Diqqətinizə çatdırdığımız fotonun arxasında yalnız “İyul–98” yazılıb. Mənim “əl işimdir”. Şəkil Yasamal rayonundakı o vaxt çoxlarının həm də istirahət yeri olan “Məhsul” stadionunda lentə alınıb. Fotonun müəllifi isə yadımda deyil. Yəqin elə özümüzünkilərdən biri olub. Amma şəkil iyul ayında çəkilibsə, asanlıqla bu qənaətə gəlmək olar ki, onda Milli Mətbuat Gününə həsr edilən futbol turniri keçirilmiş və onun mükafatları uğrunda mübarizə aparan komandalar arasında “Xalq qəzeti”nin təmsilçisi də olmuşdur.
Həmin yarışda komandamız mükafatçılar sırasında yer tuta bilməsə də, buna çox da məyus olmadıq. Əvvəla, qalib komandalar turnirə daha yaxşı hazırlaşmışdılar, ikincisi də başlıcası yarışda iştirak etmək idi. Gərgin iş günlərindən sonra yaşıl meydanda maraqlı görüşlər gənc həmkarlarıma yıxılıb-durmaqla, tər tökməklə həm fiziki hazırlıqlarını yoxlamaq, həm də bəzən böyük futboldakı kimi ürəkdən qol sevinci yaşamaq imkanı verirdi. Uğursuzluğa görə isə istər-istəməz məğlubiyyət acısı yaşanırdı.
“Xalq qəzeti”nin 15 nəfərdən ibarət 25 yaşlı komandasından indi redaksiyada yalnız dörd nəfər çalışır – qapıçı və iqtisadiyyat şöbəsinin əməkdaşı Mirbağır Yaqubzadə (şəkildə ayaq üstə duranlar sırasında sağdan ikinci), İlham Abbasov (oturanlar sırasında sağdan ikinci, mədəniyyət şöbəsi), İlqar Rüstəmov (həmin sırada sağdan beşinci, məsul katib) və onun sağında məsul katibin müavini Qabil Əliyev.
Komandamız yenə meydandadır. Böyük futboldan fərqli olaraq, bu dəfə onun “kiçik qardaşı” mini-futbol meydançasında.
Respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində idmanın, o cümlədən futbolun inkişafına böyük qayğı göstərmiş, elə buna görə də xatirələrdə Azərbaycan idmançılarının ən yaxın dostu kimi yaşayan ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dövlət qurumları arasında keçirilən turnirdə iştirak edən “Xalq qəzeti”nin komandasında 25 il əvvəlki heyətlə müqayisədə indiki heyətdə həmin kollektivdən az oyunçu var, çoxları qəzetin sonrakı nəslinin nümayəndələri, yeni əməkdaşlardır. Elə komandanın rəhbəri – baş redaktor Əflatun Amaşov da “Xalq qəzeti” redaksiyasına bu yaxınlardan, səhv etmirəmsə, yeddi-səkkiz aydır başçılıq edir.
Turnirin startı bizimkilər üçün uğursuz olmuş, Nəsimi Rayon İcra Hakimiyyətinin komandası ilə görüşdə məğlubiyyət qeydə alınmışdır. Amma vəziyyəti düzəltmək, qrupda ilk iki yerdən birini tutmaq, növbəti mərhələdə mübarizəni davam etdirmək üçün hələ imkan var. Qarşıdakı iki görüşdə qalib gəlməklə məqsədə çatmaq olar. Hətta bu mümkün olmasa da üzülmək lazım deyil. Əsas məsələ, yuxarıda dediyimiz kimi, belə turnirlərdə iştirakdır.
Bir də ki, ulu öndərin bu sözlərini heç vaxt unutmayaq: “İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir. İdmanla məşğul olan hər bir şəxs həm özünün fiziki sağlamlığını təmin edir, həm də ki, cəmiyyətdə idmanın, bədən tərbiyəsinin insan üçün nə qədər lazımlı olduğunu sübut edir”.
Həyat davam edir, qarşıdan 22 iyul-- mətbuatımızın növbəti bayram günü gəlir. Hələlik isə səkkiz komandanın iştirakı ilə keçirilən yubiley turnirinin gedişini izləməkdə davam edək. “Xalq qəzeti” komandasının ikinci oyunu təqvimdə aprelin 13-nə təyin edilib. Həlledici final görüşünün mayın 2-də keçiriləcəyini də diqqətə çatdıraq. Yubiley turnirinin qalib və mükafatçıları məhz həmin gün təbrikləri qəbul edəcəklər.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist


