Bu gün Azərbaycanın idman ictimaiyyətinin bayramıdır. Ölkəmiz 5 mart Bədən Tərbiyəsi və İdman Gününü qeyd edir. Həyatımızda özünə gənclik, gözəllik və sağlamlıq bayramı kimi layiqli yer edərək, bütün idman adamlarımızın ürəyindən olmuş bu tarixi günə Prezident İlham Əliyevin 2005-ci il martın 4-də imzaladığı sərəncamla start verilmişdir. O vaxtdan Bədən Tərbiyəsi və İdman Gününü yüksək fəallıq şəraitində, sağlamlıq və gümrahlıq məşğələlərinə, eləcə də, böyük idmana sevgi və məhəbbətlə bayram edirik.
Bədən tərbiyəsi və idman məşğələlərinin asudə vaxtımızın təşkilində, gənc nəslin sağlam və gümrah böyüməsində, oğlan və qızların hərbi-vətənpərvərlik tərbiyəsində, fiziki hazırlığında, nəcib keyfiyyətlərə yiyələnməsində mühüm rol oynadığı indi heç kimə sirr deyil.
Xüsusilə əlamətdar haldır ki, idman ictimaiyyətimizin, əslində uşaqdan tutmuş böyüyədək hər birimizin, hər ailənin daim sevinclə gözlədiyi 5 mart günü bu dəfə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünun qeyd olunduğu ilə təsadüf edir.
İnsan həyatının ayrılmaz tərkib hissəsi kimi bədən tərbiyəsi və idman məşğələlərinə daim böyük əhəmiyyət vermiş bu dahi şəxsiyyət respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində öz çıxışlarında onların faydası və qüdrəti haqqında yüksək fikirlər söyləmiş, sağlamlığımıza və gümrahlığımıza xidmət edən startların hər yerdə kütləvi hal alması zərurətini xüsusi qeyd etmişdi.
Belə qayğı və diqqətin nəticəsidir ki, Azərbaycanda inşa edilmiş yaraşıqlı idman mərkəzlərində, əlliyə qədər Olimpiya İdman Kompleksində və digər idman qurğularında məşq və yarışlar üçün hər cür şərait yaradılmışdır, onlarda mötəbər turnirlər yüksək səviyyədə təşkil olunur və hamı təşkilatçılara minnətdarlığını bildirir.
Azərbaycan bədən tərbiyəçiləri və idmançılarının builki bayramı həm də Paris Olimpiadası–2024-ə lisenziya xarakterli yarışlarla əlamətdardır. Bu il güləş, cüdo, boks, taekvondo, gimnastika və bir sıra başqa növlərdə ən yaxşı idmançılarımızı olimpiya "biletləri" uğrunda gərgin mübarizə gözləyir. Ağır sınaqlardan şərəflə çıxanlar gələn il Fransa paytaxtında növbəti Olimpiya oyunlarında Vətənimizi təmsil etmək hüququ qazanacaqlar. Olimpiyaçı olmaq, medal sevinci yaşamaq, fəxri kürsüdə təbrikləri qəbul etmək isə böyük xoşbəxtlikdir.
Bu gün Azərbaycanın bütün guşələrində bayram sevinci yaşanır. Ölkəmizin hər yerində, o cümlədən Vətən müharibəsində erməni işğalçıları üzərində möhtəşəm qələbəmizdən sonra işğaldan azad edilmiş ərazilərdə – Şuşada, Suqovuşanda artıq beynəlxalq yarışlar təşkil olunur. Olimpiyaqabağı 2023-cü ildə belə yarışların miqyası daha da genişlənəcək.
Ölkəmizdə bədən tərbiyəsi və idman məşğələləri dövlətin, şəxsən ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin daimi qayğısı ilə əhatə olunub. Bu istiqamətdə atılan inamlı addımlar, həyata keçirilən təxirəsalınmaz tədbirlər, görülən böyük işlər artıq çoxdandır Azərbaycanın dünyada qüdrətli idman dövləti kimi tanınmasında mühüm rol oynamışdır.
Ümummilli lider Heydər Əliyev çıxışlarından birində bu barədə fəxrlə demişdi: “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur ”.
Həqiqətən, idmanımızın ən yaxşı nümayəndələri müstəqil komanda şəklində çıxış etdikləri Olimpiya oyunlarında qazandıqları böyük uğurlarla ölkəmizi dünyaya daha yaxından tanıtmışlar. Dövlət müstəqilliyimizin bərpasından ötən müddət ərzində sərbəst güləş ustası Namiq Abdullayevin və stend atıcısı Zemfira Meftahətdinovanın Sidney Olimpiadası – 2000-də, bundan dörd il sonra yunan-Roma güləşçisi Fərid Mansurovun Afinada, Pekin–2008-də cüdoçu Elnur Məmmədlinin, 2012-ci ildə “sərbəstlər” Toğrul Əsgərovla Şərif Şərifovun Londonda XXXl Olimpiya Oyunlarında, Rio-de-Janeyro– 2016-da taekvondoçu Radik İsayevin qazandıqları qızıl medallar, eləcə də, digər olimpiyaçılarımızın gümüş və bürünc mükafatları Azərbaycan idmanının qüdrətini nümayiş etdirmiş, ölkəmizin şöhrətini artırmışdır. İndi Azərbaycan ümumdünya olimpiyaçılar ailəsində nümunəvi ölkə kimi tanınır. Olimpiya oyunlarının qalib və mükafatçıları isə milli sərvətimizdir.
Həyat və məişətimizdə, fəaliyyətimizin bütün sahələrində ən yaxın köməkçimizə çevrilmiş bədən tərbiyəsi və idman məşğələləri sevinc, sağlamlıq və gözəllik mənbəyidir. Bu bayram günlərində təşkil edilən müxtəlif yarış və tədbirlərdə minlərlə insanın fəal iştirakı belə məşğələlərin əhəmiyyətinə verilən dəyərin yüksək təzahürüdür.
Respublikamızda növbəti dəfə Bədən Tərbiyəsi və İdman Günü qeyd olunur. Hamı xoş əhvaldadır, hər kəs startlara həvəslə çıxır, qüvvə və bacarığını nümayiş etdirir.
Günün mübarək, Azərbaycan idmanı!
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist