Bayram bazarlığı: alıcılar həm razı, həm də narazıdır

post-img

Novruz Azərbaycanda qədim tarixə malik el bayramıdır. Bayramın yaraşığı isə ləziz təamlarla bəzədilmiş süfrələrdir. Xalqımız bayram süfrəsinə xüsusi diqqət yetirir. Süfrədə yeddi növ xörək, həmçinin müxtəlif növ çərəzlər olur. Bayrama sayılı günlər qalmış yolumuzu Xırdalan bazarından salıb alış-verişə gələn müştərilərlə söhbətləşdik.

Xırdalan sakini Təşəkkür Hüseynov dedi: –İndi bazarda hər şey var. Xırda­lan bazarı digərləri ilə müqayisədə qiymət sarıdan da bir o qədər baha deyil. Ötən illə müqayisədə bu il bazarda çərəzlərin qiymətləri bir qədər aşağıdır. Biz də bay­ram alış-verişinə çıxmışıq. Bəzi məhsul­ların qiyməti marketlərlə müqayisədə çox ucuzdur. Səbəb isə bazardakı məhsul­ların əksəriyyətinin rayonlardan birbaşa gətirilməsidir. Çalışırıq ki, bu imkandan yararlanaq. 

Həmsöhbətim onu da bildirdi ki, bay­ram bazarlığı ailə büdcəsindən asılı ola­raq dəyişir. O, şəbəkə marketlərlə müqa­yisədə bazardan alış-verişin müştərilər üçün daha sərfəli olduğunu qeyd etdi.

Hüseyn Əliyev isə dedi ki, qiymətlər onu qane etmir. Düzdür, hipermarketlərlə müqayisədə burada qiymətlər nisbətən aşağıdır. Ancaq, ümumilikdə, qiymətlər çox yüksəkdir. Belə ki, ötən illər şabalı­dın kilosu 3-4 manat olduğu halda, indi qiymətlər 10-12 manatadək yüksəlib. Qoz-fındıq istisna olmaqla bayram süfrəsi üçün tələb olunan bütün məhsulların qiy­mətində artım müşahidə edilir. 

Satıcı Arif kişi isə bunları dedi:– Bay­ram ərəfəsində bazarda alıcı fəallığı ar­tıb. Bunun səbəbi isə burada məhsulla­rın ucuzluğu və marketlərlə müqayisədə daha çox seçim üstünlüyüdür.

Həmin gün Xırdalan bazarında insan­lar bayram bazarlığı edərək evlərinə tələ­sirdilər. Axı, qarşıdan Novruz gəlir!

A.ELÇİN, “Xalq qəzeti”

11-a.jpg

Sosial həyat