Teatr Forumunun yekunları və milli səhnəmizdən gözləntilərimiz

post-img

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı ilə ölkəmizdə ilk dəfə keçirilmiş "Azərbaycan teatrı - 150: inkişaf perspektivləri" adlı Teatr Forumu artıq tarixə çevrildi. Çözülən məsələlər, qarşıya qoyulan vəzifələrsə teatrımızın zaman axarında irəliləyişində “baqaj” olmaqda davam edəcək və səslənmiş ideyalar qarşıdakı dövrdə yola işıq saçacaq. 

Forumun açılışında hələ mədəniyyət nazirinin birinci müavini olan, iki gün son­ra – aprelin 14-də isə Prezident sərən­camı ilə nazir vəzifəsinə təyin edilən Adil Kərimli qeyd edib ki, bu gün mədəniyyə­tin dayanıqlı inkişafı dövlətimizin başçı­sı İlham Əliyevin diqqət mərkəzindədir, həmçinin Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında, uğur qazanma­sında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. 

Teatr sahəsinin daim yenilənməsinin, zamanın çağırışlarına cavab verməsinin vacibliyi vurğulanıb, bu sahədə kadr ha­zırlığının əhəmiyyəti qeyd edilib. Forum boyu çıxışların başlıca leytmotivi bu olub ki, teatrda əsaslı inkişafın təməli cari və­ziyyətin təəssübkeş təhlili, problemlərin sistemləşdirilməsi və bunların əsasında əməli həll yollarının müəyyənləşdirilmə­sidir. 

Məhz teatr adamlarının bir araya gəl­məsi və sahənin daha da inkişafı üçün bu platformadan istifadə edilməsi diqqətəla­yiq idi. Çünki çoxdan idi ki, peşəkarların problemləri birlikdə və hərtərəfli sərf-nəzər etmək imkanı olmamışdı. 

Bəs, Teatr Forumu yaddaqalan mə­dəniyyət hadisəsinə çevrildimi? Əlbəttə, bu barədə indidən qəti hökm vermək çətindir. Amma A.Kərimli mədəniyyətin müxtəlif istiqamətlərinə həsr olunmuş bu cür forumların davamlı keçiriləcəyini diqqətə çatdıraraq bildirib ki, ilin sonunda ümumi Mədəniyyət Forumu təşkil edilə­cək. Əməli nəticələr göründükcə yekun fikir də formalaşacaq. Forumdakı çıxışlar və iştirakçıların müsahibələri də hamının bu kimi tədbirlərdən əməli nəticələr um­ması baxımından diqqət çəkirdi. 

Məruzəçi, professor Məryəm Əliza­də, panel müzakirələrdə çıxış edən yazı­çı-dramaturq Əli Əmirli, teatrşünas İlham Rəhimli, Şuşa Dövlət Musiqili Dram Teat­rının baş rejissoru Loğman Kərimov ulu öndərin teatra qayğısının gözəl ənənəyə çevrildiyindən, səhnə sənətinin inkişafın­da yeni tendensiya və hədəflərdən, milli dramaturgiyadan, müasir teatr tənqidin­dən, təyinat məsələləri və tamaşalarda rol alan uşaq aktyorların gələcək inkişa­fından bəhs edib, teatrların kommunal ödənişlərdən azad olunması və teatr jur­nalının təsis edilməsi ilə bağlı təkliflər irəli sürüblər. 

Forumun ikinci günü panel müza­kirələrdə "Milli teatrın inkişaf strategiyası", "Auditoriya tələbinin formalaşdırılması və tamaşaçı axınının stimullaşdırılması", "Marketinq və reklam strategiyası" və digər mövzular müzakirə olunub. Panto­mima Teatrının rəhbəri Bəxtiyar Xanıza­də, Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, "M teatr"ın rəhbəri Vidadi Həsənov, "dOM" teatrının rəhbəri Tərlan Rəsulov, YUĞ Teatrının baş rejis­soru Gümrah Ömər və "ƏSA" teatrının rəhbəri Nihad Qulamzadə fikirlərini bölü­şüblər. Fikir mübadilələri türkiyəli qonaq Mustafa Kurt, Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski, Mədəniyyət və İncəsənət Universitetinin fakültə dekanı Böyükxanım Talıbova, Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli, Gənc Tamaşaçılar Teat­rının rejissoru Nicat Kazımov, Akademik Musiqili Teatrın quruluşçu rejissoru İradə Gözəlova və teatrşünas Dağlar Yusifin iş­tirakı ilə gerçəkləşib. İştirakçıların sualla­rı cavablandırılıb, təkliflər dinlənilib. Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar ar­tist İntiqam Soltan və başqaları teatrlarla bağlı qanunlardan və onların icrasında boşluqların olmasından danışaraq bildi­riblər ki, mədəniyyət sahəsində islahatla­ra teatrdan başlanılmalıdır. 

Forum günlərində aparılan fikir mü­badiləsi və müzakirələr əsasında topla­nan təkliflərin "Azərbaycan mədəniyyəti: 2020-2040 dövlət strategiyası" ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alı­nacağı bildirilib.

Forum haqqında tanınmış ziyalıların bəzi fikirlərini təqdim edirik. 

Nurəddin Mehdixanlı, Xalq artisti: “Forumdakı çıxışımda dedim ki, bəlkə də bu, Azərbaycan teatr sənətinin son döngədə sonuncu şansıdır. Teatr sənəti ya bu döngədə xilas olacaq, ya da hər şey olduğu kimi davam edəcək. Yəni heç bir şey dəyişməyəcək. Heydər Əliyev Mərkəzində keçirilən bu tədbir Azər­baycanın mədəniyyət tarixi və taleyində olduqca önəmli bir məqamdır. İllərdən bəri yığılmış və deyilməsinə cəsarət edil­məyən məsələlər burada müzakirə edi­lir, həll yolları axtarılır. Teatr canlı orqa­nizmdir. Biz bilirik haramız ağrıyır, ancaq özümüz özümüzü sağalda bilərik. Forum dayanmış, yolunu müəyyən mənada tap­maqda çətinlik çəkən teatrın yolunu doğ­ru müəyyən etməkdə bizə kömək olacaq. Bir milləti var edən onun mədəniyyətidir. İnanıram ki, çox şey yaxşı istiqamətdə dəyişəcək”.

İlqar Fəhmi, AYB-nin katibi: “Əgər əvvəllər bu tip tədbirlərdə nazirliyin rəhbər­liyi yalnız açılışda iştirak edib gedirdisə, bu dəfə belə olmadı. Başda Mədəniyyət naziri Adil Kərimli olmaqla, rəhbər heyət forumun hər iki günü müzakirələrdə iştirak etdi, problemləri birbaşa özü dinlədi... Tə­bii ki, bu situasiya sənət adamlarının da inamını artırmışdı, çünki öz problemlərini sadəcə özləri danışıb özləri dinləmirdilər. Onları diqqətlə dinləyən vardı. Təbii ki, müzakirələr zamanı müəyyən ziddiyyətli fikirlər, mübahisələr də müşahidə olundu ki, bunu da təbii hal kimi qəbul edirəm”.

Cavid İmamverdiyev, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru: “Teatr Forumunun keçi­rilməsi sevindiricidir. Forumdan sənətin inkişafı naminə gözləntilərimiz çoxdur. Çıxış və müzakirələrdə bir çox maraqlı fikirlər səsləndi. Mülahizələrimizi bölüş­dük və bir çox suallara cavab tapdıq. Bu tədbir bizim üçün bir imkandır ki, teatr sənəti inkişaf etsin. Forumun keçirilməsi vacib bir yenilikdir, çünki bu, gələcəkdə bizə böyük imkanlar yaradacaq. Akade­mik Musiqili Teatr tərəfindən də təkliflər irəli sürülüb və ümidvarıq ki, onlara baxı­lacaq”.

Dağlar Yusif, teatrşünas, Azərbay­can Teatr Xadimləri İttifaqı Yaradıcılıq şöbəsinin müdiri: “Mən də Forumda çıxış etdim və əsas diqqəti bölgə teatr­larının repertuar siyasəti və iş şəraitinə yönəltdim. İttifaqla bölgə teatrları arasında əlaqələrin möhkəmləndirilməsi istiqamə­tində görülən işlərə nəzər yetirdim”.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Sosial həyat