Keçmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür

post-img

Fevralın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Komitədən AZƏRTAC-a bildirilib ki, görüşlərdə Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, dövlətimizin başçısı məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün zəruri tədbirlər görülür. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə birinci xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.





Sosial həyat