Heydər Əliyevin zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparan dövlətçilik ideyaları

post-img

Tarixdə elə insanlar olub ki, onların həyatı və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyən edib. Ulu öndər Heydər Əliyev belə bir şəxsiyyət idi. 

Heydər Əliyevin ömür yolu Vətənə, xalqa, millətə sonsuz sədaqət və məhəbbətin parlaq rəmzidir. Ulu öndər özünün cahanşümul fəaliyyəti ilə dünya azərbaycanlılarının ümummilli lideri səviyyəsinə yüksəlmiş, Azərbaycan xalqının yaddaşında və qəlbində izzətinin və səlahiyyətinin həddi-hüdudu olmayan polad iradəli bir lider kimi qalmışdır.

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ümumxalq bayramı kimi qeyd olunmaqda davam edir. Hazırda ictimai-siyasi həyatın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin parlaq, silinməz izi hiss olunmasın. Ulu öndərin bütün siyasi və dövlətçilik fəaliyyəti müasir Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsinə yönəlmişdi. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi yüksəlişi və tərəqqisi ilə əlamətdar olmuşdur.

Heydər Əliyev Azərbaycan tarixində keçmiş SSRİ kimi bir dövlətin siyasi rəhbərliyinin zirvəsinə yüksəlmiş, dünya şöhrətli, görkəmli və nüfuzlu dövlət və siyasət xadimlərindən biri olduğunu əməli fəaliyyəti ilə sübut edən yeganə liderlərdəndir, xüsusən Azərbaycan SSR DTX-nin sədri, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi əhəmiyyətli vəzifələrində çalışıb.

Ulu öndər 1969-1982-ci illərdə hakimiyyətdə olduğu dövrdə, Azərbaycanın yaradıcılıq salnaməsinə ən mənalı səhifələr yazmışdır. Bu illər respublikanın tarixinə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil oldu. Heydər Əliyevin respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdə, Azərbaycan keçmiş SSRİ-nin inkişaf etmiş respublikalarından birinə çevrildi. Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və başqa şəhər və rayonlarda yeni sənaye obyektləri, ali təhsil müəssisələri, muzeylər, teatrlar, kitabxanalar açıldı. Mövcud neft maşınqayırma və neft emalı zavodlarının, eləcə də kimya müəssisələrinin yenidən qurulması prosesinə başlanıldı. Heydər Əliyevin səyləri ilə Azərbaycan SSR pambıqçılıq və üzümçülükdə qabaqcıl rayon kimi tanındı. Ulu öndərin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Azərbaycan ədəbiyyatının, incəsənətinin və mədəniyyətinin dünya miqyasında tanınması idi. O dövrdə Azərbaycan ədəbiyyatının və incəsənətinin görkəmli nümayəndələrinin – Nizami Gəncəvi, Nəsimi kimi dahi Azərbaycan şair və mütəfəkkirlərinin respublikadan kənarda yubileyləri keçirilmişdir. 

Uzaqgörən lider Azərbaycan gənclərinin SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsil almasına şərait yaratdı. Yüksək ixtisaslı mütəxəssisə çevrilmiş o dövrün gəncləri, sonralar müstəqil Azərbaycanın möhkəmlənməsinə xidmət etmişlər. O dövrün mühüm hadisələrindən biri də Bakıda C.Naxçıvanski adına milli hərbi kadrlar hazırlayan məktəbin açılması oldu.

Heydər Əliyev 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışaraq, dünyada ən böyük nüvə silahı ehtiyatına malik nəhəng ölkənin liderlərindən biri olub. Lakin 1987-ci ildə Qorbaçovun siyasəti ilə razılaşmadığı üçün Heydər Əliyev bütün vəzifələrindən istefa verdi. Beləliklə, Heydər Əliyev Sovet İttifaqının əsas siyasi xadimlərindən biri və belə yüksək vəzifəyə çatan yeganə azərbaycanlı kimi tarixin səhifələrinə yazıldı. Ümummilli lider Azərbaycan xalqının yaddaşında nadir şəxsiyyət, geniş siyasi təfəkkürə və müdrikliyə malik lider kimi qalmışdır. 

Sovet İttifaqının dağılmasından sonra Azərbaycan müstəqil dövlət oldu. Heç bir xalq üçün bundan böyük hadisə yoxdur. Ulu öndər müstəqil Azərbaycanı sürətlə inkişaf və tərəqqi yoluna çıxardı. 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda, beynəlxalq münasibətlərdə dönüş yarandı. Ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində Azərbaycanda dövlətçilik ənənələrini dirçəltmək, müstəqilliyi möhkəmləndirmək, inamla irəliləmək, ölkənin beynəlxalq nüfuzunu sürətlə artırmaq mümkün olmuşdur. O, dövlət müstəqilliyinin ilk illərində həyati əhəmiyyət kəsb edən sahələrin inkişafı istiqamətində mühüm addımlar atdı, Azərbaycanı beynəlxalq arenaya çıxardı. Azərbaycan dövləti bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığa başladı. Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində qısa müddətdə ölkə iqtisadiyyatı inkişaf etməyə başladı. 1994-cü ildə dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın zəngin təbii sərvətlərini dünya bazarlarına çıxardı. Neft gəlirlərinin ölkənin hərtərəfli inkişafına, xalqın rifah halının yaxşılaşdırılmasına yönəldilməsi Heydər Əliyevin gələcək fəaliyyətində əsas yer tuturdu. Düzgün qurulmuş xarici və daxili siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirdi. Bu müqavilə Azərbaycanın iqtisadi inkişafında, dünyaya inteqrasiyasında mühüm rol oynadı.

Heydər Əliyevin şəxsiyyəti, görkəmli dövlət və siyasi xadim kimi həyat və fəaliyyəti müasir Azərbaycan tarixinin parlaq səhifəsidir. Ulu öndər böyük azərbaycanlı idi. Daim Vətənin, xalqın taleyini düşünən Heydər Əliyev müasir Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı və yaradıcısı kimi daxil olmuşdur. Ümummilli liderin həyatı xalqımızın bu günü və gələcəyi ilə bağlıdır. 1995-ci ilin noyabrında Heydər Əliyevin rəhbərliyi ilə, müstəqil Azərbaycanın Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi. Bu sənəd dövlətçiliyin möhkəmləndirilməsi yolunda atılan ən böyük addım idi. Yeni əsas qanun insan hüquq və azadlıqlarının bərqərar olması üçün möhkəm zəmin yarandı. Heydər Əliyevin istedadı, vicdanlılığı, cəsarəti və böyük vətənpərvərliyi Azərbaycan Respublikasının suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsində, Azərbaycan xalqının bu istiqamətdə geniş fəaliyyət üçün  ruhlandırılmaşında mühüm rol oynadı. Heydər Əliyev ideyaları bu gün cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətində davam edir və uğurla həyata keçirilir. Xalqımız isə müstəqil və demokratik Azərbaycanın rəhbəri kimi cənab İlham Əliyevə tam dəstəyini və ən böyük etimadını ifadə edir. Bu inam və etimad isə son nəticədə erməni faşizmi üzərində qələbələrimizin təminatına çevrildi.

Bu gün Azərbaycan xalqı özünün tarixi qələbəsi ilə fəxr edir. Çünki onun 30 ildir can atdığı Qarabağ 44 günlük Vətən müharibəsində, Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun şücaəti ilə erməni işğalçılarından azad edilib. Azərbaycanın əldə etdiyi uğurların əsasında cənab Prezident İlham Əliyevin iradə və qətiyyəti, ümummilli liderin siyasi-mənəvi irsinin layiqincə davam etdirilməsi dayanır. Əbədiliyin zirvəsinə ucalan Heydər Əliyev nəsillərə örnək olmuş şəxsiyyətdir. Onun mübarizə və qələbələrlə zəngin fəaliyyəti bu günün və gələcəyin insanları, xüsusən də gənclər üçün əsl tərbiyə məktəbidir. Ulu öndərin ideyaları bu gün Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparır Onun yaratdığı müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə möhkəmlənir, inkişaf edir və dünyanın sivil dövləti kimi tərənnüm olunur. Bu, ümummilli lider Heydər Əliyev şanlı yolunun, strategiyasının qələbəsidir.

 

Masil DƏMİROV,

Beynəlxalq münasibətlər üzrə analitik

 

Sosial həyat