Postsovet qəlibləri bir-bir dağılır

post-img

Yaxud Kişineu həlledici zərbə endirməyə hazırlaşır

Postsovet coğrafiyasında cərəyan edən siyasi proseslər bir vaxtlar sarsılmaz görünən ittifaqların artıq öz missiyasını tamamladığının və yeni dünya nizamının tələblərinə cavab vermədiyinin növbəti təsdiqidir. Region ölkələrinin öz suveren seçimlərinə üstünlük verməsi və mərkəzdənqaçma meyillərinin güclənməsi Moskva ətrafında formalaşmış "ortaq məkan" ideyasının praktiki əhəmiyyətini itirdiyini göstərir.

***

Moldova hökuməti ölkənin Müstəqil Dövlətlər Birliyi üzvlüyü ilə bağlı əsas müqavilələrin dayandırılmasını dəstəkləyib. Bununla bağlı hazırlanan qanun layihəsi imzalanmaq üçün Prezident Maya Sanduya göndərilib. Söhbət təşkilatın yaradılması haqqında sazişdən və ona əlavə edilən protokoldan gedir. Rəsmi Kişineu bu qərarı təşkilatın fundamental prinsipləri olan dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının tanınmasının pozulması ilə əsaslandırıb. Qanun layihəsi M.Sandu tərəfindən imzalanarsa, Moldova Gürcüstan və Ukraynadan sonra təşkilatı tərk edən üçüncü ölkə olacaq.

***

Kişineunun MDB-dən çıxmaqla bağlı əsas arqumentlərindən biri ölkənin şərqində yerləşən və 1992‑ci ildən faktiki olaraq separatçı statusunu qoruyub–saxlamağı bacaran Dnestryanı bölgəsi ilə bağlıdır. Burada, təxminən, Rusiya Silahlı Qüvvələrinə məxsus 1 500-ə qədər “Transnistriyada Rusiya Operativ Qrupu” (OGRF) adlandırılan hərbi heyət, o cümlədən sovet dövründən qalmış sursat anbarının qorunması üçün əlavə kontingent yerləşir. Rusiya rəsmi olaraq kontingentin mövcudluğunu “sülhməramlı missiya” kimi qələmə verərək bu qüvvələrin 1992‑ci il müqaviləsi əsasında əraziyə göndərildiyini iddia edir. Əslində, bu, heç də belə deyil.

Moskva müxtəlif dövrlərdə təxribatçı qruplar və enerji şantajı ilə yanaşı, qanunsuz maliyyələşdirilən Şor partiyası kimi proksi qüvvələr vasitəsilə ölkədə dövlət çevrilişi planlaşdırıb, qərbpərəst administrasiyanı devirməyə cəhd edib. Lakin bütün bu həmlələr uğursuz olub. Ötən gün Moldova parlamenti müxalif “Şor” partiyasının liderlərinin və fəallarının seçkilərdə iştirakına qadağa qoyulmasını təsdiqlədi. Bu isə Kişineunun hibrid təhdidlərə qarşı passiv müdafiədən əks-hücuma keçdiyini göstərir.

Ötən ilin sentyabrında ölkədə keçirilən parlament seçkiləri zamanı Moskva, təxminən, 300 milyon avro xərcləyərək səsvermə prosesinə təsir etməyə çalışmışdı. Lakin sonda hakim PAS (Hərəkət və Həmrəylik) partiyası parlamentdə 101 yerdən 55-ni qazanmağı bacarmışdı. Seçki ərəfəsində Kreml hibrid müharibə strategiyasına sadiq qalaraq, əsasən, İlan Şor və İqor Dodon kimi mühacirətdə olan oliqarxlardan və Kremlin nəzarətindəki siyasi blokların rəhbərlərindən alət kimi istifadə etməyə çalışdı. Lakin xaricdə yaşayan 280 mindən çox vətəndaşın səsvermədə iştirakı Kremlin ölkə daxilində sabitliyi pozmaq cəhdlərini puça çıxardı. Beləcə, seçkilərdə bir daha qələbə qazanan Maya Sandu ölkənin siyasi xəttini müəyyənləşdirdi: müstəqilliyin vassallıqla əvəzləndiyi Moskvanın təsir dairəsinə qayıdış mümkünsüzdür!

***

Moldovanın Müstəqil Dövlətlər Birliyindən uzaqlaşmaq istəyi həm də ölkənin strateji mövqeyi və Avropayönümlü "Hərəkət və Həmrəylik" partiyasından Prezident seçilmiş Maya Sandunun rəhbərliyi ilə elan edilən avrointeqrasiya siyasəti ilə birbaşa bağlıdır. Hazırda hökumət var qüvvəsi ilə MDB-də mövcud statusunun ləğvini hüquqi müstəvidə də sonlandırmağa çalışır. Qərarın iqtisadi tərəfi də ölkə üçün qazanc vəd edir. Təşkilatın strukturlarında iştirak üçün ödənilən illik, təxminən, 180 min dollar üzvlük haqqından azad olmaq Moldovanın dövlət büdcəsində hər il bu qədər vəsaitin qalması deməkdir.

Ümumiyyətlə, Moldova iqtisadiyyatı son onillikdə postsovet asılılığından qurtularaq Avropa bazarlarına tam inteqrasiya mərhələsinə keçib. 2014-cü ildə Aİ ilə imzalanmış Assosiasiya Sazişi ticarət strukturunu köklü surətdə dəyişib və nəticədə, hazırda ixracın 67 faizindən çoxu Avropa ölkələrinin, xüsusən də Rumıniyanın payına düşür. MDB-nin payının 6 faizə qədər geriləməsi ölkənin iqtisadi suverenliyi üçün geniş imkanlar yaradır. MDB üzvlük haqlarından qənaət edilən 155 min avronun isə birbaşa avrointeqrasiya proqramlarının maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

***

Ortada təəccüb doğuran bir məqam da var. İlin əvvəlində Prezident Maya Sandu Rumıniya ilə birləşmə məsələsində referendum keçiriləcəyi təqdirdə müsbət səs verəcəyini bəyan edib. Bu, Kişineunun Rusiya təsirindən qorunmaq və Qərbə inteqrasiyası üçün, sözün əsl mənasında, “B” variantıdır. Təbii ki, layihənin reallaşması yolunda ciddi daxili və xarici maneələr var. Bir tərəfdən, Moldova əhalisinin böyük əksəriyyəti müstəqil dövlətçiliyin itirilməsinə qarşı çıxır, Qaqauziya və Dnestryanı bölgələrinin separatizm şantajı da məsələnin o biri tərəfi. Eyni zamanda, Buxarestin iqtisadi xərclərdən çəkinməsi və Brüsselin sərhədlərin dəyişdirilməsi presedentindən ehtiyatlanması da prosesi mürəkkəbləşdirir.

Amma yürüdülən xətt onu deməyə əsas verir ki, Moldova hökuməti rus boyunduruğundan xilas olmaq üçün istənilən addımı atmağa hazırdır. Kişineunun Qərbə tərəf atdığı hər radikal addımda ölkədaxili sabitlik Kremlin açıq hədəfinə çevrilir. Moskvanın hələ də əlində saxladığı enerji asılılığı və separatçı bölgə rıçaqları bu yolu hər an kəsə bilər.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Moldova artıq uzun müddətdir ki, MDB çərçivəsindəki fəaliyyətini faktiki olaraq dondurub. Son üç ildə rəsmi Kişineu təşkilatın nə zirvə toplantılarında, nə də qərarların qəbulu prosesində iştirak edir. Hökumət vaxtilə MDB daxilində imzalanmış çoxsaylı saziş və müqavilələri ciddi şəkildə təftiş edir. Bu sənədlərin böyük hissəsi ilə bağlı ardıcıl qərarlar qəbul olunur. Bununla belə, Kişineu milli maraqlarına uyğun gələn və hələ də praktiki əhəmiyyət kəsb edən bəzi çoxtərəfli sənədləri qüvvədə saxlayır. Strategiyanın əsas mahiyyəti ondan ibarətdir ki, Moldova hökuməti əvvəlki çoxtərəfli öhdəlikləri tədricən ikitərəfli formatda əməkdaşlıq sənədləri ilə əvəz edərək regional münasibətlərini yeni müstəviyə keçirməyə çalışır.

Azərbaycanın MDB-dən çıxması məsələsinə gəlincə, qeyd etmək lazımdır ki, rəsmi Bakı artıq 20 ilə yaxındır təşkilat çərçivəsində kifayət qədər ehtiyatlı siyasət yürüdür. Ölkəmiz qurum daxilində qəbul edilən sənədlərin bir çoxuna ya ümumiyyətlə qoşulmur, ya da qoşulduğu təqdirdə milli maraqlarımıza uyğun ciddi düzəlişlər və qeyd-şərtlər irəli sürür. MDB-nin Parlament Assambleyasında nümayəndə heyətinin üzvü və Siyasi Komitənin müavini kimi fəaliyyətim zamanı müşahidə etmişəm ki, qəbul olunan qərarların Azərbaycana aidiyyəti olmayan bəndlərinə qarşı hər zaman prinsipial mövqe nümayiş etdirmişik.

Bu gün Azərbaycanın MDB-dəki təmsilçiliyi daha çox rəmzi xarakter daşısa da, üzvlüyün saxlanılmasının müəyyən praktik səbəbləri var. Xüsusilə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin qorunmasında və mövcud azad ticarət zonası çərçivəsindəki iqtisadi razılaşmalarda bu platformanın hüquqi bazasından istifadə olunur. Lakin bu əlaqələrin böyük hissəsi, eyni zamanda, ikitərəfli müqavilələrlə də möhkəmləndirilib.

Azərbaycanın mövqeyi birmənalıdır. Əgər bu təşkilat hansısa dövlətin birtərəfli təsir dairəsinə çevrilməyə meyillənsə, rəsmi Bakı qurumu tərk etməyə tam hazırdır. Belə bir zərurət yarandığı halda, atılacaq addım Azərbaycan üçün hər hansı ciddi siyasi və ya iqtisadi itki ilə nəticələnməyəcək.

Tacir SADIQOV
XQ



Siyasət