Qədim Çin incəsənəti Bakıda

post-img

Həyat qarşılıqlı elm və təcrübə mübadiləsi ilə daha rəngarəng olub. Müxtəlif mədəniyyətlərin bir araya gəldiyi nadir ölkələrdən olan Azərbaycan məhz bu zənginliyi özündə təcəssüm etdirir, multikultural dəyərləri qoruyur. Ölkəmizin nüfuzlu mədəni mərkəzlərindən biri olan Azərbaycan Milli İncəsənət Muzeyində bütün ölkələrin mədəniyyətinə diqqətlə yanaşılır. 

Bu günlərdə muzeydə açılan “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Sərgidə nümayiş etdirilən qiy­mətli mədəni yadigarlar qədim xalqın sivilizasiyasının bütün dövrlərinə aid­dir. Beş zalda nümayiş etdirilən sərgi ilə tanış olarkən bənzərsiz Çin mədə­niyyətinə, incəsənətinə sanki səyahət edirsən. 

Mədəniyyət Nazirliyi, Çinin Azər­baycandakı səfirliyi və Milli İncəsənət Muzeyi tərəfindən ərsəyə gələn sərgi­nin kuratoru və ideya müəllifi muzeyin direktoru Çingiz Fərzəliyevdir. 

Öyrəndik ki, muzey 2016-cı ildən başlanılan multikultural ənənəyə sadiq qalaraq Fransa, Yaponiya, Almaniya kimi ölkələrin diplomatik nümayəndə­likləri ilə birlikdə bu xalqlarının mədə­niyyətini özündə əks etdirən sərgilər təşkil edib.

Muzeyin Elmi-kütləvi işlər şöbə­sinin müdiri Rəfiqə Quliyeva dedi: “Çin sərgisində, əsasən, XVII–XX əsrlərə aid 300-ə yaxın bədii sənət nü­munəsi nümayiş etdirilir. Onların hər biri özünəməxsus gözəlliyi və təbiilik fəlsəfəsi, dekorativ-tətbiqi sənətin bə­dii üsullarının incə zənginliyi ilə diqqəti cəlb edir. Beş min ildən artıq tarixə ma­lik, qədim dövrlərdən açıq və inklüziv olması ilə tanınan Çinə aid eksponat­lar buraya gələnlərin böyük marağına səbəb olub. Sərgini ziyarət edənlər arasında orta məktəb şagirdlərindən, tələbələrdən tutmuş, yaşlı nəslin nü­mayəndələrinə qədər hamı Çin farfor nümunələrinə, pannolara, ipək üzərin­də tikmələrə, böyük sənətkarlıqla ha­zırlanmış metalişləmə və ağacişləmə sənət nümunələrinə xüsusi diqqət göstərir. Sərgi 3 aya qədər davam edə­cək”.

Sərgidə nümayiş olunan eksponat­lar işlənmə texnikasının nəfisliyi, parlaq və füsunkar rəsmləri ilə göz oxşayır. İstehsal tarixinin neolit dövrünə təsa­düf etdiyi Çin farfor nümunələri xüsusi peşəkarlıqla hazırlanıb. Bu qədim ölkə­nin dekorativ tətbiqi sənətində mifoloji, quş, nəbati, at və digər ornamentlərin təsvirinə tez-tez rast gəlmək olar. On­lardan Əjdaha totemi çini, metalişləmə və digər sənət nümunələrinin üzərində təsvir edilir. Sərgidə də belə nümunələr kifayət qədər var. Eyni zamanda, XVII əsrə aid dekorativ vaza, boşqab, çay­dan, güldan və bir sıra dekorativ fiqur­ların yer aldığı sərgi Çin incəsənətinin bənzərsizliyini bir daha sübut edir. 

Sərgi təkcə Çin mədəniyyəti və in­cəsənətinə maraq göstərənlər üçün deyil, eyni zamanda bu qədim ölkənin mədəni irsi və tarixi haqqında geniş məlumat almaq istəyən hər kəs üçün böyük maraq kəsb edir. O, həm də Azərbaycan və Çin kimi müxtəlif mə­dəniyyətlərə malik iki ölkə arasında ta­rixi bağların daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Əminik ki, sərgi geniş kütlələrin Çin mədəniyyəti ilə daha yaxından tanış olması üçün böyük imkanlar yaratmaqla yanaşı, iki ölkə arasında dostluğun gücləndirilmə­sinə də layiqli töhfəsini verəcək.

Leyla AZAD, “Xalq qəzeti”

chin06.jpg

Sosial həyat