Azərbaycançılıq məfkurəsi dövlətimizin dəyərlər sistemidir – ŞƏRH

post-img

Azərbaycançılıq məfkurəsi - milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikası Konstitusiyasının əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə xidmət edən, hüquqi və demokratik dövlət kimi onun inkişafı və milli təhlükəsizliyini təmin edən dəyərlər sistemidir. Ümummilli lider Heydər Əliyevin çoxsaylı tarixi xidmətlərindən biri olan və müstəqil Azərbaycan dövlətinin əsas prioritetlərindən biri kimi azərbaycançılıq məfkurəsi, ardıcıl olaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gücləndirilir.

Birmənalı şəkildə demək olar ki, Azərbaycanda dövlət və ictimai maraqların vəhdətinin əsasının müəllifi Heydər Əliyev olan azərbaycançılıq ideologiyası təşkil edir. Ulu öndər xalqımızın bütövlüyünü qorumaqla, bu sahəyə böyük töhfələr verib. Ümummilli lider Heydər Əliyev istər sovet dövründə, istərsə də ölkə dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan üçün çox böyük işlər görüb. Müstəqil Azərbaycana öz tarixinin ən çətin dövründə xalqın tələbi ilə rəhbərlik edən dahi lider Heydər Əliyev, respublikanı təhdid edən bəla və müsibətlərin aradan qaldırılması üçün böyük səylər göstərmişdir. Ümummilli liderin sayəsində Azərbaycan tarixinin çətin dövründə vətəndaş müharibəsindən, parçalanmaqdan, dünya xəritəsindən yox olmaq təhlükəsindən qaçdı, onun sayəsində ölkə öz dövlətçiliyini qoruyub saxladı, inkişaf və əsl müstəqillik yoluna qədəm qoydu. Azərbaycanda qanunsuz silahlı birləşmələrin cilovsuz fəaliyyətinin qarşısı alındı, ilk parlament seçkiləri və konstitusiya referendumu keçirildi. Atəşkəs əldə olundu, Qarabağ nizamlanması üzrə danışıqlara başlandı.

Azərbaycanın inkişafının konseptual əsaslarını qoyan Heydər Əliyevin səyləri ilə, Azərbaycan dövlətçiliyi qorunub saxlanıldı və möhkəmləndi, təhlükəsizlik təmin edildi, güclü ordu quruldu, ölkə dünya birliyinə inteqrasiya olunmaqla, iqtisadi firavanlıq başladı. Heydər Əliyev hər zaman xalqın mənafeyindən çıxış etmiş, azərbaycançılıq ideologiyasının sistemə çevrilməsi məsələsində milli-mənəvi dəyərlərin, milli ruhun qorunması istiqamətində bir sıra mühüm addımlar atmışdır. 

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Qurultay soydaşlarımızın milli mənlik şüurunu gücləndirdi, müxtəlif ölkələrdəki Azərbaycan icmalarının mütəşəkkilliyini və fəallığını artırdı. Bu, ölkənin ictimai-siyasi həyatında yeni hərəkat, dövlət siyasətinin yeni istiqaməti idi. Həmin qurultayda Ulu Öndər fəxrlə demişdi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” və bu sözlər tariximizə əbədi olaraq daxil olub. Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli Fərmanı ilə, xaricdəki soydaşlarımızla əlaqələri genişləndirmək və inkişaf etdirmək məqsədilə, “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi” yaradılmışdır və həmin il dekabrın 27-də qəbul edilən “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında Qanun” dünya azərbaycanlılarının birləşməsi və təşkilatlanması prosesini daha da gücləndirdi, azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin birliyini və bütövlüyünü yaratdı.

Müstəqillik illərində Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, neft və qaz ehtiyatlarından praqmatik istifadə, sosial yönümlü daxili siyasət onu bütün dünyada layiqli hörmətə malik olan müasir sabit dövlətə çevirildi. Xalqın uzunmüddətli mənafeyinin qayğısına qalan ümummilli lider gələcəyə inamını bərpa edərək, ölkənin sürətli inkişafı, dünya miqyasında yüksək nüfuzu üçün möhkəm zəmin yaratdı. Bütün bunlar ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində aparılan geniş islahatlar sayəsində mümkün olmuşdur. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı ulu öndər öz müdrik siyasəti, sarsılmaz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin müstəqilliyin qurulmasına və xalqımızın arzusunun gerçəkləşməsinə nail olmuşdur. 

Ali Baş Komandanın başçılığı ilə, 44 günlük Vətən müharibəsində böyük Qələbəmiz nəticəsində xalqımızın, eləcə də xaricdə yaşayan soydaşlarımızın həmrəyliyi və birliyi daha da möhkəmləndi. Bu gün Xalq-İqtidar-Ordu birliyi sayəsində torpaqlarımız erməni işğalından azad edilib. Dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının Qarabağı azad, vahid Vətən görmək arzusu gerçəkləşdi. Bu qələbənin nəticəsidir ki, bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal olmaqla, respublikamızla əlaqələrin genişlənməsində böyük rol oynayırlar. Soydaşlarımız Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, zəngin mədəni irsimizi təbliğ etmək, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısını almaq əzmindədirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində, qardaş və dost xalqların lobbiləri və diasporları ilə səmərəli əməkdaşlığın qurulması, Azərbaycanın, xalqımızın tarixinin yazılması və nəsildən-nəslə ötürülməsi istiqamətində səmərəli tədbirlər həyata keçirirlər. Cənab Prezident İlham Əliyev xaricdə yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli mənsubiyyətinin qorunması, assimilyasiyaya uğramasının qarşısının alınması məsələlərini diqqət mərkəzində saxlayır.

Tarixən Azərbaycan xalqı dövlətlə, dövlətçiliklə bağlı olub və bu əlaqələr hər gün daha da möhkəmlənir. Şübhəsiz ki, azərbaycançılığın bir məfkurə kimi səmərəliliyi xalqın, cəmiyyətin maraqları ilə vəhdətdən asılıdır. Məhz ümummilli lider Heydər Əliyevin sayəsində, bu gün Azərbaycanda milli mənlik şüuru oyanıb, dövlətin müstəqil siyasi xətti var. Vətən maraqlarının qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, dünya ermənilərinin ideoloji təxribatının qarşısının alınması istiqamətində soydaşlarımızın fəaliyyəti Azərbaycan üçün çox önəmlidir.

Masil DƏMİROV,

Beynəlxalq münasibətlər üzrə analitik

Sosial həyat