“Akkuyu” AES Türkiyəyə 50 milyard dollarlıq qazanc gətirəcək

post-img

Dünən “Akkuyu” AES-in birinci bloku üçün ilk nüvə yanacağının təhvil verilməsi mərasimi keçirilib. Xatırladaq ki, stansiyanın birinci enerji blokunun lazımi sazlama işlərindən və Türkiyənin Atom Enerjisinə Nəzarət İdarəsinin təsdiqindən sonra bir il ərzində istifadəyə veriləcəyi planlaşdırılıb. 

Yeri gəlmişkən, bu atom elektrik stansiyasının istismar müddəti, təx­minən, 60 ildir. Daha sonra nəzarət və yoxlamaların nəticələrinə əsasən, hə­min müddət 20 il də uzadıla bilər. “Ak­kuyu”nun Türkiyənin iqtisadi inkişafına verəcəyi töhfə 50 milyard ABŞ dolları qiymətləndirilir. Eyni zamanda, qardaş ölkənin ilk atom elektrik stansiyası olan “Akkuyu” istismara verildikdən sonra burada ildə 35 milyard kVt/saat elektrik enerjisi istehsal etmək planlaşdırılır və bunun isə Türkiyənin ümumi enerji ehti­yacının 10 faizini qarşılayacağı bildirilir. 

Layihənin həyata keçirilməsinə 2010-cu il mayın 12-də başlanılıb. Ru­siya və Türkiyə hökumətləri arasında qardaş ölkənin Mersin vilayətinin Gülnar rayonunda “Akkuyu” AES-in tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqın­da saziş imzalanıb.

İkitərəfli dövlətlərarası razılaşmanın şərtlərinə əsasən, “Akkuyu” yatağı Ru­siyanın ”Atomstroyexport” (ASE) Şirkət­lər Qrupuna təhvil verilib. Müqavilədə qeyd olunduğu kimi, Rusiya şirkəti bu­rada nüvə stansiyası tikəcək və bu atom elektrik stansiyasından əldə ediləcək elektrik enerjisini 15 illik alış zəmanəti ilə Türkiyə tərəfinə satacaq. Stansiyanın 1200 meqavatlıq dörd moduldan ibarət ümumilikdə 4800 meqavat gücü olacaq.

Xatırladaq ki, “Atomstroyexport JSC” “Rosatom” dövlət korporasiyasının xari­ci ölkələrdə nüvə enerjisi obyektlərinin tikintisi, onların modernləşdirilməsi üzrə aparıcı mühəndislik şirkətidir. Qurumun fəaliyyəti Rusiyanın nüvə enerjisi sahə­sində çalışan mütəxəssislərinin yarım əsrlik təcrübəsinə əsaslanır. Həmin mütəxəssislərin iştirakı ilə Şərqi Avropa və Finlandiyada 30-a yaxın atom enerji blokunun tikilməsi də bunun bariz ifadə­sidir. 

Qeyd edək ki, “Rosatom” korpora­siyası beynəlxalq enerji bazarında 70 ildən çox təcrübəyə malikdir və xarici layihələr portfeli baxımından dünyada birinci yerdədir. Həmçinin bu qurum 12 ölkədə həyata keçirilmiş müxtəlif la­yihələrdə 36 enerji blokunu istifadəyə verərək dünya nüvə yanacağı bazarının 17 faizini təmin edir. Korporasiya tərə­findən indiyə qədər təmiz enerji əldə etmək üçün təqdim olunan həllərdən ən mükəmməl məhsulu “VVER-1200” reak­torunun təkamül etdirilmiş dizaynıdır.

Bu reaktorlar 1990-2000-ci illərdə xarici müştərilər üçün tikilmiş “VVER-1000” reaktorlarının daha da təkmilləş­dirilməsi əsasında hazırlanıb. “VVER-1000” reaktorunun hər bir parametrinin təkmilləşdirilməsi nəticəsində möhürlən­miş reaktor bölməsindən kənarda hər hansı qəza baş verdikdə radiasiyanın kənara çıxma ehtimalını azaltmağa im­kan verən bir sıra əlavə təhlükəsizlik sis­temlərini tətbiq edilib.

Görülən işlər nəticəsində “VVER-1200”ün enerji istehsalı gücü daha da artırılıb, reaktorun istifadə müddəti 60 ilə qədər uzadılıb, quraşdırılmış gücdən istifadə əmsalı 90 faizə çatdırılıb, reak­tora yenidən yanacaq doldurmadan 18 ay işləmək imkanı əldə edib və sıra di­gər spesifik göstəriciləri təkmilləşdirilib.

“Akkuyu” AES-in istismarı zamanı təhlükəsizliyin təmin edilməsi məsələ­sinə də xüsusi diqqət ayrılıb. Belə ki, stansiyada ionlaşdırıcı şüalanmanın və radioaktiv maddələrin ətraf mühitə ya­yılmasına qarşı dörd qatdan ibarət təh­lükəsizlik sistemi yaradılıb. 

Reaktor zalında hər hansı bir qəza baş verərsə, bütün radioaktivlik bu mü­dafiə qatlarının arxasında qalacaq. Bu qatlar, həmçinin stansiyanın xarici təsir­lərdən (məsələn, təyyarə qəzası, torna­do, qasırğa və ya partlayış) qorunması üçün nəzərdə tutulub.

“Akkuyu” ətraf ərazilərin su mühitinə, flora və faunasının təhlükəsizliyinə təh­lükə yaratmayacaq. Bu səbəbdən də stansiya yaxınlığında istirahət zonaları və çimərliklərin salınması məqsədəuy­ğundur. 

Mütəxəssislərin fikrincə, Türkiyə­nin iqtisadi inkişafında da bu layihənin özünəməxsus rolu olacaq. Belə ki, stan­siyanın istifadəyə verilməsindən sonra həm AES-də, həm də onun əlaqədar digər müəssisələrində xeyli sayda iş yerləri açılacaq. Nüvə texnologiyasının inkişafı elmi tədqiqatların, istehsal həc­minin və yüksək texnologiyalı məhsulla­rın ixracının artmasına kömək edəcək. 

Bir sözlə, “Akkuyu” Atom Elektrik Stansiyası qardaş ölkə üçün əlamət­dar layihədir. Türkiyə bu layihə ilə nüvə enerjisi sahəsində illərlə toplanan təcrü­bə və ən yaxşı texnologiyaları əldə et­mək imkanına malik olacaq. Layihənin tikinti prosesində türk mütəxəssislərinin maksimum iştirakı nəzərdə tutulub. Belə ki, ilkin hesablamalara görə, Türkiyə tərəfi stansiyanın tikintisi üzrə bütün iş­lərin 40 faizini yerinə yetirəcək.

P.S. Dünən Akkuyu AES-in təntənəli açılışı oldu. Prezident Rəcəb Tayyib Ər­doğan mərasimə videokonfrans vasitə­silə qatılaraq bildirdi ki, Türkiyə Akkuyu Atom Elektrik Stansiyası nəticəsində dünyada nüvə gücünə sahib ölkələrdən biri olur. Stansiyanın işə salınması təbii qaz idxalını illik 1,5 milyard dollara qədər azaltmağa imkan yaradacaq. Türkiyə li­deri qeyd etdi ki, Atom Elektrik Stansiya­sı 20 milyard dollarlıq bir yatırımdır.

V.BİNYƏTOĞLU, “Xalq qəzeti”

Sosial həyat