Orqanizmdə baş verən dəyişikliklər müxtəlif xəstəliklərin xəbərçisi ola bilər. Adi vaxtdan fərqli olaraq bəzən hiss etdiyiniz beş siqnal sağlığınızdakı problemlərdən xəbər verə bilər. Buna görə də hər dəyişiklik barədə düşünmək lazımdır. Həmin 5 dəyişikliyi diqqətinizə çatdıraq.
Başgicəllənmə – çox sürətlə yeriməyin, qəflətən ayağa qalxmağın və ya bir qədər susuzluğun nəticəsi ola bilər. Ancaq başgicəllənmə beyin, qan damarları, ürək və ya mədə-bağırsaq sistemində problemin siqnalı da ola bilər. Digər mümkün səbəb anemiyanı xarakterizə edən aşağı hemoqlobin tərkibidir.
Başgicəllənməyə səbəb olan digər problemlər də var. Bunlar daxili qulağın viral infeksiyası, hipertoniya, çox aşağı qan təzyiqi, yüksək və ya həddindən artıq aşağı qan şəkəri və qalxanabənzər vəzinin xəstəlikləri.
Tərləmə – və ya hiperhidroz menopoz, piylənmə, normadan artıq məşq nəticəsində yaranır. Həddindən artıq tərləməyə tiroid vəzi ilə bağlı problemlər, diabet, ürəyin işində pozuntular, infeksiyalar və xərçəng də səbəb olar.
Soyuqluq – başqa sözlə, davamlı üşümə hissi hipotiroidizm, anemiya, zəif qan dövranı, hipoqlikemiya (aşağı qan şəkəri), dəmir və ya müəyyən vitamin çatışmazlığı kimi sağlamlıq problemləri haqqında bədəndən gələn bir siqnaldır.
Səbəbsiz arıqlama – nəzarətsiz çəki itkisi tez-tez stress, depressiya vəziyyətində baş verir və ya dərmanların, eləcə də parazitlərin infestasiyasının yan təsiri kimi baş verir. Səbəbsiz çəki itkisi qalxanabənzər vəzinin xəstəlikləri, mədə-bağırsaq traktının patologiyaları, ürək-damar xəstəlikləri, QİÇS, demans, xərçəng kimi xəstəliklər zamanı da müşahidə edilir.
Dəridə ləkələr – qeyri-adi xal və ya ləkələr dəri xərçənginin əlaməti də ola bilər. Dəri Xərçəngi Fondunun məlumatına görə, əgər xal və ya çillər yuvarlaq, simmetrikdirsə və forması dəyişmirsə, narahat olmağa dəyməz. Lakin böyüyərsə, asimmetrik görünürsə və ya sərhədləri aydın deyilsə, onlar melanoma – dəri xərçənginin əlaməti ola bilər.
Z.HÜSEYNOVA, “Xalq qəzeti”

