Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yarandığı 1948-ci il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qəbul edilib. Dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub. Azərbaycanda bu gün 1950-ci ildən ənənəvi olaraq qeyd edilir. Həmin gün ictimaiyyətin diqqəti ÜST-nin prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən mövzulara yönəldilir və müxtəlif şüarlar altında keçirilir.
İndiyədək Ümumdünya Səhiyyə Təşkilatına üzv ölkələrdə “Fəallıq uzun ömür yaşamağa aparan yoldur”, “Hamiləlik həyatda xüsusi hadisədir. Onu təhlükəsiz edək!”, “Sağlamlığı iqlim dəyişikliyindən qoruyaq!”, “1000 şəhər – 1000 həyat” və digər çağırışlar altında qeyd edilib. Üzv ölkələrdə olduğu kimi, bizdə də həmin gün şüarlar çərçivəsində mütəxəssislər tərəfindən treninqlər, təlimlər keçirilir. Həmin toplantılarda müraciətlərə baxılır, müayinə və müalicəyə ehtiyacı olanlara düzgün istiqamət verilir, insanların problemlərinə dəstək nümayiş etdirilir.
Yaranmasının 70-ci ilində ÜST dünya dövlətlərini və onların liderlərini insanların sağlamlığının möhkəmləndirilməsi və keyfiyyətli səhiyyə xidmətləri ilə təmin edilməsində maliyyə problemlərinin həlli üçün konkret tədbirlər görməyə çağırıb.
2021-ci il aprelin 6-da ÜST-nin Cenevrədə yerləşən mənzil-qərargahında Sağlamlıq Günü münasibətilə keçirilən toplantıda təşkilatın rəhbəri Teodor Gebreyesusun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Qeyd edək ki, tədbirdə cəmi 4 ölkənin dövlət və hökumət başçısının videomüraciəti yayımlanıb.
Dövlət başçımız videomüraciətdə həmin dövrdə sağlamlığın əhəmiyyətinin daha da artmasının və müasir, yüksək keyfiyyətli səhiyyə sisteminə sahib olmağın hər bir ölkə üçün prioritet olduğunu bildirib. Ölkəmizin səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda icbari tibbi sığorta tətbiq etməklə ilkin və təcili tibbi yardımın gücləndirilməsi və xidmətlərin yenilənməsi, ölkədə elektron səhiyyə platforması və rəqəmsallaşmanın təmin edilməsi uğurlu dəyişikliklərdir.
Prezident həmin il Ümumdünya Sağlamlıq Gününün “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunduğunu qeyd edib. Ölkəmizin peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək, BMT-nin İnsan Hüquqları Şurasında bununla bağlı qətnamə layihəsi irəli sürdüyünü bildirib: “Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir”.
ATU-nun Tədris Cərrahiyə Klinikasının şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Nurlana Əliyeva Sağlamlıq Gününün qeyd edilməsinin məqsədi ilə bağlı deyir:
– ÜST-nin hesablamalarına əsasən qarşısı alınmayan ekoloji səbəblərin yaratdığı xəstəliklərdən hər il dünyada 13 milyon nəfər həyatını itirir. Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərdən biridir. Uzun və sağlam ömür yaşamağa nail olmaq və sağlamlığın qorunub möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən sayılır.
Həmin günün məqsədləri sırasına sağlamlıq qaydalarına düzgün əməl olunması, səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək edilməsi, həkimlərin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın və sağlam həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılması, yaşlılara və sağlamlıq imkanları məhdud olanlara güzəştli şəraitin yaradılması, siqaret çəkməyin, alkoqollu içkilər və narkotik vasitələrin zərəri barədə məlumatlandırma, profilaktik prosedurların təyini və digər məsələlər daxildir.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

