Türkiyə və regional sülhün Zəngəzur dəhlizi məntiqi

post-img

Hakan Fidanın fərqli yanaşması və Ankaranın normallaşma prinsipiallığı

“Zəngəzur dəhlizi regional əlaqələrin gücləndirilməsi baxımından Türkiyə üçün çox önəmlidir”. Bu fikri qardaş ölkənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumundakı çıxışında səsləndirib. H.Fidan məsələyə Azərbaycan–Ermənistan münasibətlərindən söz açarkən toxunub.

XİN rəhbərinin bu yanaşması Türkiyənin Zəngəzur dəhlizini dolayısı ilə həm də Ankara–İrəvan normallaşması baxımından vacib amil kimi irəli sürməsidir. Əlbəttə, Fidan bu baxımdan yeni şərt irəli sürmür. Bəs onun məqsədi nədir, bu barədə sonda söz açacağıq. Hələlik isə...

Ondan başlayaq ki, Ermənistan rəsmiləri və hakim komandaya yaxın şəxslər son günlər Türkiyə ilə münasibətlər barədə kifayət qədər çox danışır, müxtəlif mətləbləri vurğulayırlar. Məsələn, ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan bir neçə gün əvvəlki açıqlamasında ölkəsinin Türkiyə ilə sərhədlərin açılmasına və ikitərəfli münasibətlərin inkişafına hazır olduğunu bəyan edib: – “Biz həm siyasi, həm də texniki baxımdan hazırıq, bütün zəruri infrastruktur yaradılıb, qərar Türkiyənindir”, - deyən Kostanyan Türkiyə–Ermənistan normallaşmasında nəzərəçarpacaq irəliləyişin olduğunu vurğulayıb və bildirib ki, proses yalnız xarici siyasət qurumları səviyyəsindəki təmaslarla məhdudlaşmır. Onun sözlərinə görə, dialoq həm liderlər səviyyəsində, həm də müxtəlif nazirliklər arasında inkişaf edir ki, bu da qarşılıqlı əlaqələrin daha geniş formata keçdiyini göstərir. Kostanyan mövzu ətrafında söz açarkən, bir məqamı da dilə gətirib: “Azərbaycan ilə münasibətlər tənzimləndikdən sonra İrəvan regionda iqtisadi əməkdaşlığın və ticarətin inkişafına xüsusi diqqət yetirir”.

H.Fidan isə sözügedən forumdakı çıxışında, həmçinin regionda münaqişələrin tənzimlənməsinin vacibliyinə diqqət çəkib və Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını “diplomatik model” adlandırıb. Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda barış mühitinin qərarlaşması üçün ciddi səylər göstərir. Ən başlıcası, qardaş ölkənin XİN rəhbəri Vaşinqtonda əldə olunmuş razılaşmadan, yəni ötən il avqustun 8-də Bakı və İrəvan arasında Birgə Bəyannamənin imzalamasından, habelə sülh müqaviləsinin paraflanmasından sonra məntiqi nəticəyə çatmaq üçün cəmi bir-iki addımın qaldığını vurğulayıb.

“Biz görürük ki, hər iki tərəf səmimidir. Azərbaycan tərəfindən imzalanacaq sülh müqaviləsi region xalqları üçün mühüm sabitliyə yol açacaq”, - deyən Fidan onu da bildirib ki, yekun barış sazişinin ərsəyə gəlməsi və Ermənistan–Türkiyə, eləcə də Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə iqtisadi və enerji təhlükəsizliyi sahəsində çox ciddi nəticələr gözlənilir: “Bu məsələ ilə bağlı Avropa İttifaqı ilə sıx təmasdayıq. Sülh sazişi imzalanan kimi regionda böyük və müsbət inkişaf baş verəcək”.

Bu arada Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsinin Türkiyə ilə münasibətlərindən söz açıb. O bildirib ki, Türkiyə aviaşirkətlərinin Gümrü hava limanına uçuşlara başlamasını gözləyir. Baş nazirin diqqət yetirdiyi vacib məqamlardan biri də budur: “Ermənistan, Türkiyə və Azərbaycan rəsmiləri arasında işçi əlaqələr tədricən sülh müqaviləsinin imzalanmasına doğru gündəlik diplomatik praktika formatına keçir”.

Qeyd edək ki, Paşinyan açıqlamasında erməni ictimaiyyətini ölkəsinin Ankara və Bakı ilə təmaslarını təbii iş prosesi kimi qəbul etməyə çağırıb. Bilavasitə Ermənistan–Türkiyə sərhədinin açılmasından və Azərbaycanla sülh sazişinin imzalanması perspektivlərindən danışan baş nazir vurğulayıb ki, məsələ yalnız qarşılıqlı təmasların həyata keçirilmə müddətlərindən asılıdır və rəsmi İrəvan prosesin sürətləndirilməsi üçün maksimum səylər göstərir.

Haşiyə çıxaq ki, Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesi 2021-ci ilin sonunda iki ölkənin xüsusi nümayəndələrinin – Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyanın və təcrübəli diplomat Serdar Kılıçın təyin olunması ilə başlayıb. Bir sıra ikitərəfli danışıqlar nəticəsində 2022-ci ilin əvvəlində İrəvan ilə İstanbul arasında birbaşa kommersiya sərnişin reysləri bərpa olunub, 2023-cü ilin yanvarında isə Türkiyə Ermənistanla birbaşa yük-hava daşımalarına qoyulan qadağanı rəsmi olaraq aradan qaldırıb. Bundan əlavə, humanitar presedent də yaranıb: 2023-cü ilin fevralında Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra 1993-cü ildən bağlı olan quru sərhədi erməni humanitar yardım karvanlarının keçidi üçün açılıb.

Onu da bildirək ki, əldə olunan uğurlara baxmayaraq, bir sıra mühüm razılaşmalar hələ də praktiki icrasını gözləyir. Onlardan ən vacibi 2022-ci ilin yayında əldə edilmiş — üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün quru sərhədin açılması ilə bağlıdır. Digər tərəfdən, Ermənistan tərəfi Marqara keçid məntəqəsinin modernləşdirilməsi və texniki təchizatını tam başa çatdırıb. Türkiyə tərəfi öz hissəsində infrastruktur işlərinə başlayıb. Həmçinin Ani körpüsünun birgə bərpası layihəsi texniki və sənədləşmə mərhələsindədir.

Bəli, Ermənistanın hakimiyyət təmsilçilərinin açıqlamaları da Türkiyə–Ermənistan normallaşmasının Azərbaycan–Ermənistan münasibətlərindən asılılıq fazasını göstərir. Hərçənd, rəsmi İrəvanın zaman-zaman bu iki məsələni bir-birindən ayrı tutmağa çalışdığını görmüşük. H.Fidan isə öz növbəsində Zəngəzur dəhlizi məntiqini qabartmaqla, habelə Türkiyə–Ermənistan yaxınlaşmasının ümumən sülh və sabitlik kontekstində qiymətləndirilən proses olduğunu deməklə bağlılığı bir daha təsdiqləyib.

Bu yerdə bir vacib məqamı da vurğulayaq. Diqqət yetirmisinizsə, H.Fidan regional məsələlər barədə fikir yürüdərkən, artıq neçənci dəfədir məhz Zəngəzur dəhlizi məntiqini qabardır. Yəni o, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” və ya qısaca TRIPP deyil, bilavasitə dəhliz ifadəsini işlədir. Deməli, Ankara əsas məğzi başlıca mahiyyət kimi gördüyünü təsdiqləyir. Hesab edirik ki, belə yanaşma özündə regional gündəmin fazasını kənar təsirlərdən qorumaq immunitetini daşıyır və Ermənistana mesaj yüklüdür. Mesaj konkret olaraq budur: Zəngəzur dəhlizinin TRIPP adlandırılması və mövcud müstəvidə ABŞ-ın beynəlxalq vasitəçilik qiyafəsi, heç bir halda, fərqli siyasi interpretasiyalara yol aça bilməz.

Başqa sözlə desək, reallıq bir təbiətə malikdir və ondan irəli gələnlərin gerçəkləşməsi mütləq və prinsipialdır. O cümlədən Zəngəzur dəhlizi də necə adlandırılmasından asılı olmayaraq, sülhün başlıca simgəsi olaraq gerçəyə çevrilməlidir. O sülhün ki, indiki halda ondan Türkiyə–Ermənistan normallaşmasının asılılığını vurğuladıq.

Ə.RÜSTƏMOV
XQ

Siyasət