Martın 18-də, Novruz bayramı ərəfəsində Ağstafanın tarixində ilk dəfə olaraq sərnişinlər bu sözləri eşidəcəklər. Həmin gün İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu, ikimərtəbəli, ümumi sərnişin tutumu 364 yer olan sürətli sərnişin qatarı Ağstafa stansiyasına daxil olacaq.
Xəbər verildiyi kimi, ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq həmin gündən etibarən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə olaraq sürətli qatarla sərnişin daşımaları həyata keçirləcək.
Bu əlamətdar hadisə ilə əlaqədar Ağ-stafa Dəmiryol Vağzalı və onun ətrafında müvafiq abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri adıçəkilən vağzala gəlmiş, burada görülən işlərlə bir daha tanış olmuş, sakinlərlə görüşmüşlər.
Rayon sakinləri ölkəmizin nəqliyyat infrastrukturunun ən yüksək səviyyəyə çatdırılması və bu sahədə də dövlətimizin vətəndaşına göstərdiyi xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, müvafiq tarixlərdə Bakı Dəmir Yolu Vağzalından səhər saat 08:25-də Ağstafaya yola düşən ilk sürətli qatar saat 13:20-də, 08:45-də yola düşən ikinci qatar isə saat 13:40-da mənzil başına çatacaq.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri