Türkiyədən “The Economist” jurnalına sərt reaksiya

post-img

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu İngiltərənin “The Economist” jurnalının Türkiyədəki prezident seçkilərini hədəfə alan açıqlamalarına sərt münasibət bildirib. Məlumatı “Anadolu” verib.  

O, Antalyanın Alanya qəsəbəsində jurnalistlərə verdiyi açıqlamasında bildirib ki,  sözügedən jurnalın növbəti sayında dərc olunmaq üzrə daha əvvəl bir məqalə təqdim edib: “Həmin yazımı geri çəkirəm. Bunlar Türk milləti adına qərarlar qəbul edir və ya türk millətinə nəsihət verməyə çalışırlar. Lakin Türkiyəsiz Avropanın təhlükəsizliyinin təhdid altında olduğunun fərqində deyillər. Bir ölkənin daxili siyasətinə müdaxilə səhvdir. Niyə Almaniya Ali Seçki Şurasından icazə aldığımız məntəqələrdə seçki qutularını açmağımıza icazə verilmədi? Hamısı Türkiyənin daxili işlərinə müdaxilə etməyə çalışır. “The Economist”in növbəti sayında dərc olunacaq məqaləm var. Daha bunun dərc olmasını istəmirəm. Türkiyənin daxili işlərinə müdaxilə edənlərlə ciddi münasibətlərdən imtina etməliyik. Mayın 14-də millətimizin onlara lazimi cavabı verəcəyinə inamım tamdır”. 

 Ədliyyə naziri Bəkir Bozdağ isə Şanlıurfada etdiyi çıxışında jurnala reaksiyasını “xalq qərar verəcək” sözləri ilə göstərib.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Direktoru Fəxrəddin Altun sosial media hesabından paylaşdığı açıqlamada Qərb mediasının Türkiyə əleyhinə cəhdlərinə reaksiya verib. “Türkiyənin inkişafını dayandırmaq arzusunda olanlar varsa, onlara bu xəyaldan əl çəkmələrini tövsiyə edirik. Bu millət Türkiyənin düşmənlərini sevindirmədi, sevindirməyəcək!” - Altun vurğulayıb.

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik də “The Economist” jurnalının Türkiyədəki seçkilərlə bağlı üz qabığına münasibət bildirib: “Qərb jurnalları və qəzetləri Türkiyədəki siyasi proseslərə təsir etmək üçün keçmişdə olduğu kimi yenə səfərbər olublar. Lakin arzularına nail ola bilməyəcəkləri aşkardır.”

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya