Baş nazir Qarabağ səhifəsinin və “qayıdış məsələsi”nin bağlandığını rəsmən elan etdi
Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərinin rəsmi təbliğat-təşviqat kampaniyası hələ başlamayıb. Buna baxmayaraq, fevralın sonu, martın əvvəlindən etibarən siyasi qüvvələr qeyri-rəsmi şəkildə prosesə start veriblər. Baş nazir Nikol Paşinyan, eləcə də onun əsas rəqibləri – keçmiş prezident Robert Koçaryan, biznesmen Qaqik Sarukyan paytaxtda və bölgələrdə ölkə vətəndaşları ilə aktiv şəkildə görüşlər keçirirlər. Ermənistanla yanaşı, Rusiya və Kipr Respublikası vətəndaşlığına malik milyarder Samvel Karapetyan isə tərəfdarları ilə birbaşa görüşlər keçirmir. Bu prosesi onun “Güclü Ermənistan” partiyasının seçki siyahısına rəhbərlik edən qardaşı oğlu Narek həyata keçirir.
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 13-dən başlayaraq siyasi partiya və seçki bloklarından sənədlərin qəbuluna başlayıb. Qeydiyyat aprelin 23-ü saat 18:00-a qədər davam edəcək. Daha əvvəl ölkə parlamenti partiyaların parlamentə düşə bilmələri üçün həddi 5 faizdən 4 faizə endirmişdi. Bloklar üçün həddi 8 faizə (üç partiyanın birliyi üçün) və 10 faizə (dörd və ya daha çox partiyanın birliyi üçün) qaldırmışdı.
Seçki prosesinə rəsmən start verilmədiyi halda siyasi qüvvələrin təşviqata başlamaları Ermənistan mətbuatının təəcübünə səbəb olub. “Joxovurd” qəzeti bununla bağlı “Seçki kampaniyası başlayıb, lakin Mərkəzi Seçki Komissiyası onu nəzarətdə saxlaya bilmir” başlıqlı məqalə dərc edib. Mərkəzi Seçki Komissiyası isə məqalədə irəli sürülən iddiaları əsassız və qanunvericiliyin tələblərini bilməməsinin nəticəsi kimi qiymətləndirib. Qurumun yaydığı açıqlamada bildirilib ki, siyasi qüvvələrin seçkiqabağı dövr xaricində təşviqat fəaliyyətinə məhdudiyyət tətbiq edilmir. Qeyd olunub ki, siyasi qüvvələr və siyasətçilər rəsmi seçkiqabağı kampaniya başlamazdan əvvəl təşviqat aparmaqda sərbəstdirlər. Komissiya əlavə edib ki, siyasi qüvvələr vətəndaşlarla sərbəst görüşə, ölkənin müxtəlif yaşayış məntəqələrinə səfərlər edə və qanunla qadağan olunmayan digər fəaliyyətləri həyata keçirə bilərlər.
O da bildirilib ki, seçkiqabağı təşviqat mayın 8-dən iyunun 5-dək aparılacaq. Səsvermədən bir gün əvvəl və səsvermə günü təşviqat qadağandır. Qeyd edək ki, MSK sədri Vaaqn Ovakimyan daha əvvəl bildirmişdi ki, rəsmi seçkiqabağı kampaniya başlamazdan əvvəl siyasi qüvvələr təşviqat baxımından məhdudlaşdırılmır.
***
Aprelin 20-də seçkiqabağı prosesdə daha bir vacib hadisə baş verib. Baş nazir N.Paşinyan “Facebook”da canlı yayım açaraq 1 saat 45 dəqiqəlik videomüraciət ərzində hakim “Mülki müqavilə” partiyasının seçki proqramını açıqlayıb. Proqramın Ermənistanın xarici təhlükəsizliyi ilə bağlı müddəaları bizimlə birbaşa əlaqəli olduğu üçün sənəddə bu istiqamətdə əksini tapan məqamları oxucuların diqqətinə çatdırmağı vacib saydıq. “Armenpress”in məlumatına görə, N.Paşinyan bildirib ki, xarici təhlükəsizlik bölməsi proqramın ən vacib hissələrindən biridir. Onun sözlərinə görə, əgər xarici təhlükəsizliyin əsas təminatçısı kimi yalnız ordu göstərilirsə, bu, əslində təhlükəsizliyin mövcud olmaması deməkdir: “Biz ordudan daha üstün olan əlavə təhlükəsizlik amillərini önə çəkməliyik ki, real təhlükəsizliyimizin mövcud olmasından danışa bilək. İndi sual budur: Ermənistanın xarici təhlükəsizliyini ordudan daha üstün hansı amillər təmin etməlidir?”
Paşinyan qeyd edib ki, belə amillərdən birincisi beynəlxalq legitimlikdir və bu, Ermənistanın xarici təhlükəsizliyinin əsas alətidir. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Ermənistanın ərazi bütövlüyünü keçmiş Ermənistan SSR sərhədləri çərçivəsində tanıyır: “Bu prinsip həm də bərqərar olmuş sülhün əsasını təşkil edir. Ermənistan və Azərbaycan 1991-ci il Alma–Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıblar”. Baş nazir vurğulayıb ki, beynəlxalq hüquqa uyğun, mübahisəsiz, yəni legitim ərazilərə malik olmaq təhlükəsizliyin əsas sütunlarından biridir. Paşinyan bir neçə gün əvvəl parlamentdə keçirilmiş müzakirələrə toxunaraq müxalifət nümayəndələrindən birinin sülhün yalnız müharibənin səbəbləri aradan qaldırıldıqda mümkün olduğunu bildirdiyini xatırladıb. Onun sözlərinə görə, bu, tamamilə düzgün yanaşmadır və məhz buna görə hökumət Qarabağ hərəkatına son qoyulmasının vacibliyini bəyan edib. Paşinyan qeyd edib ki, müharibə və münaqişənin əsas səbəbi məhz Qarabağla bağlı yanlış yanaşmalar olub: “Lakin biz bir-birimizin ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qəbul etdikdə, müharibənin səbəbi aradan qalxır, onun əsas səbəbi yox olur və məhz bu əsasda sülhün qurulması mümkün olur”. O əlavə edib ki, Ermənistanda müharibə tərəfdarı olan üçbaşlı siyasi qüvvə (Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası, Robert Koçaryanın “Ermənistan” bloku və Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası–S.H.) formalaşır. Baş nazir həmin qüvvələrin Qarabağ hərəkatını tədricən aktivləşdirməyə çalışdığını bildirib. Paşinyanın fikrincə, bu, yeni gərginliyə və müharibəyə səbəb ola bilər: “Əslində, 1991-ci ildən 2024-cü ilə qədər heç vaxt sülh olmayıb. Həmişə müharibə olub və bunun sübutu sərhəddə hər il itkilərin olmasıdır. Sülh sərhəddə itki və ya yaralıların olmamasıdır. Amma müxtəlif intensivlikli müharibələrimiz olub. Sərhəddə insanlar ölürsə, bu, müharibədir, amma müharibənin intensivliyi tamamilə fərqli bir məsələdir. Müharibə Qarabağ münaqişəsi, Qarabağ hərəkatı üzərində idi. Qarabağ hərəkatı sülh və təhlükəsizliklə uyğun deyildi. Və biz bunu nəzərə aldıq, dedik: hansı seçimimiz var? Və biz sülhü və təhlükəsizliyi seçdik. Və bu gün təhlükəsizliyimiz var, sülhümüz var. Bu günlərdə oxudum ki, üçbaşlı müharibə partiyasının nümayəndələri xəritələr, buraxılışlar dərc edirlər... Yeri gəlmişkən, deyim ki, Qarabağ münaqişəsi də çox günahsız humanitar məsələlərlə başlayıb. İndi onlar Qarabağa qayıtmaq hüququndan danışırlar. Azərbaycan bu məsələdə sizə tanış olan mövzulardan istifadə edərək buna müqavimət göstərəcək... Və oradan hər şey qızmağa, qaynamağa, qızışmağa və nəticədə münaqişəyə çevrilməyə başlayacaq”.
N.Paşinyan ilk dəfə 2024-cü ilin noyabr ayında elan etdiyi Azərbaycana təklif olunan strateji sazişin mahiyyətini də açıqlayıb. Sazişin mahiyyəti ondan ibarətdir ki, Alma–Ata Bəyannaməsinə əsaslanaraq ərazi bütövlüyünün qarşılıqlı tanınmasından sonra tərəflər sərhədləri delimitasiya-demarkasiya edir və “bir-birini rahat buraxırlar”. Bu isə sülh deməkdir. Bu kontekstdə o, ermənilərin Qarabağa qayıtması məsələsini əks-təsir hesab etdiyini bir daha təkrarlayıb, çünki Bakı “məlum məsələ”ni (Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qaytması–S.H.) qaldıraraq cavab verə bilər.
Bəli, Paşinyanın səsləndirdiyi yanaşma, əslində, Ermənistanın son illər keçdiyi ağrılı təcrübənin məntiqi nəticəsi kimi görünür. O, açıq etiraf edir ki, təkcə orduya arxalanan təhlükəsizlik modeli ölkəni qorumağa yetməyib və nəticədə uzun illər davam edən qarşıdurma, itkilər və qeyri-müəyyənlik yaranıb. Bu baxımdan onun “təhlükəsizlik ordudan yox, daha geniş anlayışdan başlayır” fikri reallığa daha yaxın yanaşmadır. Xüsusilə beynəlxalq legitimliyi ön plana çıxarması diqqət çəkir. Çünki məhz hüquqi tanınma və sərhədlərin qarşılıqlı qəbul olunması regionda sabitliyin əsas şərtidir. Ermənistan cəmiyyətinə də ilk dəfə bu qədər açıq formada deyilir ki, illərlə qurulan yanlış təsəvvürlər ölkəni təhlükəsiz etməyib, əksinə, yeni risklər yaradıb.
Ümumilikdə, bu çıxış seçki proqramından daha çox, cəmiyyətlə bir növ açıq söhbət təsiri bağışlayır. O, həm keçmiş səhvləri dolayı yolla qəbul edir, həm də gələcək üçün fərqli yol təklif edir. Bu yanaşma seçicilər üçün inandırıcı görünə bilər. Çünki insanlar uzunmüddətli gərginlikdən yorulub və daha proqnozlaşdırıla bilən, sakit gələcək istəyir. Bu baxımdan Paşinyanın mesajları seçki kampaniyasında ona ciddi üstünlük qazandıra bilər.
Səxavət HƏMİD
XQ

