Azərbaycanda məhkəmə-hüquq sisteminin humanistləşdirilməsində ulu öndərin xidmətləri

post-img

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda geniş silsilə tədbirlərlə qeyd olunur. 1993-cü ilin iyununda kifayət qədər mürəkkəb siyasi şəraitdə xalqın təkidli çağırışına biganə qalmayaraq, Naxçıvandan Bakıya dönən, vəziyyəti sabitləşdirərək ölkəyə rəhbərlik missiyasını inamla həyata keçirməyə başlayan ulu öndər qısa müddətdə ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə nail olmuş, sistemli şəkildə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti istiqamətində mühüm addımlar atmışdır. 

1993-cü ilin 15 iyununda Heydər Əliyevin əvvəlcə Azərbaycan Ali Soveti­nin Sədri seçilməsi qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun fəaliyyətinin təkmilləşməsinə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır. Ali Sovetin 15 iyun 1993-cü il tarixli iclasın­dakı çıxışında ulu öndər ona göstərilən etimadı doğrultmağa çalışacağını vurğu­lamışdır: “Sizi əmin edirəm ki, bütün im­kanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilmə­sinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi an­layıram və bunların hamısını vəhdət tuta­raq əlimdən gələni edəcəyəm". 

Ulu öndər ilk gündən milli qanunveri­ciliyin yeni dövrün tələblərinə uyğunlaşdı­rılması, cəmiyyət həyatı üçün faydalı olan bir sıra yeni qanunların qəbulu prosesini də diqqət mərkəzində saxlamışdır. Təsa­düfi deyildir ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Azərbay­can Respublikası Ali Sovetinə rəhbərlik etdiyi dövr Azərbaycan parlamentarizmi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Ermənis­tanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi, hərbi əməliyyatların şiddət­ləndiyi bir zamanda Heydər Əliyev Milli Məclisdə, ilk növbədə, müdafiə sisteminin hüquqi bazasının təkmilləşdirilməsinə, nizami ordu quruculuğuna xidmət edən qanunların hazırlanmasını və qəbulunu vacib saymışdır. Cəmi 4 ay müddətində 120-yədək qanun və qərarın qəbulu ulu öndərin parlamentin spikeri kimi səmərəli fəaliyyətini bir daha təsdiqləyir. 1993-cü ilin 10 oktyabrında xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əli­yev qanunvericilik təşəbbüsü hüququn­dan yararlanmaqla, bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsini də təmin etmişdir. 

Ümummilli liderin ölkədə hüquq qay­dalarının möhkəmləndirilməsi istiqamə­tində atdığı ilk addımlardan biri məhz 9 avqust 1994-cü il tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qa­nunçuluğun və hüquq qaydasının möh­kəmləndirilməsi haqqında" Fərmanı ol­muşdur. Həmin fərmanla cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da güclən­dirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəa­liyyət proqramı müəyyənləşdirilmişdir. O dövr üçün səciyyəvi olan bir sıra neqativ hallar fərmanda geniş əksini tapmış, on­ların aradan qaldırılması üçün daxili işlər, milli təhlükəsizlik və prokurorluq orqan­larının qarşısına mühüm vəzifələr qoyul­muş, habelə cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi məqsədilə yeni struk­turların yaradılmasının vacibliyi önə çə­kilmişdir. Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına doğru uzanan mürəkkəb prosesin məhz 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Kons­titusiyaya əsaslandığını xüsusi vurğula­mağa ehtiyac yoxdur. SSRİ-nin süqutu ilə bağlı qlobal proseslərin tərkib hissəsi olaraq beynəlxalq hüququn müstəqil su­byektinə çevrilən Azərbaycan Respubli­kasında demokratik cəmiyyətin atributu olan, vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iq­tisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli konstitusiyaya ehtiyac du­yulurdu. 

1993-1994-cü illərdə ölkədə icti­mai-siyasi vəziyyətin gərginləşməsi, bir sıra təxribatlar, dövlət çevrilişi cəhdlə­ri konstitusiyanın qəbulu istiqamətində konkret addımlar atmağa imkan vermir­di. Dövlətçiliyə qarşı yönəlmiş qəsdlərin qarşısı alındıqdan sonra 1995-ci ilin iyul ayında Milli Məclisin iclasında ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Azərbay­can Respublikasının Konstitusiyasını ha­zırlayan dövlət komissiyası təşkil edilmiş­dir. Görkəmli alimlərin, hüquqşünasların, mütəxəssislərin və rəhbər işçilərin daxil edildiyi bu komissiya 1995-ci il iyul ayının 5-də ilk iclasını keçirmişdir. Komissiyanın iclasında geniş nitq söyləyən ümummilli lider Heydər Əliyev dəyərli tövsiyələrini, məsləhətlərini vermişdir: "Biz elə bir la­yihə hazırlamalı və nəhayət, elə bir Kons­titusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokra­tik prinsiplər əsasında uzun müddət sa­bit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə ha­kimiyyəti – bunlar hamısı xalqın iradə­sinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır" – deyən ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin ilk konstitusiyasının hazırlanmasında həm xalqımızın tarixi keçmişinin milli dəyər­lərindən, həm də dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edil­məsini mühüm vəzifə kimi irəli sürmüş­dür. 

Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respubli­kasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirmək­lə yanaşı, insan hüquq və azadlıqları­nın təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyanın 158 maddəsindən 48-nin, yəni təqribən, üçdəbirinin sırf insan hüquq və azad­lıqları ilə bağlı olması ulu öndər Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Azərbaycan Respub­likasının ilk milli Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdün­ya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları tam və əhatəli şəkildə təsbit olunmuşdur. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycan Respubli­kasının ilk Konstitusiyası insan və vətən­daş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bə­yan etmişdir. Konstitusiya bu deklarativ norma ilə kifayətlənməyərək, başqa bir maddədə insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qa­nunvericilik, icra və məhkəmə hakimiyyə­ti orqanlarının üzərinə vəzifə olaraq qoy­muşdur. 

Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyev hüquq-mü­hafizə orqanlarının fəaliyyətinin yeni döv­rün tələblərinə uyğunlaşdırılması üçün bir sıra mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin etmişdir. Bu məqsədlə 21 fevral 1996-cı il tarixdə Hüquq islahat komissiyası yaradılmış, Avropa Şurası­nın tövsiyələri nəzərə alınmaqla hazırlan­mış "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqın­da", "Əməliyyat-axtarış tədbirləri haqqın­da", "Notariat haqqında" və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının məntiqi yekunu olmuşdur.

Ulu öndər Avropa Şurasına üzvlük na­minə riskli və prinsipial addımlar atmaq­dan belə çəkinməmişdir. Heydər ƏIiyevin 4 may 1995-ci il tarixli fərmanı ilə əfvetmə institutunun bərpası və Prezident yanın­da əfv komissiyasının yaradılması, 1995-ci ildən ölüm cəzası üzərində moratoriu­mun qoyulması, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsi deyilən­ləri bir daha təsdiqləyir. Şəffaf və demok­ratik əsasda fəaliyyət göstərən komissi­yada ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiliyinə lazımi şərait yaradılmış, əfv fərmanlarının imzalanması və məhkum­ların bağışlanması müsbət ənənəyə çev­rilmişdir. 

Ölüm hökmünün tətbiqi cinayət törət­miş məhkumun tərbiyə və islah olunaraq sağlam cəmiyyətə qovuşması baxımın­dan yolverilməz sayılır. Bu gün əksər Avropa ölkələrində, o cümlədən ABŞ-ın ondan çox ştatında ölüm cəzası tətbiq edilmir. Azərbaycanda ölüm cəzası ləğv olunmazdan əvvəl cəmiyyətdə geniş ic­timai müzakirəyə çıxarılmış, Avropa Şu­rası ilə geniş məsləhətləşmələr aparıl­mışdır. Ulu öndər 1998-ci il fevralın 3-də Milli Məclisə ölüm cəzasının ləğvi ilə bağ­lı müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil etmişdir. O, ədalət, azad­lıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş və bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Gərgin mü­zakirələrdən sonra Milli Məclis ölüm cə­zasının ləğvi ilə bağlı ölkə Prezidentinin təklifini dəstəkləmiş, 10 fevral 1998-ci ildə belə bir tarixi qərar qəbul etmişdir. 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3104 məhku­ma şamil edilmişdir. 

Azərbaycan Respublikası Preziden­tinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə 1996-2003-cü illərdə 8 am­nistiya haqqında qanun qəbul olunmuş, 21325 məhkum azadlığa buraxılmış, bu amnistiya aktları 77 mindən artıq məh­kuma şamil edilmişdir. Həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları­nın məntiqi nəticəsi olaraq Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şura­sına tamhüquqlu üzv seçilmiş, təşkilat qarşısında götürdüyü bütün öhdəlikləri vaxtlı-vaxtında icra etmişdir. İmzalanmış çoxsaylı əfv fərmanları nəticəsində qon­darma "siyasi məhbuslar" problemi qa­panmış, insan hüquqlarının təminatına xidmət edən yeni qanunlar qəbul olun­muş, o cümlədən İctimai Televiziya fəa­liyyətə başlamışdır. 

28 dekabr 2001-ci il tarixdə "Azər­baycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulu, 2002-ci ildə ombudsman institutunun fəaliyyətə başlaması üçün maddi-texniki bazanın təşkili insan və vətəndaş hüquqlarının təmini istiqamətində respublikada həyata keçirilən hüquqi islahatların məntiqi da­vamı olmuşdur. 2001-ci il dekabrın 25-də respublikamızın qanunverici orqanı olan Milli Məclis "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avro­pa Konvensiyasını ratifikasiya etməklə demokratik ənənələrə, ədalətə, yuris­diksiya altında olan insanlar üçün əsas hüquq və əsas azadlıqların təminatına yüksək sadiqlik nümayiş etdirmişdir. 15 aprel 2002-ci il tarixdə ratifikasiya sənədi depozit edilmək üçün Avropa Şurasının Baş Katibinə təqdim olunmuş, bununla da, ölkə vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanı reallaşmışdır.

2000-ci ildə dövlət orqanları sırasın­da ilk dəfə olaraq hakimlərin seçilməsi prosesində test üsulu ilə imtahan tətbiq edilmiş, müstəqil məhkəmə hakimiyyə­tinin yaradılması istiqamətində mühüm addımlar atılmış və yeni məhkəmə siste­mi fəaliyyətə başlamışdır.

Görülmüş tədbirlər nəticəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılma­sı, məhkəmə hakimiyyətinin müstəqilli­yinə əlavə təminatların müəyyən olun­masını nəzərdə tutan yeni qanunvericilik layihələri hazırlanmış və Avropa Şura­sında ekspertizadan keçirildikdən sonra qəbul olunmuşdur.

Yeni təsisat – məhkəmə hakimiyyə­tinin özünüidarə orqanı olan 15 nəfər üzvdən ibarət Məhkəmə-Hüquq Şurası formalaşdırılmış, onun tərkibi, əsasən, hakimlərdən (9 nəfər), eyni zamanda, Azərbaycan Prezidentinin, Milli Məcli­sin, prokurorluğun, Vəkillər Kollegiyası­nın nümayəndələrindən ibarət müəyyən olunmuşdur. Hakimlərin fəaliyyətinin qiy­mətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsu­liyyətinə cəlb edilməsi və onların fəaliy­yəti ilə bağlı digər məsələlər bu orqanın müstəsna səlahiyyətinə aid edilmişdir.

Hazırda ulu öndərin yüksək idealla­rına sadiqlik nümayiş etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxə­li siyasətinin ali məqsədi ölkənin hər bir vətəndaşı üçün layiqli həyat tərzinin tə­min olunmasıdır. 

Cənab İlham Əliyevin hakimiyyət­də olduğu dövr ölkənin davamlı inkişafı, sürətlə müasirləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyələndi­rilir. Hazırda Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvü olaraq dinamik in­kişaf edir. Azərbaycanın bu cür tərəqqisi onu nəinki siyasi, həmçinin iqtisadi və mədəni cəhətdən həm regional, həm də qlobal mərkəzə çevirir.

Dövlət başçısının 2014-cü il 13 fev­ral tarixli sərəncamı "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinə geniş yol açmış, bu istiqamətdə ötən dövrdə xa­rici mütəxəssislərin iştirakı ilə xeyli işlər görülmüşdür. Hazırda sistem Naxçıvan Muxtar Respublikasını da əhatə etməklə ölkə məhkəmələrinin və icra qurumları­nın əksəriyyətində tətbiq olunur.

Məhkəməyə müraciət etmək hüququ­nun yaranması anından məhkəmə qərar­larının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən elektron məh­kəmənin tətbiqi ədalət mühakiməsinə ictimai etimadı artırmış, vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin məhkəmələrə elektron qaydada onlayn rejimdə daha asan və rahat müraciət et­məsinə imkan vermiş, məhkəmə baxışını tezləşdirmiş, süründürməçilik hallarının qarşısını almışdır.

Son illərdə dövlətimizin başçısı tərə­findən məhkəmə-hüquq sisteminin tək­milləşdirilməsi və müasirləşdirilməsi istiqamətində aparılan islahatlar cəmiy­yətin, eləcə də ictimai münasibətlərin inkişafında önəmli rol oynamışdır. Bunun nəticəsində məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilmiş, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilmiş, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsas­lı şəkildə yenilənmiş, insanların məh­kəmələrə müraciət etmək imkanları xeyli asanlaşmış, infrastruktur müasirləşmiş­dir. Həmçinin ölkəmizdə hakimliyə na­mizədlərin seçimi prosesi əsaslı şəkildə təkmilləşdirilmiş, hakimlərin ən qabaqcıl və şəffaf üsullarla seçim qaydası müəy­yən edilmişdir. 

Bütövlükdə, məhkəmə-hüquq sis­teminin təkmilləşdirilməsindən bəhs edərkən Azərbaycan Prezidenti cə­nab İlham Əliyevin imzaladığı “Məh­kəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı xüsusilə vurğulamaq lazımdır. Bu mühüm sənəd məhkəmə sistemində növbəti islahatların aparılma­sı və bu sahədə müasir texnologiyaların tətbiqinin vacibliyini bəyan etməklə yana­şı, məhkəmələr üçün ədalətlilik, qərəz­sizlik, aşkarlıq, şəffaflıq kimi mühüm prinsiplərin hər zaman vacib və aktual olduğunu bir daha müəyyənləşdirmişdir. Eyni zamanda fərmanda məhkəmə icra­atının səmərəliliyinin yüksəldilməsi, iş­lərə baxılmasının keyfiyyətinin artırılma­sı, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.

Dövlət başçısının tapşırığı ilə son il­lər ərzində məhkəmə infrastrukturunun müasirləşdirilməsi istiqamətində də çox böyük işlər görülmüşdür. Məhkəmələrin yerləşdiyi binalarda əsaslı təmir və ye­nidənqurma işləri aparılmış, paytaxt və bölgələrdə yeni məhkəmə binaları və kompleksləri inşa edilmişdir. 

Məhkəmələrdə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, o cümlədən məhkəmə prosesi zamanı audio-video yazılışların aparılması, bütün məhkəmə iclaslarının protokollaşdırılması, elektron sənəd dövriyyəsinin tam tətbiqi ilə bağlı bütün zəruri infrastruktur yaradılmışdır. 

Möhtərəm Prezidentimiz İlham Əliyevin 13 noyabr 2012-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirakı da rayon məhkəməsində müasir informasi­ya-kommunikasiya qurğularının tətbiqinə təkan vermişdir. Məhkəmə binasında beynəlxalq standartlara cavab verən yeni avadanlıqların quraşdırılması bugün də davam etdirilir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsində ölkəmizin davamlı tərəqqisinin təminatı üçün digər sahələrdə olduğu kimi, məh­kəmə-hüquq sistemində də islahatların yüksək səviyyədə həyata keçirilməsi məqsədi ilə hər bir hakim üzərinə düşən məsuliyyəti dərindən dərk etməli, fəa­liyyətində yalnız ədalət mühakiməsinin maraqlarını əsas götürməli və ədalət, qa­nunçuluq və qərəzsizlik prinsipinin tələb­lərinə dönmədən əməl etməlidir.

İslam ƏLİYEV,
Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin sədri

Sosial həyat