami Kino Mərkəzində Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, rayondan seçilmiş deputatlar, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak edirdilər.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov məruzə ilə çıxış etdi. O diqqətə çatdırdı ki, xalqımız Azərbaycanın XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlılığından qürur hissi keçirir. Vətənimiz üçün kifayət qədər mürəkkəb və keşməkeşli bir dönəmdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur: ”Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf tendensiyası dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən tutarlı nümunədir. Azərbaycanın və Azərbaycan xalqının taleyində Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası özünün ifadəsini təkcə onun respublikamıza uzun müddət rəhbərlik etməsində deyil, bəlkə də bundan daha çox bu rəhbərliyin kifayət qədər zəngin və dolğun məzmuna malik olmasında tapır”.
A.Əsgərov dedi ki, Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda səfərbər edən milli təlim – azərbaycançılıq ideologiyasını da yaratdı.
Hazırda Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmasına münasibət bildirən A.Əsgərov bunu ulu öndərin siyasi kursunun layiqincə davam etdirilməsi ilə əlaqələndirdi.
“Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Prezident İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu”.
Qeyd edildi ki, ölkəmizin inkişafında, eləcə də Vətən müharibəsi dönəmində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolu, həmçinin, Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyəti danılmazdır: “Xalqımız tam əmindir ki, möhtərəm Prezidentimizin dərin zəkası, xalqımıza olan sevgisi və ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycanın həyatında yeni dövr başlayacaqdır. Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik”.
Sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirildi.
Tədbir şair Zahid Əzizin ulu öndər Heydər Əliyevə həsr etdiyi şeir və Xalq artisti İlqar Muradovun ifa etdiyi mahnılarla başa çatdı.
Ə.BƏDƏLOV, “Xalq qəzeti”