Fərid Qayıbov: Güllə atıcılığı üzrə yeganə qızıl medalımız Heydər Əliyevin dövründə qazanılıb

post-img

Bakı Atıcılıq Mərkəzində “Dünya Kuboku-2023” yarışlarının açılış mərasimi keçirildi. Mərasimdən sonra gənclər və idman naziri Fərid Qayıbov media nümayəndələrinin suallarını cavablandırdı.

Nazir dedi: “İnanıram ki, olimpiadadakı medallarımızın sayı artacaq. Çünki Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idmançılara daim diqqət və qayğı göstərilir”.

Fərid Qayıbov onu da əlavə etdi ki, Dünya Kubokunun ölkəmizdə keçirilməsi artıq ənənə halı daşıyır: “Ötən il də Azərbaycanda 60-dan artıq ölkənin iştirakı ilə yarış baş tutmuşdu. Budəfəki turnirdə 66 ölkə iştirak edir. Yüksək səviyyəli təşkilatçılığa görə, Azərbaycan Atıcılıq Federasiyasına təşəkkürümü bildirirəm. Builki dünya çempionatının Azərbaycana həvalə edilməsinin səbəblərindən biri də budur. Avqustda bu idman növündə lisenziya xarakterli irimiqyaslı yarış olacaq. Bu turnirlər  ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilində keçirilir. Əlamətdar haldır ki, olimpiadada güllə atıcılığı üzrə yeganə qızıl medalımız məhz ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi dövründə qazanılıb”.

F.Qayıbov Bakı Atıcılıq Mərkəzinin böyük yarışlar qəbul etmək gücündə olduğunu qeyd etdi: “Həm Dünya Kuboku, həm də avqustda keçiriləcək dünya çempionatı ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Dünyada 6-8 belə kompleks var. Bu kompleksi saxlamaq da lazımdır. Hər dəfə təmirə, müəyyən dəyişikliklərə ehtiyac olur. Edilən dəyişiklikləri də federasiya tərəfindən mənə göstərdilər. Biz tam hazırıq. Beynəlxalq Atıcılıq Federasiyanın nümayəndəsi də bildirdi ki, yarışlar çox yüksək səviyyədə təşkil olunub”.

Onu da əlavə edək ki, güllə atıcılığı üzrə Dünya Kuboku mayın 14-dək davam edəcək.

Elçin AĞAMİRZƏ,

"Xalq qəzeti"

İdman