“49.3” və Fransanın saxta demokratiya iddiası

post-img

Büdcə böhranı parlamentin rolunu yenidən sual altına alır

Fransa 2026-cı il dövlət büdcəsinin qəbulu prosesində daha geniş siyasi məna daşıyan yeni mərhələyə daxil olub. Parlamentdə səs çoxluğuna malik olmayan hökumət üçün büdcə artıq siyasi davamlılığın sınağına çevrilib. Məhz bu səbəbdən büdcə müzakirələri geniş ictimai və siyasi diskursa yol açır. Mövcud vəziyyət həm Fransanın siyasi sistemində dərinləşən institusional gərginliyi, həm də icra hakimiyyəti ilə parlament arasında artan etimad böhranını açıq şəkildə üzə çıxarır. Üstəlik, böhranın sosial sahəni də əhatə etməsi hökumət və müxalifət üçün yeni siyasi xəritənin formalaşmasına səbəb olur.

Məsələnin mahiyyətini anlamaq üçün, ilk növbədə, hökumətin büdcə strategiyasına nəzəri baxış zəruridir. Baş nazir Sebastian Lekornu 2026-cı il dövlət büdcəsinin qəbulunu təmin etmək məqsədilə ciddi siyasi təzyiq altında fəaliyyət göstərir. Parlamentdə kompromis imkanlarının məhdudluğu fonunda, o, sosial siyasət sahəsində bir sıra güzəştlər irəli sürməklə müxtəlif siyasi qüvvələrin dəstəyini qazanmağa çalışır. Bu paketə pensiya vergi güzəştlərinin saxlanılması, aşağı gəlirli təbəqələr üçün əlavə maliyyə mexanizmləri, tələbə yeməklərinin subsidiyalaşdırılması və sosial mənzil proqramlarının genişləndirilməsi daxildir. Təkliflərin əsas hədəfinin Sosialist Partiyasının dəstəyini təmin etmək olduğu açıq görünür. Amma prosesin əsas gərginlik nöqtəsi məhz bu güzəştlərlə məhdudlaşmadı. Çünki əvvəl Konstitusiyanın 49.3-cü maddəsindən istifadə etməyəcəyinə dair verdiyi vədi Lekornu reallaşdıra bilmədi və bu, siyasi böhranın əsas katalizatoruna çevrildi.

Bu kontekstdə 49.3-cü maddənin mahiyyəti və siyasi əhəmiyyəti ayrıca diqqət tələb edir. Sözügedən konstitusion mexanizm parlament səsverməsi olmadan qanun layihəsinin qüvvəyə minməsinə imkan verir. Məhz bu xüsusiyyətinə görə maddə Fransada uzun illər demokratik legitimlik baxımından kəskin tənqidlərə məruz qalırdı. Lekornunun bu maddəyə müraciəti əvvəlki siyasi bəyanatlarla ziddiyyət təşkil etməklə yanaşı, parlamentin institusional rolunu yenidən müzakirə mövzusuna çevirdi. Çünki mexanizmin işə salınması hökuməti, faktiki olaraq, iki seçim qarşısında qoyur: ya etimadsızlıq təşəbbüslərinə qarşı siyasi mübarizə aparmaq, ya da parlamentdə səsvermə yolu ilə hakimiyyətdən kənarlaşdırılmaq. Hər iki ssenari Fransa siyasi sistemində qeyri-sabitlik risklərini daha da artırır. Bu fonda solçu “Əyilməz Fransa” və sağçı “Milli Birlik” partiyaları daxil olmaqla əsas müxalifət qüvvələrinin etimadsızlıq təşəbbüsü irəli sürmək niyyəti hökumətin mövqeyinin nə qədər zəif olduğunu göstərir. Sosialist Partiyası isə təqdim olunan sosial güzəştlər və əldə edilən taktiki kompromislər fonunda daha ehtiyatlı mövqe tutaraq etimadsızlıq səsverməsinə qoşulmamağı üstün tutur.

Yeri gəlmişkən, Lekornu hökumətinin sosial güzəştlərə yönəlməsi parlamentdə səs çoxluğu əldə edə bilməməsinin birbaşa nəticəsidir. Sosial öhdəliklər və fiskal intizam arasında tarazlığın qorunması Fransa cəmiyyətində sosial müqavilə anlayışının yenidən düşünülməsini tələb edir. Nəzərdə tutulan güzəştlərin maliyyələşdirilməsi məsələsi isə hökuməti yeni fiskal addımlar atmağa vadar edir. Bu çərçivədə böyük şirkətlər üçün təxminən 8 milyard avro həcmində əlavə korporativ vergi mexanizminin gündəmə gətirilməsi iqtisadi aktorlar arasında ciddi narazılıq doğurub. Biznes dairələri və sağçı siyasi qüvvələr yanaşmanı investisiya mühitinə mənfi təsir göstərə biləcək riskli addım kimi qiymətləndirirlər.

Ümumiyyətlə, büdcə ətrafında formalaşan böhran, əslində, uzun müddətdir yığılan struktur problemlərin nəticəsidir. Parlamentdə səs çoxluğunun zəifləməsi, siyasi fraqmentasiya və icra hakimiyyətinin legitimlik ehtiyatlarının daralması prosesdə bir-birini tamamlayan amillərdir. Sosial dövlət modelinə istinad qısa müddətdə balans yaratsa da, bu yanaşmanın uzunmüddətli fiskal dayanıqlılığı ciddi suallar doğurur. Dövlət xərclərinin artımı struktur islahatları əvəz etmədikcə, gələcək büdcə dövrlərində daha mürəkkəb siyasi və iqtisadi dilemmanın formalaşması qaçılmaz görünür. Bundan əlavə, parlamentin klassik legitimləşdirici rolu daha çox zəifləyərsə, icra hakimiyyətinin hüquqi mexanizmlərə söykənməsi demokratik proseslərin mahiyyəti ilə bağlı fundamental müzakirələri aktuallaşdıracaq. Parlamentdə mövcud siyasi konfiqurasiya da bu transformasiyanın tərkib hissəsidir. Sosialistlərin taktiki manevrləri və müxalifətin parçalanmış mövqeyi göstərir ki, ideoloji sərhədlər getdikcə daha situativ xarakter alır. Büdcə böhranı fonunda siyasi məsuliyyət anlayışı da dəyişir, klassik hesabatlılıq modeli hüquqi prosedurlarla texniki şəkildə əvəzlənir.

Sonda bir məqamı da vurğulayaq ki, Fransa nümunəsi beynəlxalq miqyasda da diqqətlə izlənilir. Avropanın müxtəlif ölkələrində parlament böhranları və fövqəladə idarəetmə alətlərinə artan istinad ümumi tendensiyanın mövcudluğunu göstərir. Fransa kimi Aİ ölkəsinin bu yolu seçməsi Avropada demokratiyanın gələcək inkişaf trayektoriyası ilə bağlı daha geniş suallar yaradır. Əgər bu tendensiya davam edərsə, Aİ daxilində demokratik idarəetmə modellərinin yenidən formalaşması artıq zərurətə çevrilə bilər.

Yusif BAĞIRZADƏ,
politoloq

Fransada 2026‑cı il dövlət büdcəsinin qəbulunda yaşanan böhran, təbii olaraq, ölkənin siyasi həyatında ciddi gərginlik yaratmağa başlayıb. Lekornunun əvvəlcə Konstitusiyanın 49.3 maddəsinə müraciət etməyəcəyini bildirməsinə baxmayaraq, indi büdcə layihəsini parlament səsverməsi olmadan qəbul etdirmək üçün məhz bu maddəyə əl atmaq istəməsi haqlı olaraq həm müxalifətdə, həm də ictimai rəydə ciddi etirazlara yol açıb. Bu da, öz növbəsində, yeni etimadsızlıq səsverməsini gündəmə gətirib. Fransada 49.3 maddəsinin tətbiqi nadir və mübahisəli vasitədir. Çünki bu zaman hökumət parlamentin səsverməsindən yan keçərək qanun və ya büdcə layihəsini qüvvəyə mindirir. Lekornu hökuməti bu addımı artıq ikinci dəfədir təkrarlayır və beləliklə, siyasi böhran dərinləşir.

Müxalifət liderləri, öz növbəsində, bu addımı demokratiya prinsiplərinə zidd hesab edir və etimadsızlıq səsverməsi təkliflərini irəli sürürlər. Bu, hökumətin devrilməsi üçün hüquqi mexanizmdir və nəticədə, Lekornu hökuməti istefaya göndərilə bilər. Real vəziyyət isə bir qədər mürəkkəbdir. Parlamentdə hökumət fraksiyası kimi müxalif düşərgədə də parçalanma müşahidə olunur. Yəni heç bir tərəfdə kifayət qədər sabitlik yoxdur. Amma buna baxmayaraq, müxalifət birləşməyə meyilli görünür. Bu durumda etimadsızlıq səsverməsinin baştutma ehtimalı var. Onda Makron üçün dərhal yeni və dayanıqlı hökumət formalaşmaq olduqca çətin olacaq. Ya hökumət parlamenti buraxaraq erkən seçkilər elan etməlidir ki, bu da indiki şəraitdə Makron üçün siyasi riskdir. Çünki erkən seçkilərdə onun partiyası itki ilə üzləşə və ölkədə qeyri-sabitlik dərinləşə bilər. Ya da Makron hökumətin “müvəqqəti” statusda fəaliyyətini davam etdirməsi üçün büdcə və qanun layihələrinin icrasını müəyyən qədər gecikdirməlidir. Böhran yalnız siyasi sahədə deyil, iqtisadiyyata da təsir göstərə bilər. Maliyyə bazarları və Avropa investorları qeyri-sabitlikdən narahatdır. Həmçinin büdcə layihələrinin təxirə salınması sosial proqramların və xərclərin icrasını çətinləşdirir. Bu vəziyyət Fransanın Avropa İttifaqı çərçivəsində maliyyə öhdəliklərinə də təsir göstərə bilər. Ən ehtimal olunan ssenari kompromisli həll və hökumətin müvəqqəti fəaliyyətini davam etdirməsidir.

Nəzrin ELDARQIZI
XQ



Siyasət