TRIPP və erməni cəmiyyəti üçün həyati məsuliyyət

post-img

Yaxud Naxçıvana maneəsiz yolun Azərbaycan üçün haqq işi mahiyyəti

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri kontekstində ortaya bir çox məsələlər atılır. Belə məsələlərdən biri də ötən il avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda imzaladıqları Birgə Bəyannamədir.

Söhbət başlıca olaraq sözügedən sənədin Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, yaxud “Tramp marşrutu” və ya qısaca TRIPP seqmentindən gedir. Erməni müxaliflər hazırda TRIPP-ın reallaşmasının mümkünsüzlüyü üzərində təbliğat qurur, əsas kimi İran və ABŞ arasında məlum müharibə səbəbindən yaranmış gərginliyə söykənirlər. Onlar bildirirlər ki, Tehran ərəb ölkələrində olduğu kimi, Cənubi Qafqazda da Birləşmiş Ştatlara məxsus infrastrukturu hədəfə ala bilər. Yəni bu kimi deyimlər erməni iqtidarının səriştəsizliyini sübuta yetirmək üçün, bir növ, alətə çevrilir. Əlbəttə, TRIPP-in iqtisadi mahiyyəti unudulur. Həmçinin layihənin region ölkələrinə barəsində dəfələrlə söz açılan dividendləri yaddan çıxarılır. Yaddan çıxarılır ki, TRIPP Cənubi Qafqaz xalqlarının dinc və əmin-amanlıq, rifah və asayiş şəraitində yaşamalarının təminatıdır.

Mənzərə aydındır: Ermənistanda anti-TRIPP təbliğatı aparanlar Cənubi Qafazda əmin-amanlığın formalaşmasında maraqlı deyillər və onlar imperialist qüvvələrin regiondan yapışmaq ssenarilərinin icrasına can atırlar. Söhbət həmin qüvvələrin xalqlar arasında nifaq və düşmənçilik yaratmaqla, bölgədəki mövcudluğu davam etdirmək planlarından gedir. Ona görə də anti-TRIPP təbliğatı fonunda Ermənistan müxalifətinin ölkəni və erməni xalqını, onun gələcəyini düşünməyəcək qədər miskin və rəzil görkəmindən təəssüflənirik. Yəni ən azından təəssüflənirik. Amma məsələ bunda deyil. Çünki təəssüf hissi müəyyən ərk və gözləntidən qaynaqlanır. Hay müxalif kəsimindən konstruktiv heç nə gözləməsək də, onun nümayəndələrindən tələbimiz var. Tələbimiz reallığı anlamaları və TRIPP layihəsinin timsalında Zəngəzur dəhlizinin Azərbaycanın, belə demək mümkünsə, halal haqqı olmasını dərk etmələridir.

Baş nazir Nikol Paşinyan administrasiyası TRIPP-i necə təqdim etməsindən asılı olmayaraq, durumun fərqindədir. Erməni iqtidarı “Tramp marşrutu”nun, mahiyyət etibarilə, Naxçıvana maneəsiz yol demək olduğunu anlayır. O yol ki, onunla əlaqədar müddəa 44 günlük müharibənin yekunlarını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda da əksini tapmışdı. Rəsmi İrəvan yolun açılması ilə bağlı öhdəlik götürmüşdü. O da məlumdur ki, Ermənistan və xaricdəki havadarları 2020-2025-ci illərdə var gücləri bu öhdəliyin gündəmdən çıxmasına çalışdılar. Amma məqsədlərinə çata bilmədilər.

Nəhayət, Vaşinqtonda Azərbaycanın haqqı bir daha rəsmi şəkildə tanındı. Yəni üzərindən beş il keçdikdən sonra Naxçıvana maneəsiz yol məsələsi bir daha sənədləşdi. İstər üçtərəfli Bəyanatda, istərsə də Birgə Bəyannamədə Ermənistan dövlətinin ali təmsilçisinin imzası var. İmza isə ciddi məsələdir. İndiki halda həm də dövlətçilik məsələsidir. Ermənistanda parlament seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, gerçək mahiyyət məhz bundadır.

Naxçıvana maneəsiz yol Azərbaycan üçün həyati əhəmiyyətlidir, böyük strateji anlam daşıyır. Bu yol, eyni zamanda, xalqımız üçün illərlə çəkdiyi əzab-əziyyətlərin, məhrumiyyətlərin, yaşadığı faciələrin müqabilində mükafatdır. Naxçıvana maneəsiz yol həm də ilahi ədalətin təcəllisidir. O ədalətin ki, qarşısını bütövlükdə Türk dünyasını parçalamaq yönümlü məkrli plan kəsmişdi. O plan ki, əzəli türk-müsəlman, Azərbaycan torpaqlarının erməni varlığına peşkəş edilməsi hesabına reallaşmışdı.

Müasir, güclü və qüdrətli Azərbaycan dövləti öz əzmi və iradəsi ilə məhz haqsızlığı aradan qaldırmaq yolundadır. Bu yolun adının Tramp və ya bir başqa cür olmasının önəmi ilahi ədalətin təcəllisi məntiqindən heç cür üstün ola bilməz. Ermənistanda bu dediklərimizin dərki nəinki vacibdir, həmçinin, həyatı əhəmiyyətlidir. Hadisə və proseslərin səmimi şəkildə dərk edilməsi erməni cəmiyyəti və toplumu, bütövlükdə dünya erməniliyi üçün onlara ziyan və zərərdən başqa heç nə verməyən düşmənçilik və nifaq səhifəsinin tamamilə bağlanması deməkdir.

Ermənistanın və siyasi mövqeyindən asılı olmayaraq, erməni varlığı üçün hazırkı reallığın dərki ümumən Cənubi Qafqaz regionunun inkişafı naminə son dərəcə zəruridir. Təsəvvür edin, bu varlıq məskunlaşdığı vaxtdan bəri yaşadığı coğrafiyaya heç bir xeyir verməyib, əksinə onu qanla suvarıb. İndi faydalı olmağın zamanıdır. Hay cəmiyyəti məhz bu barədə düşünməlidir. Faydanın yolu TRIPP-dən, yəni Zəngəzur dəhlizi və Naxçıvana yoldan keçir.

Digər tərəfdən, erməni cəmiyyəti Naxçıvana maneəsiz yolun vacibliyini iqtidar-müxalifət yanaşması kontekstində dəyərləndirməli deyil. Hakimiyyətlər bu gün var, sabah yoxdur. Məsələ isə stratejidir, Ermənistan adlı dövlətin mövcudluq və gələcək yaşam kartıdır. Nəzərə alaq ki, Naxçıvana yolun maneəsizliyi özündə bir çox mətləbləri – düşmənçilikdən, ixtilafdan qan-qadadan uzaq durmağı daşıyır. O mətləbləri ki, onlara yenidən tapınmaq Ermənistan üçün 2020-ci ildə yaşadığından da artıq fəlakətdir.

Ayrıca onu da deyək ki, Naxçıvana maneəsiz yol qonşularla normal keçinmək, onlara qarşı heç bir ərazi iddiasında olmamaqdır. Axı bu yolun zamanında kəsilməsi məhz torpaq hərisliyindən, özünün olmayana sahiblənmək ambisiyasından qaynaqlanmışdı. Hazırda Azərbaycan öz əzəli torpaqlarında formalaşmış Ermənistan adlı dövlətin ərazi bütövlüyünü və suverenliyini tanıyırsa, bu, erməni cəmiyyəti tərəfindən lütf kimi qiymətləndirilməlidir. Əvvəldə də bildirdi ki, zaman həm də o lütfün mənfəətlərini görmək zamanıdır.

Bəli, indi sülh zamanıdır. Azərbaycan 44 günlük müharibədən sonra üzərində inamlı Zəfər çaldığı Ermənistana barış əlini uzatdı. Sonra bir çox xoşagəlməzliklər yaşandı. O cümlədən İrəvanın Bakının səmimi niyyətinə adekvat yanaşmadığını, Qarabağdakı separatçı rejimi saxlamaq naminə dəridən-qabıqdan çıxdığını gördük. Bütün bunların fonunda Vaşinqtonda ötən il avqustun 8-də imzalanmış Birgə Bəyannamənin özünün də Ermənistan üçün lütf olduğu vurğulanmalıdır.

Birgə Bəyannamə Ermənistan üçün ona görə lütfdür ki, ölkəmiz öz haqqına, bir növ, beynəlxalq libas geyindirilməsi, Naxçıvana maneəsiz yolun TRIPP adlandırılması və beləliklə, erməni cəmiyyətini narahat edən Azərbaycanın diktəsi klişesinin aradan qalxması ilə razılaşdı. Ən əsası isə Birgə Bəyannamə Naxçıvana yolu Ermənistan ərazisi kimi təsdiqlədi. Ağlı başında olan erməni məhz bu cəhəti düşünməli və nəticə çıxarmalıdır.

Sonda bütün dediklərimizi ümumiləşdirərək bildirək ki, Ermənistanda bu il iyunun 7-də keçiriləcək parlament seçkiləri ermənilər üçün həm də ağıllarını başlarına yığmaq fürsəti və şansıdır. TRIPP-ın reallaşmasının mümkünsüzlüyü üzərində təbliğat qurmaq, İran-ABŞ ədavətinə, habelə digər güclərin hansısa qarşıdurmasına fokuslanmaq, eləcə də bu sayaq təbliğat parametrlərinə inanmaq mənasızdır.

Erməni cəmiyyəti regionun gələcəyi, Ermənistan adlı dövlətin mövcudluğu naminə məsuliyyətli davranmalı, necə deyərlər, əlini daşın altına qoymalıdır. Hələlik bunun tək yolu Paşinyan iqtidarını dəstəkləmək, onun qələbəsi naminə çalışmaq, revanşist və şovinistlərin, keçmişin qul təfəkkürlü cəlladlarının ucuz populizmini kənara qoymaqdır.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət