Lələtəpə zirvəsinin şəhidi

post-img

2016-cı il, aprelin əvvəli idi. Etimad kişi bazara gedib tədarük görmüşdü ki, ertəsi gün oğlu Nəcməddinin hərbi xidmətə yola salınması el-obayla qeyd edilsin. Amma nə qədər təmkinli görünməyə çalışsa da, ön xətdə əsgərlikdə olan böyük oğlu Nurəddin sarıdan nigaranlığını da gizlədə bilmirdi. Çünki kənd arasında eşitmişdi ki, cəbhə xəttində müəyyən gərginlik yaranıb.

Hələ bir il əvvəl ömür-gün yoldaşı Fəxriyyəni də götürüb, Nurəddinin xidmət keçdiyi “N” saylı hərbi hissəyə getmiş, oğlunun andiçmə mərasimində iştirak etmişdi. Nurəddinin “Ata, məni snayper bölməsinə yazıblar” deməsi onu qürur­landırmışdı. Axı, özü də vaxtilə sovet ordusunda snayper olmuşdu. Kəndə qa­yıdandan sonra qurban dediyi cöngəyə daha yaxşı baxmışdı ki, Nurəddin əsgər­likdən dönəndə kəsib, bütün kəndi şad­yanalığa yığsın. Amma indi, Nəcməddini ordu sıralarına yola saldığı ərəfədə ata, nədənsə, narahatlıq keçirirdi.

Qələm dostum Aida Eyvazlı yazır: “Elə Fəxriyyə ana da özündə deyildi. Əlində süfrə hazırlığı görə-görə bir gözü də televizorda gedən “Arka sokaklar” türk serialında idi. Bu filmdə ananın bir oğlu əsgər gedəndə, digər oğlunun tabutunu əsgərlikdən evə gətirmişdilər. Birdən-birə Fəxriyyənin ürəyi sıxıldı. Ağlına gələn ilk dəhşətli fikri beynindən qovmaq istədi, hələ bir öz-özünə: “Lənət şeytana, bu nə idi düşündüm? Ağzımdan qara yellər aparsın” – dedi”.

Taleyin istehzasına baxın ki, ağılla­rına gələn başlarına gəldi. Həmin gecə Yardımlıya güclü qar yağırdı. Saat 2-də əmisi Nurəddinin yaralanması xəbərini gətirdi. Fəxriyyə ana səhər həyəti dolu görəndə, haray çəkib, qonşularından nə baş verdiyini soruşdu. Heç nə deməsələr də, qırımlarından hər şeyi hiss elədi və bir anda özündən getdi.

... Aprelin 1-dən 2-nə keçən gecə növbəti erməni təxribatına cavab olaraq, Nurəddingilin hərbi hissəsində də əsgər­lər döyüş vəziyyətinə gətirildi. Böyük bir qüvvə ilə hər kəs Ağdərə tərəfə irəlilədi. Əvvəlcə ağır texnikanı qabağa buraxdı­lar. Sonra isə əsgərlər döyüşdə öz yer­lərini tutdular. Qızğın döyüş başlanmışdı. Havanın soyuq olmasına baxmayaraq, əsgərlərə, elə bil ki, ikinci nəfəs veril­mişdi. Əslində, hər şey yuxu kimi gəlir­di. İrəlilədikcə irəliləyirdilər. Həmkəndlisi və dostu Mirabdulla ilə bir-birindən aralı düşdülər. Bütün gecəni döyüşdükdən sonra, aprelin 2-dən 3-nə keçən gecə, onlara dincəlmək üçün zaman verildi. 

Ayın 5-də isə hərbçilərimizə tama­milə dayanma əmri verdilər. Və əsgərlər peşman-peşman bir-birinə baxdılar. Bu qədər irəli getdikləri halda, bu, necə əmr idi? Ancaq neyləyə bilərdilər? 

–Tərəflər atəşkəs eləmişdilər. On­lar hərbi əmrə müntəzir əsgərlər idilər. Sonra Mirabdulla eşitdi ki, Nurəddin artıq həyatda yoxdur, canını Vətənə qurban verib. 

...Səhər o başdan Yardımlı dağları ağ örpəyi ilə üçrəngli bayrağa bükülüb elinə-obasına – son mənzilə dönən 19 yaşlı şəhid Nurəddin Mirzəyevi qarşıla­yırdı. Nurəddinin tabutunu onu əsgərliyə yola salan təcili tibbi yardım maşınında gətirdilər. Fəxriyyə donub qalmışdı. Nə baş verdiyindən, sanki, xəbəri yox idi. Bir də onda ayıldı ki, balasını aparıb dəfn ediblər.

Honuba Yardımlının yüksək dağ­lıq zonasında yerləşən kənddir. Məlu­matlara görə, qədim hunların yaşadığı oba mənasını verir. Nurəddingilin evi isə Honubanın ən uca yerindədir. Mən orada dəfələrlə olmuşam. İndi bu yerlər şəhid snayper Nurəddinin hünəri sayə­sində daha da əzəmətli görünür. O, uca bayrağımızı düşməndən azad edilən Lələtəpəyə sancanların yanında olub. 5 əsgər imişlər, üçü bayrağı qoruduğu yer­də şəhidlik zirvəsinə ucalıb. 

Qardaşı Nəcməddin əsgərliyə gedən gün Yardımlıya Nurəddinin ölüm xəbəri gəlib. O, öz qəhrəmanlığı ilə bu dağları, sanki, bir boy da ucaldıb. “Hərbi xidmət­də fərqlənməyə görə” medalına layiq gö­rülən 19 yaşlı igid onu tanıyanların və adı ilə öyünənlərin ürəklərində yaşayır. 

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Sosial həyat