Heydər Əliyevə həsr olunmuş yeni monoqrafiya

post-img

Azərbaycan Universitetində "Qəlbi vətənlə çırpınan insan" adlı kollektiv monoqrafiya işıq üzü görüb. Əsər Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasında hazırlanaraq ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Monoqrafiya Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, tarix elmləri doktoru Sevinc Əliyeva və Azərbaycan Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinskinin elmi redaktorluğu ilə çapdan çıxıb.

Dörd fəsildən ibarət olan monoqrafiyada Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ömür yolu, fəaliyyəti, daxili və xarici siyasəti azərbaycanlı alimlərlə yanaşı, Türkiyə, Rusiya, Kipr, İraq və Misirdən olan tədqiqatçılar tərəfindən işıqlandırılıb. 

"Heydər Əliyev” – Azərbaycanın müstəqillik məfkurəsi adlanan birinci fəsildə ulu öndərin zəngin həyat yolu, milli dövlətçilik məfkurəsi və müstəsna fəaliyyətinin bütün mərhələləri araşdırılıb.

Monoqrafiyanın ikinci "Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır" adlı fəsli ölkəmizdə demokratik cəmiyyətin formalaşması, hüquqi dövlət quruculuğu sahəsində böyük xidmətləri olan, milli inkişaf strategiyamızın banisi Heydər Əliyevin daxili siyasətinə həsr olunub.

Üçüncü fəsil "Heydər Əliyev və milli dəyərlər" adlanır. Bu fəsildə xalqımızın milli sərvəti olan ulu öndərin zəngin və çoxşaxəli irsi, azərbaycançılıq ideologiyası geniş şəkildə tədqiq edilib.

Sonuncu, dördüncü fəsildə dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran, ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayan Heydər Əliyevin yürütdüyü xarici siyasət araşdırılıb.

 

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

Sosial həyat