25 il əvvəlki və indiki komandamız

post-img

Diqqətinizə çatdırdığımız fotonun arxasında yalnız “İyul–98” yazılıb. Mənim “əl işimdir”. Şəkil Yasamal rayonundakı o vaxt çoxlarının həm də istirahət yeri olan “Məhsul” stadionunda lentə alınıb. Fotonun müəllifi isə yadımda deyil. Yəqin elə özümüzünkilərdən biri olub. Amma şəkil iyul ayında çəkilibsə, asanlıqla bu qənaətə gəlmək olar ki, onda Milli Mətbuat Gününə həsr edilən futbol turniri keçirilmiş və onun mükafatları uğrunda mübarizə aparan komandalar arasında “Xalq qəzeti”nin təmsilçisi də olmuşdur.

Həmin yarışda komandamız mükafat­çılar sırasında yer tuta bilməsə də, buna çox da məyus olmadıq. Əvvəla, qalib ko­mandalar turnirə daha yaxşı hazırlaşmış­dılar, ikincisi də başlıcası yarışda iştirak etmək idi. Gərgin iş günlərindən sonra yaşıl meydanda maraqlı görüşlər gənc həmkarlarıma yıxılıb-durmaqla, tər tök­məklə həm fiziki hazırlıqlarını yoxlamaq, həm də bəzən böyük futboldakı kimi ürəkdən qol sevinci yaşamaq imkanı ve­rirdi. Uğursuzluğa görə isə istər-istəməz məğlubiyyət acısı yaşanırdı.

“Xalq qəzeti”nin 15 nəfərdən ibarət 25 yaşlı komandasından indi redaksiya­da yalnız dörd nəfər çalışır – qapıçı və iqtisadiyyat şöbəsinin əməkdaşı Mirbağır Yaqubzadə (şəkildə ayaq üstə duranlar sırasında sağdan ikinci), İlham Abbasov (oturanlar sırasında sağdan ikinci, mə­dəniyyət şöbəsi), İlqar Rüstəmov (həmin sırada sağdan beşinci, məsul katib) və onun sağında məsul katibin müavini Qa­bil Əliyev.

Komandamız yenə meydandadır. Bö­yük futboldan fərqli olaraq, bu dəfə onun “kiçik qardaşı” mini-futbol meydançasın­da.

Respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində idmanın, o cümlədən futbo­lun inkişafına böyük qayğı göstərmiş, elə buna görə də xatirələrdə Azərbaycan idmançılarının ən yaxın dostu kimi yaşa­yan ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dövlət qurumları arasında keçirilən turnirdə iştirak edən “Xalq qəzeti”nin komandasında 25 il əv­vəlki heyətlə müqayisədə indiki heyətdə həmin kollektivdən az oyunçu var, çoxları qəzetin sonrakı nəslinin nümayəndələri, yeni əməkdaşlardır. Elə komandanın rəh­bəri – baş redaktor Əflatun Amaşov da “Xalq qəzeti” redaksiyasına bu yaxınlar­dan, səhv etmirəmsə, yeddi-səkkiz aydır başçılıq edir.

Turnirin startı bizimkilər üçün uğursuz olmuş, Nəsimi Rayon İcra Hakimiyyəti­nin komandası ilə görüşdə məğlubiyyət qeydə alınmışdır. Amma vəziyyəti düzəlt­mək, qrupda ilk iki yerdən birini tutmaq, növbəti mərhələdə mübarizəni davam et­dirmək üçün hələ imkan var. Qarşıdakı iki görüşdə qalib gəlməklə məqsədə çatmaq olar. Hətta bu mümkün olmasa da üzül­mək lazım deyil. Əsas məsələ, yuxarıda dediyimiz kimi, belə turnirlərdə iştirakdır.

Bir də ki, ulu öndərin bu sözlərini heç vaxt unutmayaq: “İdman insanları həm fi­ziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir. İdmanla məşğul olan hər bir şəxs həm özünün fiziki sağlamlığını tə­min edir, həm də ki, cəmiyyətdə idmanın, bədən tərbiyəsinin insan üçün nə qədər lazımlı olduğunu sübut edir”.

Həyat davam edir, qarşıdan 22 iyul-- mətbuatımızın növbəti bayram günü gəlir. Hələlik isə səkkiz komandanın işti­rakı ilə keçirilən yubiley turnirinin gedişi­ni izləməkdə davam edək. “Xalq qəzeti” komandasının ikinci oyunu təqvimdə aprelin 13-nə təyin edilib. Həlledici final görüşünün mayın 2-də keçiriləcəyini də diqqətə çatdıraq. Yubiley turnirinin qalib və mükafatçıları məhz həmin gün təbrik­ləri qəbul edəcəklər. 

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist



İdman