Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Heydər Əliyevin 100 illiyi münasibətilə yubiley mərasimi keçirilib.
Toplantıda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvləri, tanınmış kino xadimləri, aktyor və rejissorlar iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İcraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev ulu öndərin Azərbaycan kinosuna diqqət və qayğısı barədə söz açıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: “Onunla ilk görüşüm 1970-ci ilin mart ayına təsadüf edir. Həmin il martın 6-da paytaxtın teatr həyatında görünməmiş bir ilkə imza atıldı. “Xəyyam”ın premyerası yüksək peşəkarlıqla tamaşaçılara təqdim olundu. Bizim üçün ən əlamətdar hadisə isə növbəti tamaşaların birində Azərbaycan rəhbəri Heydər Əliyevin həyat yoldaşı Zərifə xanımla yeniyetmə oğlu İlhamla birlikdə teatra gəlməsi oldu. Heydər Əlirza oğlu tamaşadan sonra Turan xanımı, məni və Həsən Turabovu səhnə arxasına söhbətə dəvət elədi, tamaşanın uğurlu keçdiyini bildirdi. Mən həmin görüşdən aldığım təəssüratı, yəqin ki, heç zaman unutmaram”.
Sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibləri Xalq artisti Oqtay Mirqasımov, Əməkdar İncəsənət xadimləri Ayaz Salayev və Aydın Kazımzadə ulu öndərlə bağlı xatirələrini bölüşüblər.
Sonda çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Vaqif Mustafayev Heydər Əliyevə həsr olunmuş filmlərindən, onunla çəkiliş zamanı olan xatirələrindən danışıb. Mərasim kinorejissorun yüksək ustalıqla lentə aldığı ulu öndərə həsr olunmuş "Ata yolu" filmi ilə başa çatıb.
Anar ƏLİYEV, “Xalq qəzeti”


