Macarıstanda hakimiyyət dəyişikliyi və yeni siyasi başlanğıc
Avropanın siyasi səhnəsində baş verən dəyişikliklər bir ölkənin daxili seçkisindən daha böyük məna daşıyır. Macarıstanda 16 illik hakimiyyətin ardınca Viktor Orbanın məğlubiyyəti məhz belə hadisələrdəndir. Hakimiyyət dəyişikliyi Budapeştin siyasi kursunun dəyişməsindən əlavə, Avropa İttifaqı (Aİ) daxilində qüvvələr balansının yenidən qurulması, Rusiyanın təsir imkanlarının zəifləməsi, Ukraynanın diplomatik manevr sahəsinin genişlənməsi və ABŞ-la transatlantik münasibətlərin yeni mərhələyə keçməsi anlamına gəlir. Hakimiyyətə gələn Peter Magyar isə Macarıstanın son illərdə formalaşmış siyasi trayektoriyasını dəyişmək niyyətini açıq şəkildə ortaya qoymuşdu.
Orbanın qurduğu sistem bəzi məqamlarda həm daxildə, həm də xaricdə mübahisəli idi. O, Brüssellə açıq qarşıdurma xətti yürüdərək, Aİ-nin vahid qərar mexanizmlərini tez-tez bloklayır, xüsusilə Ukraynaya dəstək məsələsində fərqli mövqe sərgiləyirdi. Onun siyasi xətti Macarıstanı Moskva ilə xeyli yaxınlaşdırmışdı. Amma həmin yaxınlıq təkcə ritorik səviyyədə deyildi. Enerji asılılığı, siyasi koordinasiya və bəzi hallarda Avropa daxilində qərarların ləngidilməsi Kremlin maraqlarına xidmət edən mühüm alətlərə çevrilmişdi. Belə olan halda onun hakimiyyətdən getməsi Rusiya üçün bir növ strateji itki kimi qiymətləndirilə bilər. Bu təqdirdə Aİ daxilində Ukraynaya dəstək mexanizmləri daha az müqavimətlə qarşılaşacaq. Çünki Orbanın veto siyasəti bir çox hallarda qərarların gecikməsinə səbəb olurdu. İndi bu maneənin aradan qalxması Aİ-nin daha operativ və koordinasiyalı davranmasına imkan yaradır.
Dəyişiklik Ukrayna üçün xüsusi əhəmiyyət kəsb edir. Macarıstanın əvvəlki mövqeyi Ukraynada ciddi problemlər yaradırdı, xüsusilə maliyyə paketləri və sanksiyalar məsələsində Budapeştin tərəddüdləri Kiyevin strateji planlamasına mənfi təsir göstərirdi. Yeni hökumətin bu məsələlərdə daha çevik davranacağı gözlənilir. Lakin məsələnin bir “əmması” var. Magyar açıq şəkildə bildirib ki, o, Ukraynaya birbaşa hərbi və maliyyə dəstəyinə ehtiyatla yanaşır və sözügedən məsələləri daxili ictimai rəyə uyğun şəkildə həll etmək istəyir. Belə olan halda, Macarıstan siyasətində daha çox balans axtarışı müşahidə oluna bilər. Yəni Budapeşt Brüssellə münasibətləri yaxşılaşdırsa da, daxili elektoratın gözləntilərini nəzərə alaraq Ukrayna məsələsində ehtiyatlı xətt saxlayacaq.
ABŞ-la münasibətlər kontekstində isə vəziyyət daha mürəkkəbdir. Orban uzun müddət Vaşinqtonda müəyyən siyasi dairələr üçün ideoloji müttəfiq sayılırdı. Xüsusilə Donald Tramp və onun ətrafı Orban modelini Avropa daxilində alternativ siyasi xətt kimi təqdim edirdi. Ceyms Devid Vens kimi fiqurların seçki ərəfəsində Budapeştə səfəri bunu təsdiqləyirdi. Lakin seçki nəticəsi göstərdi ki, xarici siyasi dəstək daxili ictimai rəyi dəyişmək üçün kifayət deyil. Əslində, bu situasiya ABŞ üçün, müəyyən mənada, strateji siqnal kimi də dəyərləndirilir.
Bu praqmatizm transatlantik münasibətlərdə müəyyən sabitlik yarada bilər. Çünki Orban dövründə Brüssel və Vaşinqton arasında Macarıstan faktoru tez-tez gərginlik yaradırdı. İndi isə bu gərginliyin azalması ehtimalı artır. Lakin bu, avtomatik olaraq tam harmoniyanın yaranacağı anlamına gəlmir. Ehtimal olunur ki, Magyarın siyasəti daha çox milli maraqlar üzərində qurulacaq və o, böyük güclər arasında balans saxlamağa çalışacaq. Rusiyaya təsir məsələsində isə dəyişiklik daha aydın görünür. Kreml üçün Aİ daxilində alternativ mövqelərin olması strateji üstünlük idi. Orban bu üstünlüyün əsas elementlərindən biri idi. Onun yoxluğu Moskvanın Avropa daxilində təsir imkanlarını zəiflədir. Bu, xüsusilə sanksiyalar siyasətində özünü göstərə bilər. Çünki əvvəlki kimi veto riskləri azalır.
Bununla belə, Rusiyanın regiondakı təsiri tamamilə aradan qalxmır. Enerji, iqtisadi əlaqələr və informasiya təsiri kimi alətlər hələ də mövcuddur. Lakin Macarıstanın siyasi kursunun dəyişməsi bu təsirin institusional səviyyədə zəifləməsinə gətirib çıxara bilər. Seçkinin ən maraqlı tərəflərindən biri də onun ideoloji aspektidir. Orban Avropada sağ-populist dalğanın simvollarından biri idi. Onun məğlubiyyəti bu dalğanın artıq dəyişdiyini nümayiş etdirir. Çünki Avropa seçicisi daha mürəkkəb seçimlər edir və konkret nəticələrlə qərar verir. Magyarın qələbəsi də məhz bu kontekstdə qiymətləndirilməlidir. O, həm də sistemin transformasiyası vədi ilə ortaya çıxıb. Onun qarşısında duran əsas vəzifə isə gözləntiləri doğrultmaqdır. Böyük siyasi dəyişikliklər böyük risklər yaradır.
Macarıstan indi yeni mərhələyə qədəm qoyur. O, Avropanın siyasi arxitekturasına, Rusiyanın regional strategiyasına, Ukraynanın mübarizə imkanlarına və ABŞ–Avropa münasibətlərinə təsir edən kompleks proseslərin başlanğıcıdır. Viktor Orbanın gedişi, eyni zamanda, yeni suallar doğurur. Bu sualların cavabı Brüsseldə, Vaşinqtonda və Kiyevdə veriləcək. Cavablar formalaşdıqca, Macarıstan seçkisinin əsl miqyası daha aydın görünəcək.
Elçin MİRZƏBƏYLİ,
Milli Məclisin deputatı
Macarıstanda baş vermiş siyasi dəyişikliklər ölkənin daxili idarəetmə modelində transformasiya ilə yanaşı, onun xarici siyasət prioritetlərinin də yenidən müəyyənləşdirilməsi prosesini şərtləndirir. Uzun müddət hakimiyyətdə olmuş Viktor Orban dövründə formalaşmış siyasi kurs milli suverenliyin ön plana çəkilməsi, çoxvektorlu xarici siyasət və Qərb institutları ilə münasibətlərdə selektiv əməkdaşlıq prinsiplərinə əsaslanırdı. Hakimiyyətə gələn Peter Magyar isə daha çox Avropa strukturları ilə münasibətlərin normallaşdırılması, institusional islahatların aparılması və siyasi dialoqun genişləndirilməsi xəttini təklif edir. Bununla belə, mövcud reallıq göstərir ki, bu dəyişiklik kəskin ideoloji dönüşdən daha çox, siyasi kursun balanslaşdırılması və yeni şərtlərə uyğunlaşdırılması xarakteri daşıyacaq.
Azərbaycanla münasibətlər kontekstində isə əsas tendensiya davamlılıq və praqmatizm üzərində qurulacaq. Azərbaycan ilə Macarıstan arasında son illərdə formalaşmış əməkdaşlıq konkret iqtisadi və enerji maraqları ilə şərtlənir. Avropanın enerji təhlükəsizliyi məsələsi fonunda Azərbaycanın qaz resursları və nəqliyyat imkanları Macarıstan üçün əhəmiyyətini qoruyur. Bu səbəbdən, hakimiyyət dəyişikliyinə baxmayaraq, enerji sahəsində əməkdaşlığın davam edəcəyi və hətta müəyyən hallarda daha institusional çərçivəyə salınacağı gözlənilir.
Türk Dövlətləri Təşkilatı ilə münasibətlər məsələsində isə müəyyən korrektələrin baş verməsi ehtimalı yüksəkdir. Orban dövründə Macarıstan bu təşkilatda müşahidəçi kimi fəal iştirak edir, Türk dünyası ilə siyasi-mədəni yaxınlaşmanı xarici siyasətin prioritetlərindən biri kimi təqdim edirdi. Yeni hakimiyyətin siyasi xəttində Aİ inteqrasiyasına yönəlməsi bu istiqamətin nisbi şəkildə ikinci plana keçməsinə səbəb ola bilər. Bununla belə, Macarıstanın Mərkəzi Avropada alternativ diplomatik platformalara çıxış imkanlarını qorumaq marağı nəzərə alınarsa, bu əlaqələrin tam zəifləməsi də real görünmür. Proses çərçivəsində Budapeşt Aİ ilə münasibətlərini normallaşdırmağa, eyni zamanda, əvvəlki dövrdə qurulmuş alternativ tərəfdaşlıqları, o cümlədən Azərbaycan və Türk dünyası ilə əlaqələri praqmatik əsaslarla qorumağa çalışacaq. Azərbaycan üçün isə əsas vəzifə yeni şəraitdə mövcud əməkdaşlıq platformalarını saxlayaraq onları daha funksional və qarşılıqlı maraqlara uyğun şəkildə inkişaf etdirməkdən ibarət olacaq.
Yusif BAĞIRZADƏ,
politoloq
Macarıstanda Viktor Orbanın məğlubiyyətini qəbul etməsi və yeni siyasi xəttin Peter Magyar rəhbərliyində formalaşması Aİ-nin ümumi kursuna təsiri çoxqatlı olacaq, - deyə bilərik. İlk növbədə, Aİ daxilində siyasi kurs baxımından ehtimal olunan dəyişiklik konsensusyönümlü inteqrasiya xəttinin güclənməsi ola bilər. Orban dövründə Macarıstan tez-tez Brüssellə hüququn aliliyi, miqrasiya siyasəti, Ukrayna müharibəsinə baxış və sanksiyalar məsələsində qarşıdurma yaradırdı. Yeni administrasiyanın bu yöndə Aİ-nin ümumi maraqlarına daha loyal mövqe sərgiləməsi Aİ-də qərar qəbuletmə proseslərini müəyyən qədər asanlaşdıra bilər. Bu isə Aİ-nin xarici siyasətində daha vahid və koordinasiyalı davranışa şərait yarada bilər. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda Aİ-nin təhlükəsizlik və müdafiə siyasətində daha sərt və koordinasiyalı xəttin formalaşması ehtimalı artır.
Peter Magyar rəhbərliyində Azərbaycan–Macarıstan münasibətlərinə gəldikdə isə hakimiyyət dəyişikliyi bu münasibətlərə daha çox dolayı və struktur xarakterli təsirlər göstərə bilər. Çünki Macarıstanın xarici siyasəti əsasən Aİ çərçivəsində formalaşsa da, Budapeştin son illərdə Azərbaycana qarşı xüsusi praqmatik və fərqli mövqeyi olub. İlk növbədə, qeyd etmək lazımdır ki, Orban dövründə Macarıstan Azərbaycanla münasibətlərdə Aİ daxilində ən praqmatik və müstəqil xətt yürüdən ölkələrdən biri idi. Enerji, investisiya və siyasi dialoq sahəsində Budapeşt Bakı ilə münasibətləri genişləndirməyə açıq idi. Xüsusilə enerji təhlükəsizliyi məsələsində Azərbaycan qazına maraq Macarıstanın balanslı xarici siyasətinin mühüm hissəsinə çevrilmişdi. Bu səbəbdən iki ölkə arasında siyasi münasibətlər sabit və funksional xarakter daşıyırdı. Yeni siyasi rəhbərlik dövründə Macarıstan Aİ-nin ümumi xarici siyasətinə daha sıx inteqrasiya olunarsa, Budapeştin müstəqil diplomatik manevr imkanları bir qədər azala bilər. Bu isə Azərbaycanla münasibətlərin daha çox Aİ-nin ümumi çərçivəsinə uyğunlaşdırılması demək ola bilər. Bununla belə, Azərbaycan–Macarıstan münasibətlərinin tamamilə dəyişməsi real görünmür. Bunun əsas səbəbi münasibətlərin ideoloji deyil, praqmatik iqtisadi və enerji maraqlarına söykənməsidir.
Nəzrin ELDARQIZI
XQ



