Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, agentlik tərəfindən 2022-ci il ərzində balıqyetişdirmə müəssisələrindən (akvakulturadan) əldə olunan kürü məhsullarına dair Monitorinq Planı hazırlanıb və uğurla icra edilib.
Monitorinqin nəticələri Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Direktorluğu tərəfindən təhlil olunduqdan sonra Azərbaycan Respublikasının adı “Avropa Parlamentinin və Şurasının 2017/625 saylı Qaydasına uyğun olaraq, insan istehlakı üçün nəzərdə tutulmuş heyvan mənşəli məhsulları Avropa İttifaqına daxil olmasına icazə verilmiş üçüncü tərəf ölkələrin və ya onların regionlarının siyahıları”nın 2021-ci il 24 mart tarixli 405 nömrəli qaydasının müvafiq əlavəsinə daxil edilib. Bununla da Azərbaycanda Avropa İttifaqının tələblərinə uyğun fəaliyyət göstərən qida obyektlərində istehsal olunan kürü məhsullarını Avropa İttifaqı ölkələrinə ixrac etmək üçün imkan yaranıb.
“Xalq qəzeti”

