İran casuslarının ifşası

post-img

Bəli, İranın Azərbaycanda həyata keçirdiyi ciddi bir iş olub ki, o da casus şəbəkəsi qurmaq və onu saxlamaqdır. Milli Məclisin deputatı Fazil Mustafaya qarşı martın 28-də həyata keçirilmiş silahlı hücumun istintaqı bir daha mövzunu gündəmə gətirdi. Hərçənd, onun gündəmdən düşdüyünü söyləmək mümkünsüzdür. Çünki, xüsusən, son aylarda İranın Azərbaycandakı casus şəbəkəsinin ifşası istiqamətində ardıcıl və sistemli iş aparılmaqdadır. Bu barədə söz açacağıq. 

Hələlik onu bildirək ki, Fazil Mus­tafaya qarşı həyata keçirilmiş terror aktı ilə bağlı dünən 6 nəfər saxlanılıb. Onlardan üçünün kimliyi məlumdur. Burada diqqətçəkən bir məqam var. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən Hü­seynov Həsən Ramiz oğlunun adı çəki­lir. Bildirilir ki, bu şəxsin qardaşı Hüsey­nov Hüseyn Ramiz oğlu hazırda İranda gizlənir və vaxtilə deputat F.Mustafaya onun terrorla öldürüləcəyi barədə təh­did ünvanlayıbmış. Həm Hüseyn, həm də Həsən terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda giz­lənən İsgəndər Hüseynovun qardaşı oğullarıdır. 

Bu fakt İranın Azərbaycandakı ca­suslarının nə dərəcədə dərin şəkildə şəbəkələşdiyinin növbəti təsdiqidir. Heç şübhəsiz, yaxın zamanlarda şəbəkə zəncirinin digər üzvləri də aşkara çıxarı­lacaqdır. Bunu deməyə yaxın keçmişin təcrübəsi əsas verməkdədir. Xatırladaq ki, təkcə ötən ilin noyabrında Azərbay­canda İranın iki böyük casus şəbəkəsi aşkarlanaraq, zərərsizləşdirilmişdi. 

İstər 2022-ci ilin noyabrında, istər­sə də bu ilin əvvəllərindən başlayaraq, DTX tərəfindən yayılmış məlumatlara diqqət yetirərkən məlum olur ki, İran rejimi Azərbaycanın əsas strateji ob­yektləri, hərbi imkanları və s. haqqında məlumatlar əldə etmək, gələcəkdə bu məlumatlar əsasında təxribatlar törət­mək üçün planlar hazırlayırmış və belə mənfur fəaliyyətini kifayət qədər düşü­nülmüş, ölçülüb-biçilmiş şəkildə reallaş­dırırmış. 

Diqqətçəkən məqamlardan biri də casus şəbəkəsinin Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan hadisələrə nəzərən “fəaliyyət planı” gerçəkləş­dirməsindədir. Bu isə təsadüfi deyil. Məlumdur ki, fars molla rejimi ölkəmizi dünyaya İslam fundamentalizminin və radikalizminin tüğyan etdiyi ölkə kimi göstərmək, onun dünyəvi obrazına xələl gətirmək yolu tutur. Rejim bey­nəlxalq miqyasda belə rəy formalaş­dırmağa çalışır ki, guya, Azərbaycan təhlükəli yerdir və burada hər an qatı dindarlar hərəkətə keçib mövcud düzə­ni poza bilərlər. Nəticə etibarilə, ölkə­mizə ayaq basan Qərb investisiyasının qarşısına sədd çəkmək, onun təmsil­çilərini qorxutmaq yolu tutulur. 

Digər yandan, Ermənistana ha­vadarlıq edən Tehran mollakratiyası, həmçinin İrəvan tərəfindən, Qarabağ münaqişəsinə nəzərən, dövriyyəyə buraxılmış və münaqişəni müsəlman Azərbaycanın xristian Ermənistana hü­cumu kimi qiymətləndirmək ritorikasının da xarici beyinlərdə möhkəmlənməsinə çalışıb. Bir halda ki, Ermənistanın təbli­ğat maşını Azərbaycanı dini sxolastika­nın meydan suladığı məmləkət olaraq təqdim edir, deməli, burada digər din­lərdən olanlara qarşı da qeyri-tolerant münasibətin mövcudluğu şübhəsizdir – fars şovinist rejiminin yaratmaq istədiyi təsəvvür də məhz budur. 

Bir məqama da diqqət yetirək. Mə­lum olduğu kimi, martın 2-də tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli ürək tutma­sından vəfat etdi. Şübhəsiz, Hacı Şahin özünün fikirləri ilə cəmiyyətdə hörmət bəslənilən biri idi. Onun dəfnində in­sanların çox olması da təbii sayıla bilər. Ancaq bildirildiyinə görə, İran dəfndəki izdihamın miqyasının böyüməsinə də “töhfə verib”. Məqsəd yuxarıda qeyd et­diyimizin məramın, bir növ, davamıdır. Yəni, dünyaya göstərilir ki, Azərbay­canda İslam dininin insanların həyatına təsiri mühafizəkarlığa əsaslanır, bir din xadiminin dünyasını dəyişməsi cəmiy­yəti hərəkətə gətirir. Güman ki, bu gö­rüntünün yaranmasında da məlum ca­sus şəbəkəsi öz “rolunu oynayıb”. 

Əlbəttə, Tehranın terror fəaliyyə­tinin, casus şəbəkələrinin qarşısının alınması, vaxtında aşkarlanması dövlə­timizin və xalqımızın təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşımaqdadır. İra­nın əməlləri onun ölkəmizdə qarışıqlıq yaratmaq niyyətlərinə qarşı səfərbərliyi zəruriləşdirməkdədir. Bütün bunlar öz yerində. Əvvəldə haqqında söz açdığı­mız məsələyə yenidən qayıdaq. 

Əlbəttə, dövlətlərin bir-birilərinin daxilində müəyyən casus fəaliyyəti hə­yata keçirmələri təbiidir. Ancaq bunun da bir əndazəsi var. İran əndazəni tam aşıb. Görünür, ölkə Azərbaycanda an­caq bu işlə məşğul olub. Belə yanaşma isə onu göstərir ki, Tehran rejimi heç vaxt ölkəmizə münasibətdə səmimi ol­mayıb və özünün məkrini üzə çıxarmaq üçün zaman gözləyib, fürsət axtarıb. İrana məxsus casus şəbəkələrinin if­şası bu cür bəd əməllərə fürsət tanın­mayacağının təsdiqidir. Zaman isə fars şovinist rejiminin əleyhinə işləyir.

 

R.AMİN

Siyasət