Ölkəmizin regionda gündəm yaratma missiyası
Dünyamız hazırda xaos, qütbləşmə və qeyri-müəyyənlik mərhələsindədir. Müxtəlif coğrafiyalarda alovlanan yeni gərginlik ocaqları qlobal sülh arxitekturasının nə dərəcədə həssas olduğunu göstərir. Bu proseslər onilliklər ərzində formalaşmış nizamın və əldə edilmiş nailiyyətlərin nə qədər kövrək olduğunu və asanlıqla qırılma nöqtəsinə gələ biləcəyini nümayiş etdirir. Belə bir fonda Cənubi Qafqaz müsbət transformasiya tempinə görə dünyada unikal mövqeyə malikdir. Bölgədə qarşılıqlı əlaqələr dərinləşir və demək olar ki, bütün sahələrdə inkişaf dinamikası özünü aydın şəkildə büruzə verir.
Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiya iştirakçılarına ünvanladığı müraciətində yer alan tezislər bu aspektdə həm beynəlxalq təhlükəsizlik mühitinin dəqiq diaqnostikası, həm də regionda formalaşan postmünaqişə reallıqlarının beynəlxalq ictimaiyyətə təqdimatı baxımından konseptual əhəmiyyət kəsb edir. Bu gün ölkəmizin COP29, WUF13 və UNESCAP kimi mötəbər tədbirlərə ev sahibliyi etməsi və qlobal çağırışları gündəmə gətirməsi Azərbaycanın beynəlxalq arenada artıq “gündəm istehlakçısı” mövqeyindən çıxaraq, birbaşa “gündəm formalaşdırıcısı” statusuna yüksəldiyini sübut edir. Dövlət başçısının uzaqgörən xarici siyasət kursu Cənubi Qafqazın regional nüfuzunu daha da möhkəmləndirir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Prezident İlham Əliyev haqqında ötən il səsləndirdiyi fikir bu reallığın əyani təsdiqidir: “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz”. Buradan daha aydın olur ki, Cənubi Qafqazda balanslı siyasəti qoruyub saxlayan rəsmi Bakı regionun digər ölkələri üçün də uğurlu sabitlik və tərəfdaşlıq presedenti yaradır.
* * *
Azərbaycan Prezidentinin sessiya iştirakçılarına müraciətində yer alan fundamental tezislərdən birincisi qlobal təhlükəsizliyin kövrəkliyi fonunda beynəlxalq hüququn aliliyinin təmin edilməsi imperatividir. Hazırda dünya miqyasında cərəyan edən təhlükəli proseslər sübut edir ki, beynəlxalq hüquq normalarının ikili standartlardan uzaq, universal və bərabər tətbiqi bəşəri sabitliyin yeganə qarantıdır. Təəssüflər olsun ki, dünyanın ən ali institutu hesab olunan Birləşmiş Millətlər Təşkilatı (BMT) bu gün bir çox hallarda böhranların qarşısını sadəcə “qınamaqla”, əldə olunmuş nailiyyətləri isə yalnız “təbrik etməklə” kifayətlənir. Təşkilat hələ də ötən əsrin reallıqlarına əsaslanan qaydalarla “gün keçirir” və dünyanı sanki 5 daimi üzvün maraqları ətrafında cəmləşmiş dövlətlərdən ibarət hesab edir. Bu yanaşma XXI əsrdə münaqişə ocaqlarının söndürülməsinə xidmət etmək əvəzinə, məhz həmin ölkələrin “veto” siyasəti və maraqların toqquşması səbəbindən böhranların həllini daha da çətinləşdirir.
Bu xüsusda, ölkə başçısının müraciətdə qeyd etdiyi kimi, Azərbaycanın dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sarsılmaz sadiqliyi dövlətin varlıq fəlsəfəsinə çevrilib. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi yolla tam bərpa etməklə beynəlxalq hüququn icrasını təkbaşına təmin etmiş dövlət olaraq ali tribunalarda bu prinsiplərin qorunmasının vacibliyini ardıcıl olaraq diqqətə çatdırır. Genişlənən münaqişələr fonunda dövlətlərin daxili işlərinə qarışmamaq və sərhədlərin toxunulmazlığı prinsiplərinə qeyd-şərtsiz hörmət beynəlxalq nizamın iflasdan xilası üçün alternativsiz yoldur.
* * *
Yazının əvvəlinə qayıdaraq bir daha qeyd edək ki, hazırda qlobal təbəddülatlarla müqayisədə Cənubi Qafqaz dərin transformasiya dövrünü yaşayır. Otuz illik işğalın və münaqişənin başa çatması ilə regionda dağıdıcı qarşıdurma erası bitib, onun yerini konstruktiv və inkişafyönümlü yeni arxitektura tutub. Ölkəmiz hərbi müstəvidə mütləq qalib tərəf olmasına baxmayaraq, tərəddüd etmədən Ermənistanla sülh gündəliyinin təşəbbüskarı kimi çıxış edərək regionun gələcəyini dinc-yanaşı yaşamaqda gördüyünü nümayiş etdirir. Bu gün irəli sürülən sülh təşəbbüsləri abstrakt xarakter daşımır və artıq real nəticələr verir. Biz bu prosesin praktiki bəhrələrini tədricən bir çox sahədə görməyə başlayırıq.
Şübhəsiz ki, sülh gündəliyinin dayanıqlılığını təmin edən əsas sütunlar qarşılıqlı etimad mühitinin yaradılması və praqmatik iqtisadi addımlardır. Dövlət başçısının müraciətində vurğulanan Azərbaycan və Ermənistan arasında ticarət münasibətlərinin perspektivləri, habelə rəsmi İrəvan üçün tranzit çıxışı imkanlarının yaradılması regionun iqtisadi potensialının tam bərpasına xidmət edir. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən Cənubi Qafqazda kommunikasiyaların bərpası onilliklər boyu təcriddə qalmış Ermənistan üçün iqtisadi dirçəliş baxımından həlledici fürsətdir. Bu xüsusda, Azərbaycan və Ermənistan arasında birbaşa idxal-ixrac əməliyyatlarının bərpası postmünaqişə dövründə iqtisadi sülhün təməl daşlarından biri hesab olunur. Statistik göstəricilər artıq bu istiqamətdə real hərəkətliliyin başladığını təsdiqləyir. Cari ilin yanvar-mart ayları ərzində Azərbaycandan Ermənistana 5,758 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Yaxın gələcəkdə Ermənistandan da Azərbaycana müəyyən məhsulların ixracının həyata keçirilməsi planlaşdırılır və bu istiqamətdə artıq ilk addımlar atılır. Digər tərəfdən regional kommunikasiyaların, xüsusilə də TRIPP kimi strateji layihənin gələcəkdə reallaşması hər iki ölkənin iqtisadiyyatı üçün daha səmərəli və ucuz logistik pəncərələrin açılmasına şərait yaradacaq. Bu infrastruktur layihəsi ticarət əlaqələrini həm lokal, həm də qlobal logistik zəncirə inteqrasiya edərək Cənubi Qafqazın tranzit əhəmiyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldəcək.
Təbii ki, mövcud sülh gündəliyinin ən həssas və vacib tərəflərindən biri ictimai rəyin sülhə hazırlanmasıdır. Vətəndaş cəmiyyəti nümayəndələrinin dialoqu və qarşılıqlı etimadın formalaşdırılması siyasi razılaşmaların cəmiyyətlər tərəfindən həzm edilməsi və dəstəklənməsi üçün həlledici şərtdir. Rəsmi diplomatik danışıqlarla paralel aparılan vətəndaş cəmiyyəti təmasları sülhün geriyədönməz xarakter almasını sığortalayan mexanizmdir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin BMT-nin UNESCAP sessiyasına ünvanladığı müraciət Azərbaycanın müasir beynəlxalq sistemdəki rolunu dəqiq müəyyən etməyə imkan verir. Ölkəmiz Cənubi Qafqazın aparıcı gücü kimi regional sabitliyin lokomotivi funksiyasını yerinə yetirir və qlobal miqyasda qütbləşmənin dərinləşdiyi bir dövrdə əməkdaşlıq, beynəlxalq hüquqa hörmət və inteqrasiya modelini irəli sürür.
Tacir SADIQOV
XQ

