Bir orduya bərabər “kölgə adam”

post-img

Onun ad günündən bir həftə keçib. Əfsanəvi xüsusi təyinatlı, Azərbaycan Silahlı Qüvvələrinin giziri Pəncəli Teymurovu deyirəm. Quduz ermənilərin başına bir milyard pul qoyduqları Pəncəli. Əslində, onun adı şəhid olana qədər yalnız el-obasında tanınırdı, çünki bu qəhrəman – “kölgə adam” mümkün qədər gizli fəaliyyət göstərib, özü hər nə qədər sirli olsa da, qəhrəmanlıqları düşməni vahiməyə salıb...

Pəncəli Teymurov 1981-ci ilin martın 24-də Astara rayonunun Əzərüd kəndin­də anadan olub. 1998-ci ildə Astarada, B.Rüstəmov adına Asxanakəran tam orta məktəbini bitirib və 1999-cu ildə həqiqi hərbi xidmətə gedib. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Daha sonra könüllü olaraq xidməti­ni o zaman yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyat­çı-diversant taborunda davam etdirib. 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib.

Onun haqqında o qədər maraqlı fakt­lar var ki, tanış olub düşündükcə, sözü­nün ağası olan bu gənc hərbçiyə ölümün­dən sonra sevgi və ehtiram birə-beş artır. 11 yaşı olanda Pəncəli Teymurov 1992-ci ildə baş vermiş Xocalı soyqırımının kadrlarını izləyəndən sonra hərbçi olacağına və düşməndən intiqam alacağına söz verir...

O, illər sonra sözünə əməl edir. Xoca­lı faciəsi zamanı azərbaycanlıları qəddar­lıqla öldürən erməni zabit general rütbəsi almağa gedərkən Pəncəli Teymurov onu izləyir və əlverişli məqamda məhv edir. Bu, erməni ordusunda böyük çaxnaşma yaradır.

2015-ci ildə kəşfiyyat qrupu ilə Kəl­bəcərə keçən, “erməniyə qan udduraca­ğam”– deyən Pəncəli 4 erməni zabitin və 20 əsgərin olduğu “Ural” markalı maşını partladaraq onların hamısını məhv edir. Düşmən tərəf bundan sonra Pəncəlinin başına bir milyard dram qoyur, lakin nə qədər cəhd etsələr də, onu ələ keçirə bilmirlər. Hətta bir dəfə erməni hərbçilə­ri Pəncəlini pusquya salsalar da, o, 21 gündən sonra pusqudan çıxaraq növbəti dəfə düşməni dəhşətə salır.

2016-cı ilin aprel hadisələrinin ilk günü “Qoca qurd” ləqəbli Pəncəli öz dö­yüş yoldaşları ilə erməni təxribatının qar­şısını almağa yola düşür. O, düşmənin bir neçə canlı qüvvəsini və texnikasını məhv edir. Mühasirəyə düşsə də, son damla qanına kimi döyüşür. İgid soydaşı­mız aprelin 2-də Tərtərdə düşmənə ağır zərbələr endirdikdən sonra şəhid olur.

Erməni generalını məhv etmək, hərbçilərin olduğu maşını partlatmaq, Aprel döyüşlərində onlarca erməni əsgərini, texnikasını sıradan çıxarmaq... Bunlar Pəncəlinin bizə məlum olan qəhrəman­lıqlarıdır. Onun düşmənə sarsıdıcı zər­bələr vurduğu elə xüsusi əməliyyatları var ki, bu gün də erməni ordusunda va­himə ilə xatırlanır. Ona görə də dostları deyirlər ki, “Pəncəli sağ ikən öz qisasını almışdı”.

Vətənə canı və qanı ilə bağlı olan Pəncəli Teymurov 2013-cü ildə öz to­yunda kimsənin gözləmədiyi halda, mik­rofonu götürüb düşməndən intiqam alıb şəhid olmağı və üçrəngli bayrağımıza bü­külüb dəfn olunmağı arzulamışdı: “Dost­lar, həqiqətən, bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Res­publikasının üçrəngli, ay-ulduzlu bayra­ğına bükülüb dəfn olunmağa aparılsın”. Tale onun bu sözünü də çin elədi. Pəncə­li həm arzularına çatdı, həm də özündən sonra böyük qəhrəmanlıq yolu qoydu.

Qardaşı Famil Teymurovun söhbə­tindən: “35 yaşında onun hərbi xidmət­də qulluq səlahiyyətləri başa çatacaqdı. Pəncəli deyirdi ki, “Qulluq vaxtım bitəndə, mən neyləyəcəm? Mən ordusuz yaşaya bilmərəm”. Yas məclisində iştirak edən Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-mayor Hikmət Mirzəyev onun şü­caətlərindən danışaraq Pəncəli haqqında “O, ordunun bel sütunu idi”,– demişdi. Dostları isə onun aprel döyüşlərində Go­ranboydan üzü Talış yüksəkliyinə qədər, Ağdərədə necə qeyrətlə, qəhrəmanlıqla vuruşduğunu deyirdilər. Danışırdılar ki, həmin gecələrdə Pəncəlinin döyüş ruhu bir ordunun gücünə bərabər idi. Qarşı­sına çıxan düşməni məhv etdikcə, qanı coşub-daşırdı”.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Son xəbərlər