Qızılca həyəcanı: vəziyyət nə dərəcədə ciddidir?

post-img

Ermənistanda qızılcaya yoluxanların sayı 40-a çatıb. Onlardan 18 nəfər xəstəxanaya yerləşdirilib. Bundan əvvəl yoluxaraq tibb müəssisələrində müalicə alanlardan isə 7 nəfər sağalaraq evə buraxılıb. Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlərin hamısı ağırlaşma diaqnozu ilə daxil olublar. Yayılan məlumata görə, iki nəfərin vəziyyəti hələ də ağır, qalan 16 nəfərin durumu isə orta ağır olaraq qiymətləndirilir.

Bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, yoluxanlardan 36 nəfər qızılcaya qarşı peyvənd vurdurmayan, 3 nəfər isə bir doza vaksin alanlardır. Qeyd edək ki, milli peyvənd təqviminə əsasən, uşaqlar 1 və 6 yaşlarında qızıl­caya qarşı peyvəndlənməlidirlər. Nazir­lik yoluxmalarla bağlı vətəndaşlara mü­raciət edib ki, peyvənd təqviminə uyğun olaraq, valideynlər qızılcaya qarşı vak­sin olunmayan uşaqlara təcili peyvənd vurdursunlar. Müraciətdə yoluxanlarla təmasda olan, bir doza peyvənd alanla­rın ikinci dozanı vurdurmasının vacibliyi də qeyd edilib.

Qızılca təhlükəsi ABŞ-da da nara­hatlıq yaradıb. Belə ki, ötən ay ABŞ-ın Kentukki ştatının Vilmor şəhərində Asburi universitetində xristian qrupu tərəfindən təşkil edilən tədbirdən sonra iştirakçılardan birində qızılca diaqnozu təsdiqlənib. ABŞ Xəstəliklərə Nəzarət və Müdafiə Mərkəzi məlumat verib ki, həmin dini tədbirə qatılan 20 min insan qızılca epidemiyası riskinə məruz qala bilər. Ona görə də tədbir iştirakçıları başqalarını yoluxdurmamaq üçün 21 gün karantində qalmalı, simptomlarını izləməlidirlər.

Mərkəzin məlumatında, həmçinin peyvənd olunmamış insanların qızılca, parotit və məxmərək əleyhinə vaksin olunması tövsiyə olunub. Səlahiyyət­lilər xəbərdarlıq edir ki, qızılca virusu tənəffüs yolu ilə son dərəcə yoluxucu­dur. Bununla bağlı peyvəndlərin hazır­lanmasına baxmayaraq, bu epidemiya bütün dünyada uşaq ölümlərinin əsas səbəbidir.

“Memorial Klinika”nın pediatrı Vaqif Qarayev Azərbaycanda qızılcaya yo­luxmanın vəziyyəti barədə məlumat verdi. Bildirdi ki, qızılca infeksion xəstə­lik olaraq, adətən, uşaqlar arasında ya­yılsa da, peyvənd almayan böyük yaşlı insanlar da hər hansı yaşda qızılcaya yoluxa bilirlər. Pediatr medianın yaydığı məlumatlara istinadən, qonşu ölkələr­də xəstəliyin son vaxtlar həddən çox artdığını bildirdi. Qeyd etdi ki, pande­miyadan öncə qızılca ölkəmizdə də ge­niş yayılmışdı: “Hətta bir müddət əvvəl ÜST həyəcan təbili çalırdı ki, uşaqları peyvənd olmayan ölkələrdə qızılcanın epidemiyası gedir. 

Qızılca xəstəliyində ağırlaşma olma­sa, sonrakı üç-dörd gündə səpkilər sön­məyə doğru gedir və uşağın vəziyyəti yaxşılaşır. Amma müalicə qaydasına düzgün əməl edilməyəndə xəstəlik ağır formaya keçir. Xəstəliyin ən qorxulu ağırlaşması uşaqda qızılca pnevmo­niyası, bir də ensefalitin (baş beyinin zədələnməsi) baş verməsidir. Bu ağır­laşmalara ciddi yanaşılmayanda ölümlə nəticələnə bilir. Ölkəmizdə qızılcanın həyəcan doğurduğunu demək olmaz. Az da olsa, təsadüf edilir, amma ağır­laşma ilə bağlı heç bir məlumat yoxdur”. 

 

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat