Əməkdaşımızın səfər təəssüratı
Xocavənd qəhrəmanlığından 26 il ötür
...Mediaturun iştirakçıları olaraq 30 il düşmən əsarətində qalan, Vətən müharibəsində isə ordumuzun uğurlu əks-hücum əməliyyatı nəticəsində işğaldan azad edilən Xocəvəndin Yuxarı Güzlək kəndindəyik. Bizi qarşılayan general-mayor Mayis Bərxudarovla birlikdə kəndin aşağısındakı bulağın başına gəlirik. 7 igid kəşfiyyatçımızın qəhrəmanlıq salnaməsinin son səhifəsi, şəhidlik zirvəsi olmuş yerə toplaşırıq. Son döyüşün şahidi olmuş “gözüyaşlı” bulağın yanındakı lövhədən “boylanan” igidlərin xatirələrini dərin hüzn, böyük ehtiram və hədsiz öyünclə yad edirik.
Gənc kəşfiyyatçıların savaşdan əvvəl çəkilmiş şəkilləri nələr demir? O vaxt gözlərində donub qalmış gənclik şövqü, üzlərindəki kövrək təbəssüm Vətən savaşı zamanı baxışlarında düşmənə nifrətə, çöhrələrində dəmir niqaba çevriləcəkmiş... O zaman bu fotoların gənc sahibləri döyüşə atılmayıblar, lakin düşməni əzmək, işğalda olan torpaqları azad etmək arzusu ilə yaşayıblar, hərb elminin sirlərini öyrəniblər... İndisə bu gənclərin ailə üzvləri, doğmaları, dostları onların vaxtilə çəkilmiş şəkillərindəki gülümsər, arzu dolu çöhrələrinə baxıb, ötənlərdə olmuş görüşlərini, söhbətlərini kövrələ-kövrələ xatırlayırlar…
***
I Qarabağ müharibəsini dayandıran atəşkəs haqqında müqavilədən sonra ağır döyüşlərə də ara verilmişdi. Ordumuz isə xəyanətkar düşmənin təmas xəttindəki hərəkətlərini daim nəzarətdə saxlayır, işğalçının qəfil hücumlarının qarşısını almaq üçün sərvaxtlığını itirmir, əhəmiyyətli kəşfiyyat tapşırıqları yerinə yetirirdi.
Bax, belə bir vaxtda, bəlkə də, dünya hərb tarixində görünməyən bir hadisə baş verir: 1997-ci ilin aprel ayında 8 xüsusi təyinatlı kəşfiyyatçımız cəbhənin 30-40 kilometr dərinliyinə, düşmənin arxa cəbhəsinə sızıb Xocavənddə, Hadrutda olduqca əhəmiyyətli kəşfiyyat tapşırığını uğurla yerinə yetirir. Bundan sonra geri dönən kəşfiyyat qrupu gözlənilməz halda düşmənlə üz-üzə gələrək mühasirəyə düşür və başlanılan döyüşdə, əsasən də, gecə saatlarında düşmən mövqelərinə ciddi zərbələr endirir, işğalçını canlı qüvvə və texnika sarıdan ciddi itkiyə məruz qoyur.
3 gün davam edən qeyri-bərabər mübarizədə qrup üzvü Aqil Əhmədov ağır yaralanır və huşsuz, anlaqsız vəziyyətdə əsir götürülür. Digər 7 kəşfiyyatçımız isə mühasirə həlqəsi getdikcə daraldığından, sursat tükəndiyindən erməni quldurlarının xəyalına gətirmədiyi bir qərar verir: gülləsiz qalmış avtomatlar mübarizəni davam etdirməyə yaramadığından son qumbara ilə silah qarışıq özlərini partladırlar.
Beləliklə, leytenantlar Elxan Ağayev, Vüqar Yarəhmədov, çavuşlar Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov və Fariz Cavadovdan ibarət kəşfiyyatçı qrupu düşmənə təslim olmamaları ilə mənəvi qələbə çalaraq qəhrəmanlar kimi əbədiyyətə qovuşurlar. Hərb salnaməmizə, dünya savaş tarixinə daha bir hünər nümunəsi yazılır. Nəyin bahasına olursa-olsun, kəşfiyyatçılarımızı əsir almaq istəyən düşmən bu qəhrəmanlığın qarşısında aciz və əliboşda qalır.
Aqil Əhmədov isə əvvəlcə Hadruta, oradan isə Xankəndinə gətirilir, öz vətənində “haqq-ədalət” məhkəməsinə çəkilir, barəsində güllələnmə qərarı çıxarılır. Ulu öndər Heydər Əliyevin səyi ilə uzun müddətli danışıqlardan sonra Aqil Vətənə qaytarılır. Yeri gəlmişkən, o, bugünədək ürəyində düşmən qəlpəsi gəzdirir. İşğalçıya mərdlik, mübarizlik və vətən sevgisi ilə üstün gəlmiş 7 şəhid kəşfiyyatçımızın nəşi isə 6 ay çəkən danışıqlardan sonra geri alınır. Onlar ölümlərindən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif olunur, ikinci Fəxri xiyabanda torpağa tapşırılırlar.
Ehtiyatda olan polkovnik, “Azərbaycan bayrağı” ordenli, şəhid kəşfiyyatçıların komandiri və əməliyyata rəhbərlik etmiş Xətai Baxışov deyir:
– Qəhrəman kəşfiyyatçılarımızın il mərasimlərində, digər vaxtlarda valideynləri və doğmaları ilə birgə Fəxri xiyabanda məzarlarını ziyarət edir, daha sonra əbədiyyətə qovuşduqları Xocavəndin Yuxarı Güzlək kəndində xatirələrinə həsr olunan toplantılara qoşuluram.
Şəhid kəşfiyyatçıların əməliyyat komandiri söhbətinin davamında igidlərimizin son fəaliyyəti barədə qürurla danışır, onların tapşırığı uğurla yerinə yetirmələrindən, bu barədə komandanlığa vaxt itirmədən məlumat vermələrindən, geri döndükdə isə mühasirəyə alınsalar da düşmənə Azərbaycan əsgər və zabitlərinin nəyə qadir olmalarından, döyüş və kəşfiyyat tapşırıqlarını necə şərəf və ləyaqətlə yerinə yetirmələrindən söz açır. Keçmiş hərbçi kəşfiyyatçıların qrup halında özlərini partladaraq düşmənə əsir düşməmələrini isə dünya hərb tarixində bənzərsiz hadisə kimi dəyərləndirir və bunun düşmənə sarsıdıcı təsir göstərdiyini söyləyir.
Yeri gəlmişkən, Xosavənddə keçirilən xatirə mərasimində çıxış edən ehtiyatda olan polkovnik Xətai Baxışov kəşfiyyatçılarımızın özlərini partlatdıqdan sonra düşmənin öz əsgərlərinə şəhidlərimizin qəhrəmanlığını, şücaət və qorxmazlığını nümunə göstərdiyini, onların basdırıldığı bu yerdən düşmənin həmişə qorxa-qorxa keçdiyini deyir...
Şəhid kəşfiyyatçı Dinar İbrahimovun anası Firəngiz Mustafayeva bildirir:
– Artıq üçüncü ildir ki, oğlumun və döyüş yoldaşlarının şəhidlik zirvəsinə ucaldıqları bu torpağa qədəm basıb bu yerləri görməklə daxilimdə bir rahatlıq tapıram. İnanın, illərdir ki, oğlumun qəhrəmancasına şəhid olduğu bu məkana gəlmək, bu ərazini gözlərimlə görmək arzu-istəyilə yaşamışam.
Düzdür, bu qəhrəmanların ziyarət yerləri – məzarları var. Ancaq həmişə arzulamışam ki, biz doğmaları onların qanları tökülən, şəhadətə qovuşduqları yerdə, son dəfə nəfəs aldıqları məkanda olaq, nişanələri ziyarət edək. Çox şükür Allaha, bu bizə nəsib oldu, biz bu yerlərə gələ bildik. Ötən dəfə gələndə yol-iz problem ilə üzləşmişdik. İndi isə rahat yol da var. 26 il bu yerlərin arzusu ilə yaşamışıq. 7 vətən oğlunun, 7 igidin əbədiyyət ünvanı bugünün müqəddəs and yerlərindən biridir.
Şəhid Fariz Cavadovun qardaşı Eyvaz deyir:
– Farizin kəşfiyyatçı olduğunu, kəşfiyyata getdiyini evdə heç kim bilmirdi. Amma sonralar öyrəndim ki, qardaşım cəsur, fədakar, günün istənilən vaxtında etibarlı, qorxmaz silahdaşları ilə düşmənin arxasına sızmağı və qiymətli məlumatlarla geri qayıtmağı bacaran kəşfiyyatçı olub.
Adamlar var ki, çətinlikdən çəkinir, dara düşəndə qorxur, sınır. Amma Farizin iradəli, ürəkli olması, fiziki hazırlığı bu sahədəki fəaliyyətinin ilk dövründəcə üzə çıxır. Farizgilin o zaman cəbhə bölgəsindən çox uzaq bir məsafədə yerləşən bu əraziyə– Xocavəndin Yuxarı Güzlək kəndinə dağların arası ilə piyada gəlib kəşfiyyat aparmaları, döyüş tapşırığını yerinə yetirmələri də bunun bariz ifadəsi kimi diqqət çəkir.
Fariz dəfələrlə Ermənistan ordusunun arxasına keçərək qiymətli məlumatlarla geri qayıdıb. Sonuncu tapşırıqdan geri dönməyəndə hərbi hissədə qardaşımın həlak olmasına bir kimsə belə inanmayıb. Sonradan cəsur kəşfiyyatçının şəhid olması silahdaşlarının, onu tanıyanların hər birini yetərincə üzüb, bu ağır itki hamını sarsıdıb.
Aradan 26 il keçməsinə baxmayaraq, Farizin əziz xatirəsi bu gün də doğmaları, silahdaşları, hərbi hissənin veteranları tərəfindən uca tutulur, hər il ehtiramla yad olunur, məzarı önünə əklil qoyulur, ruhuna hörmət ifadə olunur.
Şəhid kəşfiyyatçı Vüqar Yarəhmədovun anası Elza Yarəhmədova xatırladır:
– Vüqar hələ orta məktəbdə oxuyarkən hərbçi olmaq istəyirdi. Bu istəklə də Bakı Ali və Ryazan Ali Hava Desant Komandanlığı məktəblərini bitirmişdi, xüsusi təyinatlı hərbi hissədə qulluq edirdi. Tabeliyindəki əsgərlərə böyük sevgi ilə yanaşırdı. Hətta bayram günlərində evdə hazırlanan şirniyyatları hərbi hissədəki əsgərlərinə sovqat kimi paylamaqdan xüsusi zövq alırdı... Toy günündə hərbi formada olması da onun peşəsinə sevgisinin göstəricisi idi.
Elza xanım söhbətinə onu da əlavə edir ki, Vüqarın şəhid olmasından sonra dünyaya gələn oğluna Vüqar adı qoyulur.
Xatirə mərasimində iştirak edən şəhid kəşfiyyatçının adaşı–25 yaşlı oğul Vüqar Yarəhmədov bildirir:
– Atamın şəhadətə yüksəlməsindən 6 ay sonra dünyaya gəlmişəm... Onun və döyüş yoldaşlarının şəhid olmalarından 26 il keçir. Onların igidlikləri, qəhrəmanlıqları dastanlara sığmır. Vətən müharibəsindən sonra bu müqəddəs məkana qədəm qoymağımızla özümüzdə bir rahatlıq tapmışıq… Uşaqlıqdan bu yerlərin arzusu, xəyalı ilə yaşayıb, böyümüşəm. Artıq üçüncü dəfədir ki, buranı, bu müqəddəs torpağı ziyarətə gəlirəm. Həyatda ən böyük qorxum o idi ki, nə vaxtsa bu torpaqları ziyarət nəsibim olmaz. Şükürlər olsun ki, Ali Baş Komandanın əmri, Allahın izni, əsgər və zabitlərimizin əzmi, iradəsi ilə torpaqlarımız düşməndən təmizləndi.
Vüqar Yarəhmədov daha sonra deyir ki, həyatı dərk edəndən sonra atasının qəhrəmanlığı haqda çox düşünüb: “Uşaq vaxtlarımdan indiyədək atamın məzarını ziyarət edib, torpağı öpüb bağrıma basmışam. Həmişə atamın xatirəsini qəlbimdə yaşatmışam. Bu gün biz daxilən rahat, başımız dikdir. Şəhidlərimizin də ruhları şaddır. Bir daha bu torpaqlara düşmən ayağı dəyə bilməz…”.
Əməliyyatda sağ qalan Xüsusi Təyinatlı Kəşfiyyat Qrupunun üzvü Aqil Əhmədov isə keçdiyi ağır, çətin döyüş yolu haqqında danışır:
– Üç gün Hadrut-Horadiz istiqamətində vuruşan qrupumuz əməliyyatın sonuncu günü tapşırığı yerinə yetirib geri dönməyə hazırlaşırdı. Biz gecələr yekun hazırlıq işlərini yoxlayır, gündüzlər isə kolların içində, həmçinin bir metr dərinliyi olan, üç nəfərin gizlənə biləcəyi səngərdə dağınıq şəkildə gizlənməyə çalışırdıq. Sonuncu gün tapşırığı yekunlaşdırıb geri qayıtmalı olan kəşfiyyat qrupumuz səhər açıldığından axşama kimi burada gizlənib gecə yola düşməyi qərara aldı. Qrup təhlükəsizlik baxımından etibarlı sayılan həmin kolluq olan ərazidə daldalanmaq qərarına gəldi…
…Döyüşçülərdən Vüqar Yarəhmədov onlara sarı iki düşmənin gəldiyini söyləyir. Açılan atəş nəticəsində bir erməni əsgəri ölür, digəri isə yaralanıb təpənin arxasına keçə bilir. Belə olan halda komandirin əmri ilə kəşfiyyat qrupu səngərin içinə doğru gedir. Bir müddət sonra 50–60 nəfər erməni əsgərinin onlara sarı gəldiyini görən qrup komandir Elxan Ağayevin tapşırığı ilə dağılmış kəndə tərəf üz tutur. Həmin vaxt Aqil Əhmədov döyüş yoldaşı Nizami Həsənovun əlində olan PK-nı götürüb atmaq istəyəndə komandir icazə vermir və bildirir ki, etibarlı mövqe seçmək lazımdır, daha sonra atışmaya başlamaq olar.
Qarşıda iki təpədən birinə–daha yaxın olanına istiqamət götürən kəşfiyyat qrupu düşmən güllələrinə məruz qaldığından istiqaməti dəyişərək digər təpəyə üz tutur. Daldalanmaq üçün təhlükəsiz yer axtaran qrup uçub-dağılmış evlərin olduğu əraziyə çatır. Qarşıdan üç nəfər erməni zabitinin gəldiyini görən kəşfiyyat qrupu yanmış evin zirzəmisində gizlənir, nəticədə erməni zabitlərinin gülləsindən yayına bilir. Az sonra qrup üzvü Dinar Mustafayev düşmən əsgərlərinin onları gördüyünü xəbər verir. Həmin vaxt düşmən əsgərləri tərəfindən atəşə tutulurlar. Komandir döyüş əmrini verir. Döyüşdə Aqil Əhmədov ağır yaralanaraq huşunu itirir və əsir düşür. Kəşfiyyat qrupunun digər 7 üzvü isə düşmən əlinə keçməmək üçün özlərini qranatla partladır…
Son olaraq…
Beləliklə, 1997-ci il aprel ayında Qarabağa – düşmənin arxasına göndərilən 8 nəfərdən ibarət kəşfiyyat qrupu təmas xəttindən böyük məsafə qət edərək irəli keçməklə xüsusi tapşırığı yüksək səviyyədə yerinə yetirib. Lakin qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlanıb və düz 3 gün ermənilərin mühasirəsində müxtəlif manevrlər edərək döyüşüb. Əsasən də gecələr ermənilərin mövqelərinə ciddi zərbələr vurub.
Həmin döyüşlər gedən zamanı əraziyə ermənilərin danışıqlarını izləmək məqsədilə Bakıdan döyüş bölgəsinə aparılan xüsusi maşın düşmənin radiodanışıqlarından nə baş verdiyini müəyyənləşdirə bilib. Mühasirə həlqəsi daralan kəşfiyyatçı qrup ermənilərə çox ciddi zərbələr vurub. Erməni tərəfi həm xeyli canlı qüvvə, həm də texnika itirib… Mühasirə tam daraldıqda isə düşmən onları təslim olmağa çağırıb. Amma kəşfiyyatçı qrup bu təklifi rədd edərək sona qədər döyüşüb, düşmənin niyyətini gözündə qoyub.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Bakı–Xocavənd–Bakı




