İlahi duyumlu caz dahisi

post-img

Cənnət qoxulu kövrək yaz havası təbiətə can verib onu diriltdiyi kimi, yer üzünün əşrəfi olan insan oğlunun ruhunun təzələnməsi üçün də yeni nəfəs lazım idi. Məhz belə ilıq nəfəsli bahar günlərinin biri – martın 16-sı Vaqif Mustafazadəni dünyaya bəxş etdi. Bənzərsiz, ilahi musiqi duyumu onun qeyri-adi istedadının sərhədsiz olduğunu tez bir zamanda büruzə verdi. Heç kimə bənzəməyən, sərhəd tanımayan musiqiçi yeni üfüqlər fəth etdi, hələ sağlığında ölümsüzləşdi… 

Çünki qeyri-adi istedadı, novator­luğu ilə Azərbaycan caz musiqisinə yeni, orijinal üslub bəxş edən istedad­lı musiqiçinin saysız-hesabsız pərəs­tişkarları artıq onun yolunu seçməyə başlamışdılar. Gənc musiqiçinin ölkə­mizdə sosializm siyasətinin hökm sür­düyü ən çətin dönəmdə sədd, maneə tanımaması, cəsarətlə irəliləməsini o dövrün gənc nəsli bəyənsə də, dəstək­ləyə bilmirdi. Açıq-aydın görünürdü ki, Vaqif Mustafazadə yeni streotiplər ya­ratmağa qadirdir və bunun cəmiyyət tərəfindən birmənalı qarşılanmaması təbii idi. Bu gün Vaqif Mustafazadəni özünə ustad seçən, onun yaradıcılıq imkanlarından geniş bəhrələnən bö­yük bir nəslin yetişməsi təsadüfi deyil. 

Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə də V.Mustafazadə yaradı­cılığının bir ümman olduğunu deyir. Musiqi tariximizdə inqilabi dəyişik­liklər edən, Azərbaycan caz fikrinin yaradıcılarından və caz musiqisinin banilərindən biri sayılan görkəmli sənət ustasının milli musiqimizin inkişafına qiymətli töhfələr verdiyini vurğuladı: 

“Vaqif Mustafazadənin yaradıcılığı ümman idi və ona baş vurmaq bizə böyük potensial qazandırırdı. O, çox­ları kimi mənim də kumirim idi. Həmin dövrdə çox gənc olsaq da, bu böyük sənətkarın bütün maneələri aşaraq sərbəst və azad şəkildə öz istəyinə, seçdiyi hədəfə doğru getdiyini başa düşürdük. Bu, bizim qarşımızda da böyük perspektivlər açır, uğurlara həvəsləndirirdi. Sənətdə onun kimi əzmkar olmağa can atırdıq. Onun ifa­ları və musiqiləri o dövr üçün çox cəl­bedici və kifayət qədər cəsarətli idi. Həmin dövrlər onun “Düşüncə”, “Bakı gecələri”, “Əzizəni gözləyirəm”, “Mart ayı”, “Qərənfil” və digər musiqiləri gənclər arasında çox populyar idi”. 

Müsahibimiz daha sonra dedi: “Vaqif Mustafazadənin böyüklüyü onda idi ki, Şərq muğamını qərb din­ləyicisinin anladığı bir dillə – yəni caz dilində böyük ustalıqla təqdim edə bi­lirdi. Muğamlarımızı ənənəvi caz tex­nikası ilə birləşdirib, muğamla cazın sintezini yaratması cəmiyyətdə birmə­nalı qarşılanmasa da, bu onu böyük sənət yolundan sapındırmırdı. Onun musiqimizə gətirdiyi bu yeniliyin müa­sir zamana qədər öz aktuallığını qoru­yub saxlaması V.Mustafazadənin nə qədər böyük sənətkar olduğunun bariz nümunəsidir. Elə indi də bir çox mu­siqiçilər məhz onun yaratdığı caz-mu­ğam sintezindən öz ifalarında istifadə edirlər. “Böyük bir musiqiçi nəslinin yetişməsində Azərbaycan muğam caz hərəkatının memarı Vaqif Mustafaza­də məktəbinin böyük rolu olub”. 

Qeyd edək ki, Vaqif Mustafazadə 1940-cı ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarında atasını itirdiyi üçün məktəbdə musiqi müəlliməsi iş­ləyən anası Zivər onun tərbiyəsi ilə məşğul olub. 1963-cü ildə Asəf Zey­nallı adına Bakı Musiqi Kollecini bitirib Bakı Musiqi Akademiyasına daxil olub. Həmin dövrlərdə kiçik konsertlər verib, əsasən klassik caz, bluz və oynaq mah­nılar ifaçısı kimi tanınmağa başlayıb. 

“Orero” ansamblı, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansamblları, “Qafqaz” caz üçlüyünə rəhbərlik edib, bir sıra beynəlxalq caz müsabiqələri və festi­vallarının laureatı olub. 

Monakoda 1978-ci ildə keçirilən beynəlxalq caz festivalında “Əzizəni gözləyirəm” musiqisinə görə birinci yeri tutub. 1979-cu ildə ona Əməkdar artist adı verilib. 

1982-ci ildə, ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, forte-piano konsertlərinin, “Muğam” simfoniyası və başqa for­te-piano şedevrlərinin müəllifidir.

Yaşasaydı, bu gün 83 yaşını qeyd edəcəkdi. Onun 1940-cı ildən 1979-cu ilədək davam edən və bir zamana sığmayan şərəfli ömrü əbə­di yaddaşlara köçdü. 

 

Leyla QURBANOVA, “Xalq qəzeti”

Sosial həyat