Azərbaycanın elmi-mədəni ictimaiyyəti milli etnoqrafiya elminin inkişafına layiqli töhfələr vermiş alim, tarix elmləri doktoru, professor Qəmərşah Cavadovun anadan olmasının 85 illiyini sevgi-sayğı ilə yad edir. Tanınmış etnoqrafın zəngin elmi irsi bir daha nəzərdən keçirilir, elmi qənaətlərinin önəmi vurğulanır.
Həmkarları, yetirmələri və yaxından tanıyanlar bildirirlər ki, fədakar ziyalı, elm fədaisi olmuş bu gözəl insan uzun illər Vətənimizi el-el, kənd-kənd, bölgə-bölgə gəzib, yaradıcılığını xalqımızın adət-ənənələrinin, tarixi keçmişinin, məişətinin tədqiqinə, etnobütövlüyün əsaslarına həsr etmişdir. Alim belə səmərəli elmi axtarışları nəticəsində azərbaycanlıların Qafqazda aborigen olduğunu tutarlı dəllillərlə isbat etmişdir.
1938-ci il fevralın 23-də qədim Qubanın axarlı-baxarlı guşələrindən olan Aydınkənddə dünyaya göz açan Qəmərşah Cavadov 1956-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində (BDU) tarixçi ixtisasına yiyələnmişdir. Xalqımızın tarixi keçmişinə, məişətinə və adət-ənənələrinə olan sonsuz marağı onu Azərbaycan EA-nın Tarix İnstitutuna gətirmiş, etnoqrafiya üzrə elmi axtarışlara başlamışdır. 67 illik ömrünün 42 ilini bu elm ocağında səmərəli fəaliyyətə həsr edən Qəmərşah müəllim ölkəmizdə və onun xaricində etnoqrafiya, milli-etnik münasibətlər haqqında dəyərli əsərlər ərsəyə gətirmişdir.
Professor Q.Cavadovun elmi yaradıcılığı respublikamızda yaşayan milli azlıqların etnoqrafik xüsusiyyətlərini də əhatə etmişdir. Monoqrafiyalarında hər bir xalqın özünəməxsusluğundan və təkrarsızlığından söz açan görkəmli alim Azərbaycanda ilk dəfə xalq əkinçilik texnikasının məhəlli köklərini araşdırmışdır. “XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri”, “Azərbaycanda xalq əkinçilik təqvimi və meteorologiyası”, “Azərbaycanda əkinçilik mədəniyyəti: ənənələr və müasirlik”, “Əkinçilik mədəniyyətimizin sorağı ilə”, “Azərbaycanda el köməyi adətləri” və digər monoqrafiyaları, habelə respublikanın və eləcə də keçmiş ittifaqın elmi jurnallarında, beynəlxalq konfransların materiallarında nəşr etdirdiyi 350-dən artıq məqalə xalqşünas alimin elmi yaradıcılığının zəngin səhifələridir.
“Azərbaycanın azsaylı xalqları və milli azlıqları” monoqrafiyasında professor Qəmərşah Cavadov dünyanın etnik xəritəsində yalnız ölkəmizdə movcud olan etnoslar barədə məlumat vermişdir.
Alim Azərbaycanın azsaylı etnoslarının Şahdağ xalqlarından (xınalıqlılardan, buduqlulardan, qırızlılardan, hapıtlılardan) və başqa etnik vahidlərdən ibarət olduğunu qeyd etmişdir. Bununla yanaşı, respublikamızda tatlar, talışlar, kürdlər, ləzgilər, avarlar, saxurlar və ingiloylar, habelə qeyri-müsəlman etnosların məşkunlaşdığını bildirən müəllif onları dil ailələri və dini inanc baxımdan qruplaşdıraraq hər birini ardıcıllıqla tədqiq etmişdir. Qəmərşah Cavadov kiçik etnosların Azərbaycan xəritəsində qorunub gələcək əsrlərə çatdırılması üçün, xüsusilə Quba rayonunun Xınalıq, Buduq, Qrız, Cek kəndlərinin açıq səma altında muzeylərə çevrilməsini, onların dünya turist marşrutlarına daxil edilməsini təklif edərək bu sahədə dünya təcrübəsindən bəhrələnməyi məsləhət görmüşdür.
2002-ci ildə Azərbaycanda ikinci dəfə səfərdə olan məşhur Norveç alimi və səyyahı, dünya şöhrətli etnoqraf Tur Heyerdal Qəmərşah müəllimin “Azərbaycanın azsaylı xalqları və milli azlıqları” monoqrafiyası ilə tanış olmuş, kitabı ingilis dilinə çevirtdirib çap etdirmək qərarına gəlmişdi. Təəssüf ki, məşhur səyyah bu arzusunu gerçəkləşdirə bilmədi, 2002-ci ilin aprelində vəfat etdi...
Qəmərşah müəllim yazırdı ki, xarici əleyhdarlarımız Azərbaycanda azsaylı xalqların, milli azlıqların assimiliyasiya edilməsinə aid əsərlər yazıb respublikamıza böhtan atmaqla məşğuldurlar. Güya, Azərbaycanda talış, tat, kürd, ləzgi, avar, udi, buduq, qırız adlı etnoslar sıradan çıxarılmışdır. Alim bu böhtanlara cavab vermək üçün adları çəkilən etnosların hər biri, eləcə də talışlar haqqında elmi əsərlərin yazılmasını zəruri sayırdı. O, Azərbaycan xalqının etnososial birliyinin yaranmasında respublikamızın ərazisində məskunlaşmış azsaylı xalq və etnik qrupların rolunu çox yüksək dəyərləndirirdi.
Qəmərşah Cavadov yeganə azərbaycanlı etnoqraf alim idi ki, müxtəlif mövzularda yazdığı məqalələr Rusiya, Ukrayna, Belarus, ABŞ, Almaniya, İsrail, Qazaxstan, Gürcüstan və Moldova kimi ölkələrin ən nüfuzlu elmi jurnallarında dərc edilmişdi. Həmçinin o, xarici ölkələrdə nəşr olunan bir sıra elmi-kütləvi jurnalların redaksiya heyətinin və redaksiya şurasının üzvü olmuşdur.
Fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev Qəmərşah Cavadovu elmi axtarışlardan zövq alan alim adlandırırdı. Əməkdar elm xadimi öz xatirəsində etnoqraf dostunun Azərbaycanda əkinçilik mədəniyyəti mövzusuna aid tarixi-etnoqrafik əsərlərini ciddi araşdırmaların bəhrəsi olduğunu qeyd edirdi. Sağlığında Azərbaycan elminin şöhrətini onun sərhədlərindən çox-çox uzaqlara yaymış və təbliğ etmiş vətənpərvər alim həmişə deyərmiş: “Mənim Azərbaycan əkinçilik mədəniyyətinin tarixini araşdırarkən bir məqsədim olub: Azərbaycan xalqının oturaq xalq olduğunu sübut etmək”.
Əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov öz xatirələrində yazırdı ki, Qəmərşah müəllim Azərbaycan xalqının gələcəyi naminə vətənimizin vahid, bölünməz bir dövlət olması üçün canından belə keçməyə hazır idi. “O, öz əsərlərində heç nədən çəkinməyərək Azərbaycan xalqını, vətənimizi bölməyə çalışan hər cür ünsürlərlə mübarizə aparır, mətbuat səhifələrində və tribunalardan onları elmi dəlillərlə tənqid və ifşa edirdi”.
Q.Cavadovun əsərləri Azərbaycan türkcəsində, bəziləri rus dilində yayılıb oxucuların rəğbətini qazanmışdı. O, yalnız azsaylı xalqlar haqqında dünyaya məlumat verən bir tədqiqatçı olmaqla kifayətlənməyib, həm də respublikamızda peşəkar etnoqraf kadrların yetişməsi üçün əlindən gələni əsirgəməyib. Alimin faydalı məsləhətlərinin və tövsiyələrinin respublikamızda yüksək ixtisaslı elmi kadrların hazırlanmasında rolu danılmazdır.
Şəxsiyyəti və ziyalılığı ilə özünə dərin hörmət qazanmış istedadlı alim, qayğıkeş pedaqoq professor Qəmərşah Cavadov 2005-ci ilin aprelin 27-də Bakı şəhərində haqqın dərgahına qovuşmuşdur. Görkəmli alimin ərsəyə gətirdiyi hər bir əsəri qiymətsiz xəzinə kimi xalqımızın sabahına mirasdır.
Nurəddin ƏDİLOĞLU, yazıçı-jurnalist