Hayastan özü saatlı minanın üstündə oturub

post-img

Ermənistanın postmüharibə dövründə Azərbaycana qarşı başlatdığı və bu gün də davam edən “mina müharibəsi” hayların özlərinin bombasız-minasız külünün göyə sovrulması ilə sona çatacaq. Bunun real zəmini var. 

Yaşlı oxucularımızın yadında olar. Sovet dövründə İrəvanda saat istehsal olunurdu. Deyilənlərə görə, SSRİ dağı­landan sonra haylar həmin fabrikin baza­sında mina istehsal edən zavod qurublar. Ermənistanda istehsal olunan minalar birbaşa Azərbaycanın işğal olunmuş əra­zilərinə daşınıb. Azərbaycan Əraziləri­nin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik dəfələrlə üzərində Ermənistan­da istehsal olunduğu yazılmış minaları zərərsizləşdirib.

Həm müharibədən əvvəl, həm də postmüharibə dövründə haylar Qaraba­ğın az qala hər qarışında bu zavodun buraxdığı minalardan “tor hörüblər”. Əs­lində, onlar özlərini nə dinc dövrün, nə də müharibənin dünyada qəbul edilmiş qay­da və qanunlarına uyğun aparmamaq­la insanlıqla bir araya sılğmayan faşist xislətlərini ortaya qoyublar. Hazırda sivil dünya bu davranışı təəccüblə seyr edir.

Aprelin 2-də Azərbaycanın daha bir hərbi qulluqçusu erməni minasının part­laması nəticəsində həlak olub. XİN-in bununla bağlı açıqlamasında deyilir ki, 2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlar­dan 50-si həyatını itirib. Qəbələ rayonun­da orduya çağırılmış 2004-cü il təvəllüdlü Novruz Niftəliyevin də ömrünə məhz er­məni minası son qoydu. 

Haylar Qarabağda 1 milyondan çox mina basdırıblar 

Rəsmi Bakı bu problemi ikitərəfli, üçtərəfli danışıqlar zamanı, regional və beynəlxalq tədbirlərdə dəfələrlə qaldırıb. Prezident İlham Əliyev ən ali tribunalar­dan məsələni gündəmə gətirib. Dövləti­mizin başçısı ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə telefon danışığında da işğal­dan azad olunmuş ərazilərdə Ermənis­tan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibədən sonrakı dövrdə 240-dan çox vətəndaşımızın mina partlayışları nəticəsində həlak oldu­ğunu və ya sağlamlığını itirdiyini bildirib. Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışı zama­nı işğal dövründə Ermənistanın əraziləri­mizə bir milyondan çox mina basdırdığını bəyan edib. 

“Mina terroru” adlandırılan cinayətin qurbanlarının sayı artır. Bu, insanlığa qarşı cinayətdir və məsuliyyət bütünlüklə Ermənistanın üzərinə düşür. Əslinə qal­sa, mina terroru bütövlükdə daşnak-er­məni terrorizminin sifətlərindən biri sayıla bilər. 

İrəvan qayda-qanun tanımır

Ermənistan regional nizamlama mexanizmlərinə sağlam yanaşmadığı kimi, eləcə də beynəlxalq qayda və qa­nunlara əməl etmək barədə düşünmür. İrəvan “Müharibə qurbanlarının müdafiə­si haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, 1980-ci il 10 oktyabr tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqın­da” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının top­lanması, istehsalı və verilməsinin qada­ğan edilməsi haqqında” Konvensiyanın müddəaları isə Ermənistan tərəfindən qulaqardına vurulur. Bu konvensiyaya görə, tərəflər müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək ərazilərin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Amma verdiyi sözə əməl etmədiyi kimi, boynuna gö­türdüyü öhdəliyi də yerinə yetirməməsi erməni həyasızlığının nümunəsidir. Er­mənistan hakimiyyətinin mina xəritələrini Bakıya verməkdən boyun qaçırması da həmin xislətin təzahürüdür.

Polkovnik Qumaşyanın etirafı

Bu fakt isə maraq doğuracağı qədər də, erməni faşizminin ibrətamiz nümunə­si kimi əhəmiyyətlidir. İkinci Qarabağ savaşından sonra erməni polkovnik Kor­yun Qumaşyan işğaldan azad olunmuş ərazilərimizə 17 yük maşınında daşın­mış minaları basdırdıqlarını etiraf edib. Bu, sadəcə olaraq, bir erməni zabitinin etirafıdır. Ermənistanın rəsmi dairələri əllərində minalanmış ərazilərin xəritələ­rinin olmadığını iddia edirlər. Məqsədləri aydındır – postmüharibə dövründə müm­kün qədər çox azərbaycanlının ölümünə bais olmaq, keçmiş məcburi köçkünlərin özlərinin doğma yurdlarına qayıtmasını əngəlləmək. Ötən ilin iyununda Kəlbəcər­də media mənsublarının da içində olduğu yük maşınının minaya düşməsi nəticə­sində 3 nəfər həlak oldu, 4 nəfər isə ya­ralandı. Hadisə ilə bağlı Bakı Avropanın, dünyanın nüfuzlu təşkilatlarına müraciət­lər ünvanlasa da, Ermənistana nəinki beynəlxalq təzyiq göstərilmədi, heç “gö­zün üstündə qaşın var” deyən olmadı. Baxmayaraq ki, jurnalistlərin peşə fəaliy­yətini yerinə yetirdikləri vaxt mina terro­runun qurbanına çevrilməsi, bütövlükdə, dünya mediasına qarşı törədilən cinayət idi. Axı həmin ərazilərə beynəlxalq mis­siyaların, xarici KİV-lərin nümayəndələri­nin də səfərləri təşkil edilirdi. Onların da mina terroruna məruz qala biləcəkləri ilə bağlı narahatlığa əsas var. Statistikaya nəzər salsaq, 2020-ci il noyabrın 10-dan indiyə kimi mina terroru qurbanlarından 12-si hərbi qulluqçu, 38-i isə mülki şəxs­dir. İrəvan istehsallı minaların partlaması zamanı 120-dən çox hərbi qulluqçu, 80-ə yaxın mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Suriyada “minatəmizləyənlər”

Bu məlumatı isə ötən il erməni saytları yayıb: Eçmiədzində yerləşən “Humanitar mina təmizləmə və ekspertiza” mərkəzin­də təlim keçmiş ermənistanlı mina təmiz­ləyənlərin növbəti, 6-cı qrupu Suriyaya gedib. Yəqin bu məlumat oxucunu xeyli heyrətləndirəcək. Yəni, Ermənistan hu­manitar mina təmizləmə əməliyyatların­da yaxından iştirak edir və bu “humanitar missiyanı” ermənilərin kompakt yaşadığı Suriyada yerinə yetirirmiş. 

Yeri gəlmişkən, bunun özü də maraqlı faktdır ki, Vaşinqton müxtəlif proqramlar çərçivəsində Ermənistanda və onun iş­ğalda saxladığı Azərbaycan ərazilərində humanitar mina aksiyalarının həyata ke­çirilməsinə külli miqdarda maliyyə vəsaiti ayırıb. Amma sonralar ABŞ hökuməti bu maliyyə yardımlarını dayandırmağa məc­bur olub. Çox güman ki, Vaşinqtonun belə bir qərar qəbul etməsinin səbəbi imkansız Ermənistanın Suriyada humanitar mina təmizləmə əməliyyatında iştirak etməsi olub.

Saat fabrikini mina zavoduna çevirən haylar yəqin heç fərqində deyillər ki, üs­tündə gəzdikləri həmin saatlı-minaların bir gün partlama ehtimalı var. Bax, onda onlar üçün tarixin məhşər saatı gələcək...

Umud RƏHİMOĞLU, 
ANAMA yanında İctimai Şuranın sədri:

Bu gün dünyanın 60-dan çox nöqtəsində bu və ya başqa formada münaqişə ocaqları mövcuddur. Həmin ölkələrin böyük əksəriyyəti mina prob­lemini yaşayır. 2020-ci ilədək, yəni, böyük Zəfərimizdən öncə aparılan beynəlxalq araşdırmaların nəticələri göstərib ki, Azərbaycan dünyanın ən çox minalanmış 10 ölkəsindən biridir. Bu, artıq bəşəri bir problemə çevrilib. Yəni, bu problemi yaradanlar insanlı­ğa qarşı cinayət törədənlərdir. Düzdür, bəzi ölkələr məcbur olub bundan istifa­də edir, amma mina problemi günahsız insanların qətlinə yönəldilmiş silahdır. Bu silaha yerin altındakı gizli ölüm də demək olar. Biz 44 günlük müharibədə yerüstü düşmənlə problemimizi həll et­dik, amma yeraltı problemlə, görünür, hələ uzun müddət üz-üzə qalacağıq. Müharibədən sonra 300-ə yaxın artıq insanımız minadan ya həlak olub, ya da şikəst qalıb. Onların arasında mülki vətəndaşlarımız kifayət qədərdir. Ək­səriyyəti də otuz il həsrətində olduğu doğma yurduna baş çəkmək, yaxud məzarlığı ziyarətə getmək istəyən soy­daşlarımızdır. 

İki gün əvvəl Qəbələdən hərbi xid­mətdə olan gənc balamız odun gətir­məyə gedərkən gizli ölümə tuş gəlib. Öz vətənində həqiqi hərbi xidmətini keçən, erməniyə güllə atmayan həmin gəncin ölümü çox üzücüdür. Bəli, prob­lem böyükdür. Bəzən Qarabağın işğal­dan azad olunmuş ərazisinin bir kvad­rat metrində piyada əleyhinə 12 minaya rast gəlirik. Həmin minaların arasında Rusiyada istehsal olunanlar da var. 

Mina Xəbərdarlığı və Mina Fəaliy­yətinə Yardım Günündə insanlarımızı ayıq-sayıq olmağa, bir-birilərini ma­arifləndirməyə, xəbərdarlıq nişanları olan, tam yoxlanılmamış ərazilərə get­məməyə çağırıram.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

umud9.jpg

Sosial həyat