Yod çatışmazlığı xəstəlikdir

post-img

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 54 faizi yod çatışmazlığının yaratdı­ğı xəstəlik riski ilə yaşayır. Endok­rinoloqlar yod çatışmazlığı zamanı uşaqlarda boy artımı problemi, zəka geriliyi, böyüklərdə isə tiroid vəzində böyümə, hipotiroid kimi xəstəliklərin ortaya çıxdığını bildirirlər.

Sağlam beyin inkişafı və böyümənin təməl daşlarından olan tiroid hormonları­nın artması üçün orqanizm kifayət qədər yod qəbul etməlidir. Yod orqanizm tərə­findən istehsal olunmadığından bədənin yod ehtiyacı dəniz məhsulları, ət, süd məhsulları, yumurta kimi qidaları yemək­lə aradan qaldırılır. Əgər qidalanma yolu ilə bədənin yod ehtiyacı tamamlanmırsa, problem xronikiləşir, problemlər yaranır. Yod çatışmazlığının səbəb olduğu tiro­id xəstəliklərinin önündə zob xəstəliyi (qalxanvari vəzinin böyüməsi) gəlir. Sta­tistikaya görə, dünyada 740 milyon insan bu xəstəlikdən əziyyət çəkir.

Əlamətləri... Tiroid hormonu azal­dıqda metabolizm zəiflədiyi üçün çəki artmağa başlayır. İnsan az yemək yesə də, kökəlir. Həmçinin halsızlıq, dəridə quruluq, saç tökülməsi, dəri qalınlaşma­sı, qəbizlik, soyuğa qarşı dözümsüzlük, saç və dırnaqlarda qırılma, unutqanlıq yaranır. Daha irəliləmiş vəziyyətlərdə isə özünü idarəetmə problemi, depressiya, həssaslıq, ürək və ağciyər çatışmazlığı yarana bilər. Yod çatışmazlığının qadın­lardakı ən çox müşahidə edilən ağır tə­sirlərindən biri sonsuzluqdur. Yarımçıq hamiləlik, erkən doğuş, doğuş anoma­liyaları, uşaqda zəka və inkişaf geriliyi, eşitmə və danışma pozuntuları müşahidə edilir. Dünyada hər il doğulan təxminən 50 milyon uşaq analarının qida rasionun­da kifayət qədər yod olmadığından zəka geriliyi riski ilə qarşılaşır.

Müalicəsi... Yod çatışmazlığı zama­nı hər şeydən əvvəl tərkibi yodla zəngin olan qidalar – dəniz kələmi, feyxoa, xur­ma, yumurta, balıq, hinduşka filesi daha çox yeyilməlidir. Təbii dəniz və daş duzu isə əhəmiyyətli yod qaynağıdır. Yemək­də yodla zənginləşdirilmiş duzun da rolu böyükdür. Bu məqsədlə çox duz istifadə etməyə ehtiyac yoxdur. Sadəcə gün ər­zində 2 qram yodlu duz qəbulu bəs edir. Yodlu duz quru yerdə, qapalı qablarda saxlanmalıdır. Ən əsası, duz yeməyə bişdikdən sonra tökülməlidir. Təbii yolla orqanizmin yod ehtiyatı qaydaya düş­məyəndə, həkimin tövsiyəsi ilə dərmanla müalicəyə başlanılır. 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat