Ukrayna müharibəsi: savaşan təkcə ordular deyil…

post-img

Bu gün Rusiyanın Ukraynaya qarşı hücuma başlamasından 410 gün tamam olur. Bu savaş İkinci Dünya müharibəsindən sonrakı dönəmdə planetimizdə baş verən ən ağır və dağıdıcı silahlı qarşıdurmadır. Təəssüf ki, son günlər tərəflər arasında döyüşlər nəinki səngimək bilmir, əksinə, günbəgün şiddətlənir. 

Bəli, Ukraynada hazırda cəbhənin min kilometrlərlə uzanan təmas xəttində silahlar “susmaq” bilmir, eyni zamanda tərəflər arasında siyai, diplomatik və in­formasiya sahələrində də “savaş” gedir. 

Gəlin, əvvəlcə iki ölkə arasında dip­lomatik savaşın son məqamlarına diqqət yetirək. BMT Təhlükəszilik Şurasının (TŞ) beş daimi üzvündən biri olan Rusi­yanın rotasiya yolu ilə bu il aprelin 1-də TŞ-yə sədrlik etməyə başlaması Ukrayna rəsmiərinin kəskin etirazına səbəb olub. 

“Amerikanın səsi” saytı yazır ki, Uk­rayna Prezidenti Volodimir Zelenski Ru­siyanın TŞ-yə sədrlik etməsini “cəfəng və dağıdıcı” hadisə kimi qiymətləndirib və bunun “beynəlxalq institutların tam iflası­nı” sübut etdiyini bildirib.

Qeyd edək ki, bu il aprelin 1-də axşam saatlarında bu barədə media işçilərinə danışan V.Zelenski deyib ki, “terrorda məsuliyyət daşıyanların” bey­nəlxalq qurumlara sədrlik etməsinə icazə verilməməlidir: “Rusiya Ordusu daha bir ukraynalı uşağı, Avdiyivkadan olan beş aylıq uşağı öldürdü və bu baş verən bir zamanda Rusiya TŞ-yə sədrlik edir?!”

Avropa İttifaqının (Aİ) yetkilisi Cosep Borrel bildirib ki, Aİ aprel ayı ərzində Ru­siyanın TŞ-yə sədrliyi dövründə istənilən sui-istifadəyə qarşı duracaq. O, özünün “twitter” hesabında bu sözləri qeyd edib: “Təhlükəsizlik Şurasının daimi üzvü ol­masına baxmayaraq, Rusiya davamlı olaraq BMT-nin qanunvericilik bazasının mahiyyətini pozur”. 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba iki gün əvvəl Rusiyanın TŞ-də sədrliyə başlamasını “beynəlxalq ictima­iyyətin üzünə vurulan sillə” adlandırmış­dı. O, qurumun digər üzvlərini Moskva­nın öz sədrliyindən sui-istifadə etməsinin qarşısını almağa çağırıb. 

Yeri gəlmişkən, Ukrayna Prezidenti­nin köməkçisi Mixaylo Podolyak isə deyib ki, bu addım “beynəlxalq hüququn növbə­ti dəfə zorlanmasıdır: “Təcavüzkar müha­ribə aparan, humanitar və cinayət hüquq normalarını pozan, BMT Nizamnaməsinə əməl etməyən və nüvə təhlükəsizliyinə etinasız yanaşan bir ölkə dünyanın əsas təhlükəsizlik orqanına rəhbərlik edə bil­məz”, – deyə Podolyak sosial şəbəkələr­dəki səhifəsində vurğulayıb.

Bir daha xatırladaq ki, Rusiya 2022-ci ilin fevralın 24-də Ukraynaya qarşı mü­haribəyə başladıqdan sonrakı müddətdə ilk dəfə olaraq bu il aprelin 1-dən TŞ-də bir aylıq sədrliyi təhvil alıb. Siyasi təhlil­çilər hesab edirlər ki, Rusiya Ukraynaya hücum etməklə BMT Nizamnaməsini po­zub. Belə ki, bu sənədə görə heç bir ölkə başqa bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq edə bilməz. 

Yeri gəlmişkən, BMT Baş Assamb­leyası işğalın başlamasından bir neçə gün sonra Rusiyadan Ukraynadakı mü­haribəni dərhal dayandırmağı tələb edən qətnamə layihəsi hazırlayıb. Rusiya təm­silçisi TŞ-də həmin qətnaməyə veto qo­yaraq sənədin qəbul olunmasına mane olub.

Başqa bir diqqətçəkən məqam isə budur ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyə başlaması, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya Prezidenti Vladimir Putini müha­ribə cinayəti sayılan uşaqların Ukrayna­dan qeyri-qanuni deportasiyasına görə məsuliyyət daşımaqda ittiham edərək həbsinə dair qərar verməsindən sonraya təsadüf edir.

Yuxarıda qeyd etdiyimiz kimi, son günlər Ukraynada ağır döyüşlər səngi­mir. Ölkə rəsmilərinin bildirdiyinə görə, Rusiyanın ölkənin şərq və cənub ərazi­sində mülki əhalinin məskunlaşdığı əra­ziləri atəşə tutması nəticəsində təkcə bir gün ərzində həlak olan və yaralanan mülki şəxslərin sayı 20-dən çoxdur. Uk­rayna Prezidenti administrasiyasının rəhbəri Andriy Yermak aprelin 2-də so­sial şəbəkədə bildirdiyinə görə, Donetsk vilayətinin Kostiantinivka şəhərinin Rusi­ya tərəfindən atəşə tutulması nəticəsində azı 3 mülki şəxs həlak olub və 8 nəfər yaralanıb.

Donetsk Vilayət Hərbi İdarəsinin rəhbəri Pavlo Kirilenko isə Rusiyanın bölgədəki hücumları nəticəsində azı 10 mülki şəxsin yaralandığını bildirib: “Ap­relin 1-də ruslar Donetsk vilayətinin beş sakinini yaralayıblar: üçü Toretskdə, ikisi Baxmutda”.

Ukrayna Regional Hərbi Administra­siyanın aprelin 2-də yaydığı məlumatda isə deyilir ki, Rusiyanın Xerson vilayətini atəşə tutması nəticəsində daha bir mülki şəxs həlak olub, iki nəfər yaralanıb. “Ru­siya ordusu Xersonun yaşayış məhəllələ­rini 6 dəfə atəşə tutub. Mərmilər özəl ya­şayış binalarına düşüb”, – deyə xəbərdə qeyd olunur. 

Sonda bir neçə kəlmə də tərəflər ara­sında güclənən informasiya müharibəsi barədə söz açmağı lazım bilirik. Qeyd et­mək lazımdır ki, hər iki ölkədə kifayət qə­dər böyük sayda media orqanları var və bu resurslar vasitəsilə tərəflər dünyaya bir çox obyektiv xəbərlərlə yanaşı, saxta, “feyk” məlumatlar da ötürməyə çalışır. 

Qlobal mediada, təbii ki, daha çox Ukraynanın təcavüzə məruz qaldığı barədə materiallar yer alır. Bəşəriyyət, əlbəttə, müharibətinin bitməsini arzulayır. Təsadüfi deyil ki, dünyanın demokratik qurumları, sivil ölkələrin vətəndaş cəmiy­yətləri fəalları hər iki tərəfi israrla sülhə çağırır.

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Son xəbərlər