Yunanıstan mediası Naxçıvana dron hücumu ilə bağlı Prezident İlham Əliyevin açıqlamalarını geniş işıqlandırıb

post-img

Yunanıstanın aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə hücumu barədə səsləndirdiyi fikirləri geniş şəkildə işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, nəşrlər Prezident İlham Əliyevin baş verən hadisəni Azərbaycan dövlətinə qarşı terror aktı kimi qiymətləndirdiyini və rəsmi Tehrandan izahat tələb etdiyini vurğulayıblar.

Yunanıstanın dövlət televiziya və xəbər platforması "ERT News" yazır ki, Prezident İlham Əliyev Azərbaycanın ərazisinə edilən dron hücumunu İran tərəfindən həyata keçirilmiş terror aktı kimi qiymətləndirib.

Nəşr qeyd edir ki, pilotsuz uçuş aparatlarından biri Azərbaycan ərazisində yerləşən obyektlərdən birinə düşüb və hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Məqalədə Prezident İlham Əliyevin bu hadisənin ciddi təhlükəsizlik insidenti olduğunu bildirdiyi və İranın məsuliyyət daşımalı olduğunu vurğuladığı qeyd edilir.

Yunanıstanın televiziya və xəbər portalı "SKAI" yazır ki, Prezident İlham Əliyev İranın Azərbaycana qarşı terror aktı törətdiyini bəyan edib. Azərbaycan lideri rəsmi Tehranın baş verən hadisə ilə bağlı izahat verməli olduğunu bildirib və belə hücumların regionda sabitliyə ciddi təhlükə yaratdığını qeyd edib.

Ölkənin digər xəbər platforması "CNN Greece" yazır ki, Prezident İlham Əliyev İranın bu terror aktının ciddi nəticələrinin ola biləcəyini bildirib. Rəsmi Bakı hadisə ilə bağlı İran tərəfinin məsuliyyətini gündəmə gətirib və Tehrandan rəsmi açıqlama tələb edib.

Yunanıstanın iqtisadi və siyasi xəbər portalı "Capital.gr" yazır ki, hadisədən sonra Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Azərbaycan rəhbərliyi ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı təhdidə operativ cavab verməyə hazırdır və vəziyyət diqqətlə izlənilir.

"Liberal.gr" yazır ki, Prezident İlham Əliyev Azərbaycan Ordusuna mümkün cavab tədbirlərinə hazırlaşmaq barədə göstəriş verib. Nəşr qeyd edir ki, Azərbaycan rəhbərliyi baş verən hadisəni ölkənin təhlükəsizliyinə qarşı ciddi təhdid kimi qiymətləndirir və vəziyyətin inkişafını diqqətlə izləyir.

"Mononews.gr" isə bildirib ki, təhlükəsizlik tədbirləri çərçivəsində Azərbaycan İranla sərhədə yaxın bəzi ərazilərdə hava məkanını müvəqqəti olaraq bağlayıb. Nəşrin məlumatına görə, bu addım mümkün təhlükələrin qarşısını almaq məqsədilə atılıb və vəziyyət dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır.

"Kanaliena" yazır ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı İranın rəsmi izahat verməli olduğunu və hadisənin bütün təfərrüatlarının araşdırılacağını bildirib.

Qeyd edək ki, Yunanıstan mətbuatında yayımlanan materiallarda Prezident İlham Əliyevin Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üçün qətiyyətli mövqeyi xüsusi vurğulanır və regionda yaranmış vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənildiyi qeyd olunur.









Siyasət