Aprel döyüşləri ordumuzun işğalçı qüvvələrə verdiyi dərs idi

post-img

Qarabağın azad edilməsi uğrunda 2020-ci ilin Vətən müharibəsi günlərində dövlətimizin, xalqımızın və ordumuzun dəmir yumruğa çevrilmiş gücü ilə qazanılmış böyük Zəfərə aparan yol, şübhəsiz ki, 2016-cı ilin aprel döyüşlərindən başlayır. Özgələrin kölgəsində xumarlanan azğın düşmən 7 il əvvəl aprelin ilk günlərində Azərbaycan Ordusundan ağır zərbə alaraq atəşkəs dövründə ilk dəfə böyük hərbi uğursuzluğa düçar oldu. Bu döyüşlər Azərbaycan dövlətinin işğal olunmuş ərazilərini hərbi yolla azad etməyə qadir olduğunu düşmən tərəfə və onun havadarlarına bütün kəskinliyi ilə anlatdı.

2016-cı il aprel döyüşləri ərəfəsində, konkret olaraq həmin ilin mart ayından eti­barən cəbhə xəttində erməni təxribatları, atəşkəsin pozulması halları yenidən artmağa başladı. Belə ki, 2016-cı il mart ayının 11-də cəbhənin Ağdam istiqamətində Ermənistan hərbi qüvvələrinin növbəti təxribatı baş ver­di. Bu təxribat zamanı Azərbaycan mövqeləri güclü atəşə tutuldu. Lakin Azərbaycan Ordu­sunun bölmələri tərəfindən bu təxribatın qarşı­sı dərhal alındı və həyata keçirilmiş qətiyyətli cavab tədbirləri düşmənin həm canlı qüvvəsi­nin, həm də hərbi texnikasının məhv edilməsi ilə nəticələndi. 

Ermənistanın hərbi-siyasi rəhbərliyi Azər­baycan tərəfinin bu xəbərdarlığından heç də lazımi nəticə çıxarmadı və cəbhə xəttində və­ziyyəti gərginləşdirmək siyasətindən heç də əl çəkmədi. Mart ayının 26-da bu hücumlar yeni­dən davam etdi. Təxribatların qarşısının alın­ması üçün Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab atəşləri açıldı, düşmənin atəş mövqeləri və hərbi texnikası sıradan çıxarıldı. 

Mart ayının 27-də isə Ermənistanın təx­ribatı münaqişə bölgəsindən xeyli uzaqda, Qazax rayonu istiqamətində baş verdi. Hə­min istiqamətdə xidmət çəkən Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində düşmən təxribatı qabaqcadan aşkar edildi və bu təxri­batın qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirildi. Həmin tədbirlərdən sonra Er­mənistanın bölmələri geri çəkilmək məcburiy­yətində qaldılar. 

Azərbaycan Respublikasının Preziden­ti, Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, aprel ayında cəbhədə vəziyyətin mürəkkəbləşməsi ərəfəsində Rusiyanın Pre­zidenti və rəhbərliyi Minsk qrupunun digər həmsədrləri ilə brilikdə Qarabağ münaqişəsi­nin həlli ilə bağlı yeni təkliflər irəli sürmüş­dülər və həmin təkliflərdə Azərbaycanın ərazi bütövlüyü məsələsinə münasibət bildirilmişdi. 

Bölgədə status-kvonun dəyişməsini bir­mənalı şəkildə istəməyən Ermənistan rəhbər­liyi isə münaqişənin həlli üçün meydana gələn ümidləri aradan qaldırmaq üçün yenidən öz­lərinin sınanmış vasitəsinə, cəbhə xəttində təxribatların genişləndirilməsinə əl atdı, sülh prosesinə böyük zərbə vurdu. Bunun nəticəsi idi ki, 2016-cı il aprel ayının 1-də Ermənistan yenidən atəşkəsi geniş şəkildə pozdu. 

Aprelin 2-nə keçən gecə Azərbaycan Or­dusunun cəbhəboyu yerləşən bütün müdafiə mövqeləri Ermənistan hərbi bölmələri tərə­findən iriçaplı silahlar, minaatanlar, qumba­raatan və artilleriya qurğuları işə salınmaqla intensiv atəşə tutuldu. Bundan əlavə, qoşunla­rın təmas xəttinə yaxın mülki əhalinin sıx ya­şadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qaldı. Ermənistan tərəfinin son zamanlar genişlənməkdə olan hərbi fəallığının qarşısını almaq məqsədilə Azərbaycan Ordu­sunun komandanlığı tərəfindən əməliyyat şə­raiti qiymətləndirilərək dərhal cavab tədbirlə­rinin görülməsi üçün qərar verildi. 

Təxribatların və atəşlərin daha geniş yer aldığı Ağdərə – Tərtər–Ağdam və Xocavənd – Füzuli istiqamətində yerləşən birliklər, artil­leriya bölmələri və digər qoşun növlərinin bir­gə, əlaqəli fəaliyyəti nəticəsində Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirlərinin həyata keçirilməsinə başlandı. Ordu rəhbər­liyi erməni hərbi qüvvələrinin təcavüzkarlığı nəticəsində yaranmış əməliyyat şəraitini qiy­mətləndirdikdən sonra müdafiə mövqelərində dayanmış qüvvələri cəlb etməklə əks-hücum əməliyyatı keçirmək qərarı qəbul etdi. 

Bu əməliyyatın keçirilməsi ilə düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına zər­bə vurulmalı və onlar Azərbaycan kəndlərində daha uzaq məsafəyə çəkilməyə məcbur edil­məli idi. Aprel ayının 1-dən 2-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat qrupları iki istiqamətdən atəşkəsi pozan düş­mən üzərinə əks-hücum həyata keçirdilər. Ap­rel döyüşləri qəfil şəkildə və Azərbaycan tərəfi üçün əlverişli olmayan şəraitdə başlansa da, çox qısa zaman ərzində təşkilati və əməliyyat çevikliyi nümayiş etdirildi, erməni təxribatla­rının qarşısını alacaq qüvvələr müəyyənləşdi­rildi və onların vəzifələri konkretləşdirildi. 

Ağdərə–Tərtər istiqamətində erməni təxi­batının qarşısının alınmasına həmin zonada dislokasiya olunmuş birliyin iki briqadası, Ho­radiz istiqamətində isə bir briqada vəzifələndi­rildi. Sonradan bu briqadalar əlavə qüvvələrlə, tank və artilleriya bölmələri ilə gücləndiril­dilər. Hər iki istiqamətdə döyüşə atılan qüv­vələri həm də hərbi vertolyotlar müşayiət edir­di. Nəticədə, qarşıya qoyulan taktiki vəzifəni yerinə yetirməyə qadir olacaq bir qruplaşma formalaşdırıldı. 

Bütünlükdə, döyüşlərin getdiyi istiqamət­lərdə Ermənistan ordusunun 4 min nəfərlik şəxsi heyəti, 90-na yaxın tankı və onlarla artil­leriya qurğusu var idi. Bu qüvvələr təmas xətti boyunca yaradılmış olan mühəndis-istehkam sisteminə arxalanmaqla Azərbaycanın hərbi qüvvələrinin irəliləməsinin qarşısını almaq tapşırıqlarına malik idilər. 

Erməni hərbi qüvvələri təmas xətti boyun­ca eşelonlaşdırılmış müdafiə sisteminə malik idilər. Hər bir müdafiə xətti də kifayət qədər dəmir-beton və digər mühəndis qurğuları ilə möhkəmləndirilmiş və hər bir xəttin də öz atəş sistemi yaradılmışdı. 

Lakin ermənilərin bu müdafiə sistemi Azərbaycan Ordusunun hissə və bölmələri­nin uğurlu əks-hücumunun qarşısını almağa kifayət etmədi. Erməni hərbi qüvvələrinin müdafiə sisteminin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əv­vəlcədən müəyyənləşdirilməklə Azərbaycan hərbi qüvvələrinin atəş zərbəsi ilə düşmənin döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarıldı.

Erməni hərbi qüvvələrinin bu təcavüzkar­lığının və hərbi təxribatının genişlənməsinin qarşısını almaq üçün Azərbaycan Ordusunun hissə və bölmələri dərhal Ağdərə – Tərtər – Ağdam və Xocavənd – Füzuli istiqamətində cavab tədbirlərinin həyata keçirilməsinə baş­ladılar. Qısa müddət ərzində həyata keçirilən sürətli əks-hücum zamanı erməni birləşmələ­rinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müda­fiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olundu. 

Əks-hücum döyüşlərinin elə ilk günü Azərbaycan Ordusu öz gücünü və döyüş qa­biliyyətini nümayiş etdirdi. Bölmələrin, xü­susi təyinatlı qüvvərin döyüş məharətinin ən müasir hərbi texnika və silahların imkanları ilə dədiqliklə tamamlanması çoxsaylı ermə­ni müdafiə mövqelərinin sıradan çıxarılması ilə nəticələndi. Xüsusilə, Azərbaycan tərəfi pilotsuz uçuş aparatlarının tətbiqi ilə döyüş meydanında üstün bir situasiya yaratdı. Bu aparatların zərbə gücündən istifadə edilməklə çoxlu sayda erməni zirehli texnikası, avtomo­bil nəqliyyatı, qərargahları məhv edildi, əlaqə xətləri dağıdıldı. 

Azərbaycan Ordusu hissə və bölmələrinin cənub istiqamətindəki əks-həmləsi də uğurla başladı. Bu istiqamətdə də Azərbaycan hərbi qüvvələri yüksək döyüş hazırlığı və məharəti nümayiş etdirdilər. Hələ gecə ikən sürətlə dö­yüşə atılan qüvvələr, xüsusi təyinatlılar müəy­yən edilmiş döyüş tapşırığını yerinə yetirdilər, nəzərdə tutulmuş erməni müdafiə postları­nı, o cümlədən Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçdi. Erməni hərbi qüvvələrinin möhkəmləndirilmiş müdafiə sisteminə arxa­lanmaqla müqavimət göstərmək cəhdi göz­lənilən nəticəni vermədi. Sonrakı günlərdə Azərbaycan Ordusu azad etdiyi mövqelərdə daha da möhkəmləndi və əldə edilən uğurun əbəs olmadığı sübut etdi.

İlkin məlumatlara görə, 2016-cı il aprel ayının ilk günlərində Azərbaycan Ordusunun keçirdiyi əks-hücum döyüşlərinin gedişin­də 300-ə yaxın erməni hərbçisi məhv edildi, yüzlərlə hərbçi isə yaralandı. Bütünlükdə, 1994-cü ildən elan edilmiş atəşkəs dövründə Ermənistanın hərbi qüvvələri ilk dəfə Azər­baycan Ordusu tərəfindən çox ciddi zərbə aldılar və göstərilən bütün cəhdlərə baxmaya­raq, ordumuz qarşısında gücsüz qalaraq məğ­lubiyyətlə barışmalı oldular. 

Azərbaycan Ordusunun hissə və bölmələri 2016-cı il aprel ayının ilk günlərində erməni hərbi təxribatına verilən cavab zamanı qazan­dığı uğurla yalnız Ermənistanda deyil, bir sıra ölkələrdə Ermənistan ordusunun məğlubedil­məzliyi haqqında yaranmış təsəvvürləri alt-üst etdi və Azərbaycan Ordusunun gücünü və iradəsini ortaya qoydu. Bu uğur Azərbaycanın dövlət rəhbərliyinin Azərbaycan Ordusunun möhkəmləndirilməsi istiqamətində izlədiyi siyasətin düzgünlüyünü, Azərbaycan xalqının və dövlətinin öz qanuni haqqlarını qorumağa qadir olduğunu nümayiş etdirdi. 

Bu uğur həm də Qarabağ ətrafında yeni bir hərbi situasiya yaratdı və Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndir­di. Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin işğal olunmuş bütün ərazilərini azad etməyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Dövlət başçısının dediyi kimi, 2016-cıilin Aprel döyüşləri Azərbaycan Ordusunun tarixinə parlaq qələbə günü kimi yazıldı.

Mehman SÜLEYMANOV,
Milli Müdafiə Universiteti Hərbi-Elmi Tədqiqat İnstitutunun professoru,
tarix elmləri doktoru

Sosial həyat