Ənvər Məmmədov – 100
Ənvər Nazim oğlu Məmmədov haqqında ilk dəfə Azərbaycan Televiziyası yarandığı gündən orada çalışmış Tofiq Axundovdan hələ 1989-cu ildə eşitmişdim: “Bakılı balasıdır. Ancaq Moskvanın bütün televiziya və informasiya mütəxəssisləri hər şeyi onunla məsləhətləşir, ondan öyrənirlər. 10 il qabaq Bakıya gələndə birinci katib Heydər Əliyev onu şəxsən qəbul eləmişdi”.
Tofiq müəllimlə hər söhbət ensiklopediyanı vərəqləmək kimi idi. Danışırdı ki, Ənvər Məmmədov 1923-cü il avqustun 15-də Bakıda anadan olub. Həmin dövrün siyasi prosesləri onun həyatında da çox dərin izlər buraxmışdı. Atası Nazim Məmmədov repressiya qurbanı olub, ölümündən sonra bəraət qazanıb. Balaca Ənvərin tərbiyəsi ilə ana nənəsi Sofya Andreyevna məşğul olub. Deyirlər ki, onun Lev Tolstoyun həyat yoldaşına qohumluğu çatırdı.
Sonra Azərbaycan “Bilik” Cəmiyyətinin sədri Elşad Quliyevin bir xatirəsini eşitmişdim: “ Ənvər Nazimoviç beş dildə sərbəst danışan jurnalist, diplomat, hüquqşünas və ictimai xadimdir. SSRİ rəhbərliyində onu tanımayan yoxdur. Buna baxmayaraq, SSRİ informasiya məkanında, bəlkə də ondan sadə adam yoxdur”.
Elşad müəllim haradansa oxuduğu bir fakt barədə də iki-üç dəfə danışmışdı. Deyirdi ki, Stalinqradda məğlub olub əsir düşmüş feldmarşal Paulsun Moskvadan Nürnberq Hərbi Tribunalına gətirilməsi zərurəti yarana biləcəyini nəzərə alaraq, sovet nümayəndəliyi əvvəlcədən feldmarşalı təyyarə ilə Almaniyaya aparmışdı. Onun gizlin yolla Amerika zonasından keçirilməsini Ənvər Məmmədovla hərbi kəşfiyat idarəsinin bir zabiti təşkil etmişdi. Bütün bu xidmətlərinə görə Ənvər Məmmədov yeddi orden və onlarca medal ilə təltif olunmuşdu.
Daha sonra mərhum Aqşin Babayevin bu məzmunlu çox söhbətini eşitmişdim. Aqşin müəllim Ali Sovetin mətbuat xidmətinin rəhbəri olanda biz jurnalistər hansısa tədbirə bir az tez gedir, onun söhbətlərinə qulaq asırdıq. Marağımızı nəzərə alaraq, həvəslə danışırdı. Danışırdı ki, mən 70-ci illərin ortalarında Azərbaycan Beynəlxalq radiosuna rəhbər təyin ediləndən sonra bu radionun fəaliyyətini tamamilə yenidən qurduq. Çünki ölkə rəhbəri Heydər Əliyevin tələbləri belə idi. Axırda məlum oldu ki, bizim radio verilişlərin həcminə görə Moskva və Daşkənd Beynəlxalq radiolarından sonra üçüncü yerə çıxıbmış.
Elə ona görə də həmin illərdə SSRİ tarixində ilk dəfə keçirilən Beynəlxalq radioya həsr olunmuş simpoziuma evsahibliyi etməyi Bakıya həvalə etmişdilər. Bu təvbirdə Moskvanı Ənvər Məmmədov təmsil edirdi. Bolqarıstandan, Rumıniyadan, Macarıstandan da qonaqlar gəlmişdilər. Ənvər müəllim sonralar Moskvadakı bəzi söhbətlərində Azərbaycan radiosunun fəaliyyətini yüksək qiymətləndirmişdi.
Bu sətirləri qələmə almaq istəyərkən rusdilli elektron resurslara da baxdım. Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Televiziya Məktəbinin saytında Ənvər Məmmədov haqqında verilmiş materialı oxuyanda, sözün həqiqi mənasında, qürur duydum.
“msu.ru” adlı həmin internet resursundakı qiymətləndirməyə fikir verin: “Onun , başqa kiminsə qazanmadığı qiymətə layiq görülmək hüququ var idi. Ordudakı xidməti 1941 -42-ci illərin ən dəhşətli vaxtına düşmüşdü. Pencəyinin fərdi göstəricisində yığcam şəkildə yazılmışdı “cəbhəçi”. Müharibədən sonra Nürnberq prosesində iştirak etmişdi. Tərcüməçi idi. Ancaq bu, hamısı deyil. Məhz onun təşəbbüsü ilə qurulmuş xüsusi əməliyyat nəticəsində feldmarşal Pauls məhkəmə zalına gətirilmiş və Almaniyanın guya Sovet İttifaqına qabaqlayıcı tədbir olaraq hücuma keçmək versiyasını məhv etmişdir”.
Yaxud, “ria.ru” saytı yazır ki, “Molotovun etirazına baxmayaraq, Ənvər Məmmədov diplomatik xidmətə qəbul olunmuşdu”. Bu sətirləri hazırlayanda daha bir neçə maraqlı məqamla da rastlaşdım. Rast gəldiyim on məqalənin səkkizində onu “Televiziyanın əfsanəsi” adlandırırlar. Həmin məqalələrin, demək olar ki, hamısında mənim 25-30 il əvvəl yuxarıda adını çəkdiyim ziyalılarımızdan eşitdiyim faktlar da vardı. Bu isə o deməkdir ki, Ənvər Məmmədov zirvəsi daim üzdə olmuş və onun yaradıcılığı hamı tərəfindən izlənilmişdir.
Bir materialda oxuyuruq ki, bu qeyri-adi istedada malik insanın qabiliyyətinə şübhə edənlər olsa da, fakt bütün maneələrin qarşısının alınmasını təmin edib. Məsələn, 1943-cü ildə yaralandığına görə cəbhədən qayıtmış 21 yaşlı Ənvər Məmmədovu Moskvaya SSRİ Xarici işlər xalq komissarlığına çağırırlar. Xarici işlər xalq komissarı Molotov Ənvəri ona təqdim edənlərə deyir ki, bu tatar balasını Avropaya göndərməyin nə mənası var? Sonra həmin gəncin bir neçə Avropa dilində mükəmməl danışmağını, bacarığını nəzərə alaraq onu Xarici İşlər Xalq Komissarlığında işə götürür, sonra SSRİ-nin İtaliyadakı səfirliyinə attaşe göndərir.
Bildirilir ki, xeyli müddət diplomatik sahələrdə çalışan Ənvər Məmmədov sonralar “Sovetski Soyuz” jurnalının baş redaktoru olur. Daha bir neçə il ötür, onu Moskva Beynəlxalq radiosunun Amerika, Kanada və Latın Amerikası redaksiyasının baş redaktoru vəzifəsinə təyin edirlər. Qısa müddətdən sonra həmin radioya rəhbərlik edir. 1962-ci ildə SSRİ Televiziya və Radio Verilişləri Komitəsinin sədr müavini vəzifəsinə təyin olunur. O, “Mayak” informasiya və musiqi radiostansiyası yaratmaq ideyasını irəli sürəndə Kremldə bu təklifi müsbət qarşılamırlar. Aleksandr Yakovlevin dəstəyi ilə bu ideyanın həyata keçməsinə nail olur.
1970-ci ildə isə Ənvər Məmmədov SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsində televiziya üzrə birinci müavini vəsifəsinə irəli çəkilir. Həmin illəri xatırlayan həmkarları yazırlar ki, Ənvər Nazimoviç Mərkəzi Komitənin məsul işçiləri ilə, hətta Siyasi Büronun üzvləri ilə də telefonda çox sərbəst danışır, heç vaxt sıxıntı keçirmirdi. Qürurunu gözləyirdi, vüqarını qoruyurdu. O da vurğulanır ki, Valentin Zorin, Vladimir Dunayev, Aleksandr Bovin, İqor Fesunenko kimi məşhur jurnalistlər, beynəlxalq miqyasda yaxşı tanınan nüfuzlu siyasi icmalçılar Ənvər Məmmədovun rəhbərliyi altında işləyirdilər.
Bəli, Azərbaycan xalqının intellektual səviyyəsini, istedad və qabiliyyətini, yaradıcılıq və idarərəetmədəki nailiyyətlərini bütün dünyaya, xüsusən, türkofobiya və Azərbacanofobiyadan əziyyət çəkən bədxahlarımıza göstərən Kərim Kərimov, Lütfizadə və Ənvər Məmmədov kimi tarixi şəxsiyyətlərimizin qiymətini zaman verir. Onların yoluna kötük diyirləndirənlər olanda belə, zaman həmin maneələri götürüb kənara atır. Sovet diplomatiyasında və teleməkanında sırf özünəməxsus mövqeyi olan Ənvər Məmmədov 50 milyonluq Azərbaycan xalqının iftixar duyduğu şəxsiyyətlərdən biridir.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

