Beş ildən çoxdur ki, “İrs” Beynəlxalq Azərbaycan jurnalı milli mədəniyyət və incəsənətimizin xaricdə təbliği ilə məşğul olur. İndiyədək bu dərgi dəfələrlə türk, alman, ivrit, fransız, rus, ərəb, amhar (Efiopiya), Vyetnam, italyan, ispan və sair dillərdə çapdan çıxıb. Bu günlərdə isə “İrs” növbəti dəfə Çin və yapondilli oxuculara təqdim edilib.
Jurnalın budəfəki buraxılışlarında da ən mühüm mövzu Qarabağdır. Şuşa haqqında, eyni zamanda, Ağdam şəhəri, onun erməni işğalçılar tərəfindən “Qafqazın Xirosiması”na çevrilməsi, hazırda aparılan quruculuq işləri ilə bağlı oxuculara geniş məlumat verən məqalələr yer alıb. Yaponiyanın region üzrə tanınmış mütəxəssisi, professor Akira Matsunaqa məqaləsində Qarabağ münaqişəsi, Azərbaycanın Zəfəri və ərazilərinin bərpası, o cümlədən Ermənistanla sülh danışıqları mövzularına toxunub. “İrs”in bu nömrəsində qədim Azərbaycan torpağı olan Zəngəzur mahalının Ermənistana verilməsinin tarixindən, Ermənistan Respublikası ərazisində, habelə işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın mədəni irsinin məhv edilməsindən söz açılır. Rusiyalı jurnalist Andrey Vasilyevin azad edilmiş Şuşadan hazırladığı reportaj, Çinin Azərbaycandakı səfiri xanım Qo Minin iki ölkənin münasibətlərindən bəhs edən məqaləsi, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlunun iki ölkənin iqtisadi-ticari münasibətlərinə və Azərbaycanın iqtisadi imkanlarına, investisiya mühitinə dair məqaləsi də jurnalın səhifələrinə daxil edilib.
Yapon nüsxəsində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi və əlaqələrin dinamikası haqqında Yaponiyanın Azərbaycandakı sabiq səfiri Toşiyuki Fucivaranın məqaləsi əhatəlidir. Yazıda xüsusilə 1998-ci ildə ulu öndər Heydər Əliyevin Yaponiyaya səfərinin tarixi önəmi vurğulanır.
Azərbaycanda yaşamış çinli müəllimin ölkəmiz haqqında təəssüratlarının və Bakıdakı Müasir İncəsənət Muzeyi haqqında məqalənin də maraqla qarşılanacağı şübhəsizdir. Bundan başqa, ölkəmizdə çalışan diplomatlardan birinin həyat yoldaşı Azərbaycan mətbəxi ilə bağlı məqaləsində yapon oxucuları zəngin mətbəximizlə tanış edir, müxtəlif regionların mətbəx nümunələrini əks etdirən fotoları ilə dolğun şəkildə söz açır. Jurnallarda Azərbaycanın turizm potensialına da işıq salınıb.
Qeyd edək ki, “İrs” jurnalının əcnəbi dillərdə versiyaları oxucuların Azərbaycan haqqında reallıqları ilk mənbədən öz dillərində oxuması baxımından önəmlidir. Jurnalın nüsxələri elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndərilir, parlament nümayəndələrinə, habelə ölkəmizin səfirliklərinin keçirdiyi tədbirdə qonaqlara təqdim edilir.
Hazırladı: Ə.ƏLİYEV, “Xalq qəzeti”