İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni tərkibi təsdiqləndi

post-img

Mayın 2-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının növbəti plenar iclas keçirildi. Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyətinin aprelin 27-28-də Ankara şəhərinə işgüzar səfəri zamanı Türk Dövlətləri Parlament Assambleyasının on ikinci plenar iclasında iştirakı barədə məlumat verildi. İclasda bir sıra zəruri məsələlərin diqqətə çatdırıldığını deyən S.Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində TÜRKPA-nın müşahidəçi statusu alması ilə bağlı müraciətinin nəzərdən keçirildiyini və dəstəkləndiyini bildirdi. Bununla yanaşı, TÜRKPA-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin müşahidəçi statusu əldə etməsi ilə bağlı müraciətinə də baxıldığı və Parlament Şəbəkəsinə assambleyada müşahidəçi statusu verildiyi diqqətə çatdırıldı.

Sonra cari məsələlər müzakirə olun­du. Çıxış edən deputatlar aprelin 29-da dövlətimizin başçısı İlham Əliyevin qar­daş ölkəyə işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə İstanbulda keçirilən “TEKNOFEST” festivalında iştirakından söhbət açdılar. Qeyd edildi ki, bu festival qardaş ölkənin digər sahələrdə olduğu kimi, kosmos, aviasiya və texnologiya sahələrində də necə sürətlə inkişaf etdiyinin göstəri­cisidir. Diqqətə çatdırıldı ki, Prezident İlham Əliyev çıxışında Türkiyə xalqının, dövlətinin və Prezidentinin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın yanında olduğunu, Şuşa Bəyannaməsini xatırlatması iki qardaş ölkə arasındakı münasibətlərin çox yüksək səviyyədə inkişaf etdiyinin göstəricisidir. Deputat­lar, həmçinin Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsinin əhəmiyyətindən də söhbət açdılar.

Sonra Parlamentin sədri iclasda 17 qanun layihəsinin müzakirə olunacağını bildirdi. 

Birinci məsələ – İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqın­da parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məlumat verdi. Komitə sədri dedi ki, Milli Məclisin icla­sında İctimai Televiziya və Radio Yayım­ları Şirkəti Yayım Şurasının 3 üzvünün səlahiyyət müddəti başa çatdığından onların əvəzinə yeniləri seçilməlidir. O, Azərbaycan Həmkarlar İttifaqları Konfe­derasiyasının Həsən Cəfərov və Əzim Talıbovun, Azərbaycan Milli Elmlər Aka­demiyasının Teymur Kərimli və Sərxan Xavərinin, Azərbaycan Mətbuat Şurası­nın Azər Həsrət və Aqil Ələsgərin İctimai Televiziya və Radio Yayımları Şirkəti Ya­yım Şurasının üzvlüyünə namizədliyini irəli sürdüklərini bildirdi.

Müzakirələrdən sonra keçirilən səsvermə nəticəsində Həsən Cəfərov, Teymur Kərimli və Azər Həsrətin İctimai Televiziya və Radio Yayımları Şirkəti Ya­yım Şurasının üzvlüyünə namizədlikləri təsdiqləndi.

S.Qafarova gündəlikdəki növbəti beş məsələnin üçüncü oxunuşda mü­zakirəyə çıxarıldığını bildirdi. Həmin məsələlər barəsində məlumat verən komitə sədrləri Hicran Hüseynova, Əli Hüseynli və deputat Nurlan Həsənova əlavə təklif və rəylərin daxil olmadığını bildirərək qanun layihələrinin səsə qo­yulmasını təklif etdilər. 

Gündəlikdəki digər məsələlərin bi­rinci oxunuşda təqdim edildiyni bildirən S.Qafarova “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respub­likasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edil­məsi barədə qanun layihəsi haqqında məlumat vermək üçün sözü Hüquq si­yasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərova verdi. O dedi ki, mina terroru, ümumilikdə, erməni terro­rizmini göstərən əsas faktlardan biridir. Müharibədən sonra 55 nəfər soydaşımız ermənilərin basdırdığı minaya düşərək həlak olub. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat qəbul edildikdən sonra döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələ­rinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla, ümumilikdə 299 nəfər mina qurbanlarından 244-ü isə müxtəlif dərə­cəli bədən xəsarətləri alıb. 

Sənəd müzakirələrdən sonra səsə qoyularaq qəbul edildi. 

S.Qafarova digər qanun layihələrinin dövlət başçımızın bir məktubu ilə daxil olduğunu bildirdi və həmin məsələlər müzakirə olunaraq, birinci oxunuşda qə­bul edildi.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Sosial həyat