Fəal hərəkət uzun ömür qaynağıdır

post-img

Qədim yunan filosofu Aristotelin bir fikri var: “Hərəkətsizlik kimi insan orqanizmini məhv edən ikinci bir vasitə yoxdur”. Fiziki hərəkətsizliyin xroniki xəstəliklərin yaranmasının risk amili olduğunu və dünyada hər il milyonlarla insanın ölümünə səbəb olduğunu nəzərə alsaq, ona qarşı mübarizənin nə qədər böyük əhəmiyyət kəsb etdiyi anlaşılar. 

Əlamətdar gün ərəfəsində Azər­baycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası rektorunun əlavə təhsil üzrə müşaviri, Əməkdar müəllim Firat Hüseynovla görüşüb fiziki tərbiyə­nin və sağlamlaşdırıcı məşğələlərin orqanizmə təsiri barədə danışdıq. Firat müəllim sağlamlığın möhkəmləndiril­məsi və xəstəliklərin profilaktikasında bədən tərbiyəsi və idmanın rolunun misilsiz olduğunu vurğuladı: “İnsan sağlamlığını möhkəmləndirən amillər arasında ən əhəmiyyətli yerlərdən biri­ni fiziki yük tutur. İdman və sağlamlaş­dırıcı məşqlərdən sistemli olaraq istifa­də edən insanların sağlamlığı həmişə qaydasında olur. Belə ki, orqanizmin möhkəmlənməsinə müsbət təsir edən müxtəlif istigamətli fiziki yük, əslində, xəstəliklərin qarşısının alınmasında profilaktika rolunu oynayır”.

F.Hüseynov sağlamlıq naminə fiziki hərəkətlərdən istifadənin qədim tarixi olduğunu söylədi və əlavə etdi ki, za­man keçdikcə, insanların yaşam tərzi dəyişdikcə, hərəkətlərdən gündəlik zə­ruri istifadəyə ehtiyac azalıb ki, bu da yaxşı hal deyil. Bu səbəbdən hazırda müasir insanın sağlamlığına təhlükə yaranır. Çağdaş dünyada ən yeni tə­dqiqatlar göstərir ki, gənclərin yalnız 10 faizində sağlamlıq və fiziki durum nor­mal vəziyyətdədir. İnsanlar az hərəkət etdikcə, tənəffüs, qan dövranı pisləşir, əzələ sistemlərində passivlik müşahi­də edilir. Belə neqativ halların qarşısını almağın yeganə yolu davamlı olaraq bədən tərbiyəsi və idmanla məşğul olmaq, orqanizmin müxtəlif funksional sistemlərini möhkəmləndirməkdir. 

Ümumtəhsil məktəblərində fiziki tərbiyə üzrə müəllim vəsaitlərinin və 6–10-cu siniflər üçün dərsliklərin müəl­lifi olan idman mütəxəssisi sonda fiziki hərəkətsizliyin uşaqlar üçün xüsusilə böyük problemlər yaratdığını bildirdi: “Uşaqların böyük əksəriyyətinin məktə­bə fərdi nəqliyyat vasitəsi ilə getmələri, gündəlik nəzəri məşğələlərin çoxlu­ğu, bu və ya digər səbəblər minimum hərəki fəallığı belə yerinə yetirməyi mümkünsüz edir. Buna görə də onların orqanizmi zəifləyir, xəstəliklərə müqa­viməti kəskin azalır, ürək-damar, tənəf­füs, dayaq-hərəkət aparatında yaşa müvafiq olmayan hallar yaranır”.

Orqanizmin sağlamlığının təmin olunması üçün təbii bioloji ehtiyac olan fiziki yük ödənilmədikdə çoxsaylı problemlər baş verir. Çünki böyüyən orqanizmin hərəkətə ehtiyacı mühüm amil olmaqla yanaşı, həm də çox zə­ruridir. Orqanizmin müxtəlif funksional sistemlərinin normal formalaşmasının ən vacib şərti isə hərəkətdir. Məhz belə hərəkətlər sayəsində orqanzimdə hü­ceyrələrin və toxumaların oksigenlə, qida maddələri ilə təchizi yaxşılaşır. Hərəkətsizlik orqanizmin hərtərəfli for­malaşmasına mane olmaqla yanaşı, onun inkişafını ləngidir, eyni zamanda hərəki bacarıq və vərdişlərə yiyələnmə prosesini də xeyli çətinləşdirir. 

Buna görə də, hər birimiz sağlam­lığımızın, fiziki hazırlığımızın həyat və yaşamaq üçün ən qiymətli dəyər oldu­ğunu nəzərə alıb, idmanla məşğul ol­malıyıq. 

L.QURBANOVA, “Xalq qəzeti”

fiziki.jpg

Sosial həyat