Yekun müqavilədən sonra Azərbaycan-Ermənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılacaq
Son dövrlərin mənzərəsi onu deməyə əsas verir ki, Bakı və İrəvan arasındakı münasibətlər artıq köhnə düşmənçilik ritorikasından uzaqlaşaraq, qarşılıqlı dövlət maraqları müstəvisində formalaşmağa başlayıb. Uzun müddət kənar güclərin strateji maraqlarını reallaşdırdığı poliqon rolunu oynayan Cənubi Qafqaz hazırda dövlətlərin bir-birinin prinsiplərinə qarşılıqlı hörmət bəslədiyi yeni mərhələyə qədəm qoyur. Bu dövrün ana xəttini isə bir vaxtlar qeyri-mümkün görünən, lakin rəsmi Bakının qətiyyətli mövqeyi sayəsində hazırda konkret müzakirə masasına çıxarılan iqtisadi əlaqələrin inkişafı, kommunikasiya xətlərinin açılması və suverenliyə qarşılıqlı ehtiram təşkil edir. Mövcud yeni geosiyasi reallıq fonunda qeyd olunan prinsiplərin hüquqi və siyasi müstəvidə daha da möhkəmlənməsi üçün parlamentlərarası münasibətlərin inkişafı artıq zərurətə çevrilib.
Bu baxımdan, ötən gün İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında baş tutan görüş müstəsna əhəmiyyət kəsb edir. Tərəflərin sayca üçüncü olan bu görüşünün əvvəlki iki təmasdan fərqli olaraq Cenevrənin neytral mühitindən İstanbula daşınması Bakı və İrəvan arasında davam edən birbaşa təmasların artıq regionun aparıcı gücləri ilə etibarlı formada koordinasiya edildiyini göstərir. Eyni zamanda, bu, Ermənistan tərəfinin Ankaranın vasitəçilik trayektoriyasına və regional sülh modelinə olan etimadının artmasının bariz nümayişidir.
Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesi çərçivəsində sülh və sabitliyin təmini, habelə ticarət-iqtisadi əlaqələrin qurulması və genişləndirilməsi istiqamətində əldə olunan irəliləyişlər məmnunluqla qeyd edilib. Tərəflər hər iki cəmiyyət arasında qarşılıqlı etimadın daha da möhkəmləndirilməsi üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin vacibliyini xüsusi vurğulayıblar. Ermənistan parlamentinin spikeri Alen Simonyan görüşdən dərhal sonra jurnalistlərə verdiyi açıqlamada xanım həmkarı ilə müzakirə olunan məsələlərdə heç bir fikir ayrılığının olmadığını bildirib. Bu bəyanat özlüyündə rəsmi İrəvanın Azərbaycanla ticarət əlaqələrinin qurulmasına verdiyi strateji önəmi, həmçinin Ermənistanın regional təcriddən xilas olmaq üçün Bakını əsas tərəfdaş kimi qəbul etməyə başladığını nümayiş etdirir. Reallığa əsaslansaq, Simonyanın bu mövqeyi Ermənistan üçün seçimdən çox, iqtisadi zərurətə çevrilib. Azərbaycan məhsullarının Ermənistan bazarına daxil olması və ölkəmizin logistik imkanlarından tranzit marşrutu kimi istifadənin bu qədər açıq və müsbət tonda qiymətləndirilməsi İrəvanın keçmiş səhvlərindən nəticə çıxararaq rəsmi Bakı ilə əlaqələri inkişaf etdirmək niyyətindən xəbər verir.
Parlament diplomatiyası icraedici hakimiyyətlərin üzərinə götürdüyü öhdəliklərin ictimai və qanunvericilik bazasının formalaşdırılması üçün olduqca əlverişli platformadır. Bakı və İrəvan arasındakı münasibətlərin müsbət dinamikasına rəğmən hələ də həllini gözləyən bəzi fundamental məsələlər var. Məhz bu nöqtədə parlamentlərarası əlaqələrin inkişafı problemlərin nizamlanması üçün mühüm ünvana çevrilir. Hər iki cəmiyyət arasındakı mövcud fikir ayrılıqları lazımi diqqət və kommunikasiya ilə müşayiət olunmadığı təqdirdə, prosesləri yenidən gərginlik fazasına qaytara bilər. Bu baxımdan, qanunverici orqanlar səviyyəsində əməkdaşlıq həm xalqlar arasında etimadın bərpası, həm də rəsmi səviyyədə qəbul edilən qərarların dayanıqlılığının təmin edilməsi üçün strateji əhəmiyyət daşıyır.
***
İstanbul görüşünün ən vacib alt qatı isə Türkiyənin bu prosesdəki rolu ilə bağlıdır. Alen Simonyan Sahibə Qafarova ilə görüşdən bir gün əvvəl verdiyi bəyanatda Türkiyənin regionda sülhün möhkəmləndirilməsi prosesində iştirakının vacibliyini vurğulayıb: “Rəsmi olaraq Türkiyəni regionda sabitliyin təmin olunmasına töhfə verməyə və “sülh kətanının yaradılmasında” tam hüquqlu tərəfdaş kimi çıxış etməyə dəvət edirəm. Bu addım regionda uzunmüddətli sabitliyin əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır”. Simonyanın çıxışı onu deməyə əsas verir ki, İrəvan uzun illər davam edən "üçüncü tərəf" axtarışında artıq Qərb və ya Rusiya balansından daha çox, regiondaxili oyunçulara üstünlük verir. Bu, illərdir rəsmi Bakının dediyi "regionun taleyi regionda həll olunmalıdır" prinsipinin Ermənistan tərəfindən qəbul deməkdir. İstanbul görüşü göstərir ki, sonuncu dəfə ötən ilin oktyabrındakı Cenevrə görüşündən bəri keçən müddətdə tərəflər artıq ortaq dil tapmaqla yanaşı, həm də gələcək tərəfdaşlığın yol xəritəsini cızmağa başlayıblar.
Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbul görüşü sülh müqaviləsinin imzalanması ərəfəsində mühüm psixoloji keçidlərdən biridir. Əgər ticarət əlaqələri və tranzit məsələləri artıq parlament səviyyəsində bu dərəcədə konsensusla qarşılanırsa, deməli, regionda yeni geosiyasi reallıq bərqərar olur. Bu reallıq, qarşıdurma üzərində qurulmuş köhnə paradiqmaların yerini, iqtisadi mənfəət və qarşılıqlı hörmət üzərində formalaşan dayanıqlı sülh modelinə verir. İndi əsas məsələ bu siyasi iradəni praktik müstəviyə, yəni sərhədlərin tam açılmasına və rəsmi sülh sənədinin ratifikasiyasına çevirməkdir.
Tacir SADIQOV
XQ
Ekspert rəyi
Azər ALLAHVERƏNOV, Milli Məclisin deputatı
Azərbaycan və Ermənistan parlament sədrlərinin bu cür təmasları bütövlükdə qarşılıqlı etimad və hörmətin formalaşmasına xidmət edir. Çünki nəzərə alsaq ki, iki ölkə arasında müxtəlif sahələrdə təmaslar intensivləşir. Xüsusilə Ermənistana bəzi kritik məhsulların ölkəmiz üzərindən tranzit şəkildə göndərilməsi, eyni zamanda ölkəmizdən kommersiya məqsədilə benzin və dizelin Ermənistana çatdırılması Azərbaycana münasibətin müsbət mənada dəyişməsinə gətirib çıxarır.
Bununla yanaşı, siyasi müstəvidə qurulan təmaslar da ümumilikdə sülh prosesinin inkişafına və iki dövlət arasında münasibətlərin normallaşmasına birbaşa xidmət edir. Bu baxımdan hesab edirəm ki, belə təmaslar, xüsusilə də hər iki ölkənin siyasi rəhbərliyinin bilavasitə iştirakı ilə həyata keçirilən görüşlər və bu müstəvidə aparılan sülh danışıqları ümumi sülh quruculuğu prosesində aparıcı rol oynayır. Yəni bu təmaslar sülh quruculuğunda əsas drayver qismində çıxış edir, bir növ həmin proseslərin əsas lokomotivi rolunu oynayır.
Digər tərəfdən, təxmin edə bilərəm ki, sülh müqaviləsi imzalandıqdan və iki dövlət arasında diplomatik əlaqələr qurulduqdan sonra Milli Məclisdə Azərbaycan-Ermənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması məsələsi gündəmə gələ bilər. Nəticə etibarilə, bu prosesdə iştirak edəcək deputatlardan ibarət heyət qarşıya qoyulan vəzifələrə uyğun şəkildə formalaşdırılacaq. Hazırda ayrı-ayrı deputatların bu mövzu ilə bağlı fikirlərini mediada zaman-zaman səsləndirdiyini müşahidə edirik. Lakin istənilən halda hesab edirəm ki, sülh müqaviləsi ən yaxşı ehtimalda Ermənistanda referendum keçirildikdən və Konstitusiya dəyişiklikləri baş tutduqdan, buna qədər isə keçiriləcək parlament seçkilərində Paşinyan tərəfdarları qalib elan olunduqdan sonra imzalana bilər. Bundan sonra isə artıq müvafiq heyətin formalaşdırılması ilə bağlı yarana biləcək zərurət ətrafında daha konkret fikirlər söyləmək mümkün olacaq.


