Son illər qlobal enerji sistemində baş verən dəyişikliklər Avrasiya məkanında yeni enerji marşrutlarının formalaşmasına səbəb olur. Fosil yanacaqlardan bərpaolunan enerji mənbələrinə keçid prosesi sürətləndikcə enerji infrastrukturu da yeni geosiyasi reallıqlara uyğun şəkildə yenidən qurulur. Bu çərçivədə Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi təkcə iqtisadi deyil, həm də strateji və siyasi əhəmiyyət daşıyır.
Bugünlərdə Bakıda Asiya İnkişaf Bankının (AİB) dəstəyi, Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətlərinin iştirakı ilə keçirilən seminar Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsi istiqamətində atılan mühüm addımlardan biri idi. Tədbirdə layihənin birinci inkişaf mərhələsi üzrə Texniki-İqtisadi Əsaslandırma (TİƏ) sənədi müzakirə edilib, yüksək səviyyəli dövlət nümayəndələri və beynəlxalq maliyyə qurumları tərəfindən gələcək perspektivlər dəyərləndirilib. İştirakçılar hesabatın tamamlanaraq ikinci mərhələyə keçilməsi üçün növbəti texniki addımlar barədə razılığa gəliblər.
Qeyd edək ki, layihə Mərkəzi Asiya ölkələrinin bərpaolunan enerji potensialını Avropa bazarları ilə birləşdirməyi, həmçinin Qazaxıstan və Özbəkistanın elektrik şəbəkələrinin inteqrasiyasını nəzərdə tutur. Layihənin əsas elementi Xəzər dənizinin dibi ilə çəkiləcək yüksək gərginlikli sualtı kabel olacaq. Bu kabel vasitəsilə regionda istehsal edilən günəş və külək enerjisi əvvəlcə Azərbaycana, daha sonra isə Cənubi Qafqaz və Qara dəniz marşrutu ilə Avropa enerji sisteminə ötürüləcək.
Artıq 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə TİƏ-nin hazırlanmasına dair memorandum imzalanıb. İtaliyanın “CESI” şirkəti tərəfindən icra olunan bu prosesin 2027-ci ildə yekunlaşması planlaşdırılır. Sözügedən dəhliz regionun enerji sistemlərinin inteqrasiyası məqsədilə Qara dəniz sualtı kabel layihəsi ilə birləşdiriləcək. Bu təşəbbüs Avropa İttifaqının enerji mənbələrini şaxələndirmək və xarici enerji asılılığını azaltmaq strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
Şübhəsiz, Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi Avrasiya məkanında yeni enerji əməkdaşlığı modelinin formalaşmasına səbəb olacaq. Əgər bundan əvvəl Şərqlə Qərb arasında enerji əlaqələrinin əsasını neft və qaz kəmərləri təşkil edirdisə, indi bu əməkdaşlıq modelinə elektrik enerjisinin ötürülməsi də əlavə olunur. Bu isə enerji diplomatiyasında yeni mərhələnin başlanğıcıdır. Layihənin siyasi əhəmiyyəti isə Azərbaycanın regional rolunun güclənməsi ilə bağlıdır. Respublikamız artıq uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir. Məsələn, son beynəlxalq məlumatlara görə, ölkənin qaz ixracı 2025-ci ildə 25 milyard kubmetrdən çox olub və bunun böyük hissəsi Avropa bazarlarına yönəldilib. Bu fakt Azərbaycanın Avropa enerji sistemində strateji tərəfdaş kimi mövqeyini daha da gücləndirib.
Transxəzər yaşıl enerji dəhlizi isə bu rolun yeni mərhələsini formalaşdırır. Layihə Azərbaycanın yalnız karbohidrogen ixrac edən ölkə deyil, həm də elektrik enerjisinin regional tranzit mərkəzi kimi çıxış etməsinə imkan yaradır. Ölkəmizin Mərkəzi Asiya ilə Avropa arasında enerji körpüsü rolunu gücləndirməklə Avrasiyanın enerji xəritəsində mərkəzi mövqe tutmasına səbəb olur.
* * *
Bu çərçivədə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yanaşı, Avropa ölkələri ilə siyasi əməkdaşlığı da önə çıxır. Xüsusilə Rumıniya ilə münasibətlər strateji əhəmiyyət kəsb edir. Rumıniya Qara dəniz regionunda Avropaya çıxış nöqtəsi kimi çıxış edir və enerji infrastrukturu baxımından layihənin əsas qovşaqlarından biridir. Azərbaycan–Rumıniya tərəfdaşlığı enerji təhlükəsizliyi, regional nəqliyyat və enerji infrastrukturu sahələrində əməkdaşlığı gücləndirməklə yanaşı, Cənubi Qafqaz ilə Avropa arasında siyasi dialoqun genişlənməsinə də xidmət edir.
Yaşıl enerji və Qara dəniz sualtı kabel layihəsində bu ölkənin rolu böyükdür. Onun reallaşması 2022-ci ildə Buxarestdə Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında imzalanmış strateji tərəfdaşlıq sazişinə əsaslanır. Bu ölkələrin şirkətləri arasında birgə müəssisə yaradılıb və görüşün nəticələrini əks etdirən protokol imzalanıb. Layihə Avropa Komissiyası tərəfindən strateji enerji infrastrukturu kimi qiymətləndirilir və Avropa İttifaqının enerji mənbələrinin diversifikasiyası siyasəti ilə uyğunluq təşkil edir.
Enerji əməkdaşlığı ilə yanaşı, Azərbaycan və Rumıniya arasında siyasi dialoq da intensiv xarakter daşıyır. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir və regional sabitlik məsələlərində oxşar mövqelər nümayiş etdirirlər. Rumıniya Avropa İttifaqı daxilində Azərbaycanın etibarlı tərəfdaşlarından biri kimi çıxış edir və Cənubi Qafqaz regionu ilə Avropa arasında siyasi və iqtisadi əlaqələrin inkişafını dəstəkləyir.
Ekspert Mahir Zeynalov XQ-yə açıqlamasında Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizini strateji layihə kimi dəyərləndirdi: “Bu dəhliz, sadəcə, enerji layihəsi deyil, Avrasiya məkanında formalaşan yeni geosiyasi və iqtisadi əməkdaşlıq modelidir. Layihə Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı Qara dəniz sualtı kabeli vasitəsilə birləşdirərək Azərbaycanın regiondakı strateji rolunu daha da gücləndirəcək. Bu təşəbbüs Avrasiyanın enerji xəritəsini və geosiyasi balansını əsaslı şəkildə dəyişmək potensialına malikdir”.
Ekspertin sözlərinə görə, elektrik enerjisinin nəqli mövcud neft-qaz infrastrukturunu tamamlayaraq Azərbaycanın təkcə enerji istehsalçısı deyil, həm də mühüm regional tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirəcək. Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının Avropaya nəqli qitənin enerji diversifikasiyasını təmin etməklə yanaşı, xarici asılılığı da minimuma endirəcək.
M.Zeynalov layihənin rəqəmsal və siyasi üstünlüklərini də xüsusi qeyd etdi: “Layihənin tərkib hissəsi olan fiberoptik kabel komponenti regional rəqəmsal inteqrasiyanı gücləndirməklə iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Siyasi baxımdan isə Rumıniya ilə tərəfdaşlıq Avropa və Cənubi Qafqaz arasında strateji dialoqun inkişafına birbaşa xidmət edir. Hesab edirəm ki, bu dəhliz Azərbaycanın enerji, iqtisadi və diplomatik nüfuzunu artırmaqla yanaşı, regionun gələcək inkişafına uzunmüddətli təsir göstərəcək”.
Beləliklə, Azərbaycanın Mərkəz Asiya ölkələri, həmçinin Gürcüstan, Rumıniya və Macarıstanla həyata keçirilən əməkdaşlığı regional enerji təhlükəsizliyini və dayanıqlılığını gücləndirməklə enerji resurslarının etibarlı və davamlı təminatını təmin edəcək. Avropanın ənənəvi enerji asılılığını azaldacaq, elektrik enerjisinin qiymətlərinin aşağı salınmasına və bazar sabitliyinin artırılmasına töhfə verəcək.
Eyni zamanda, fiberoptik kabel vasitəsilə ölkələr arasında informasiya axını güclənəcək. Əslində, “yaşıl enerji” dəhlizi həm iqtisadi, həm ekoloji, həm də strateji baxımdan çoxşaxəli faydalar təmin edərək Azərbaycan və Avropa arasında enerji və rəqəmsal körpü rolunu oynayacaq.
Pünhan ƏFƏNDİYEV
XQ


