Prezident İlham Əliyev: strateji müdriklik və liderlik məharətinin sintezi

post-img

IV məqalə

Strateji maraqlar

Xarici siyasətin bütün istiqamətlərində nailiyyətlərin əldə olunmasının həm də strateji maraqlara xidmət etdiyinə şübhə yoxdur. Lakin onlar strateji maraqları tam əhatə etmir. Prezident İlham Əliyev müsahibəsində kompleks halda həyata keçirilən proqramları bir-biri ilə sıx bağlılıqla təqdim etməklə faktiki bu tezisi irəli sürmüşdür. Müsahibədə toxunulan məsələlərə baxanda, burada iqtisadi, sosial, hərbi, müdafiə, ekoloji, enerji, informasiya, təhlükəsizlik, nəqliyyat və mədəniyyət kimi sahələrin qarşılıqlı əlaqədə təqdimatını görürük. 

Bütün bu faktorların təməlində isə müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi sistemli siyasət və onun strateji aspektinin dayandığını dövlət başçısı müxtəlif kontekstlərdə ifadə etmişdir. Müsahibədən bir nümunədə bunu görmək mümkündür. 

Prezident İlham Əliyev keçmiş Qarabağ münaqişəsinin həllinin beynəlxalq miqyasda aparılan siyasət kontekstində izah edərkən mühüm bir məqamı aydın ifadə etmişdir. Ölkə rəhbəri demişdir: “Beləliklə, “yerdəki reallıqlar” məsələsi ortaya qoyulmuşdu. Mən də dedim: yaxşı, onda biz bu reallıqları dəyişəcəyik. Biz bunu etdik və bu gün bütün dünya bunu tanıyır...”. 

Özlüyündə bu, asan başa gələn məsələ deyildi. Çünki dünyanın böyük dövlətlərinin öz şəxsi maraqlarına üstünlük verməsi bütövlükdə mənzərəni çox mürəkkəbləşdirmişdi və ciddi ziddiyyətlər ortada idi. Bu prosesin gözlənilməz tərəflərini də dövlət başçısı vurğulamışdır.

Ölkə rəhbəri xüsusi qeyd etmişdir ki: “Eyni zamanda, beynəlxalq münasibətlər son dərəcə gözlənilməz şəkildə inkişaf edir. Beynəlxalq hüquq faktiki olaraq işləməsə də, beynəlxalq arenadakı əsas oyunçular, - ən azı zahirən, - beynəlxalq hüquqa sadiq olduqlarını nümayiş etdirməyə çalışırdılar və qeyri-qanuni addımlar atarkən həmişə terminologiya ilə manipulyasiya etməyə can atırdılar, öz müqəddəratını təyinetmə anlayışından istifadə edilirdi, lakin bu prinsipin dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməli olduğu isə ya nəzərə alınmır, ya da bilərəkdən gözardı edilirdi”.

Burada çox məharətlə XX əsrin son onilliyindən XXI əsrin ilk onilliklərinə qədər dünya siyasətinin “pərdəarxası gerçəklikləri” dəqiq ifadə edilmişdir. Azərbaycan məhz bu cür mürəkkəb bir vəziyyətdə “yerdəki reallıqları” dəyişməyi qərara almışdır. Prinsipcə, bu böyük vəzifənin öhdəsindən gəlmək üçün ölkənin strateji maraqlarını gözləmək şərti ilə mürəkkəb kombinasiyalı siyasət həyata keçirmək lazım idi. Bu siyasət həm də sistemli və ən müasir liderlik kriteriyalarına uyğun olmalı idi. 

Bunlarla yanaşı, böyük dövlətlərin fəaliyyətindəki müxtəlif terminoloji və konkret feili bəhanələri də neytrallaşdırmaq lazım idi. Məsələn, həm rəsmi İrəvan, həm də onun havadarları uzun müddət BMT-nin Nizamnaməsindəki “öz müqəddəratını təyinetmə” ifadəsindən manipulyativ istifadə etmişlər. 

Buna işarə edərək, müsahibəsində Prezident İlham Əliyev vurğulayır: ­“...hər hansı ərazi iddiası üçün “öz müqəddəratını təyinetmə” bəhanəsi Azərbaycan üçün çox yaxşı tanışdır. Biz haqlı olduğumuzu dünyaya izah etməyə çalışarkən, “öz müqəddəratını təyinetmə prinsipi dövlətin ərazi bütövlüyünə qarşı qoyula bilməz və təcavüzkar separatizm qınanmalıdır” deyərkən, yenə qəti səssizlik, laqeydlik və bəlkə də bir qədər də təkəbbürlə üzləşirdik, ta ki biz torpaqlarda vuruşub düşməni məğlub edənə qədər. Ondan sonra vəziyyət dəyişdi”.

Deməli, Azərbaycan lideri eyni zamanda 3 istiqamətdə uğurlu olmalı idi: Birincisi, “öz müqəddaratını təyinetmə” prinsipindən bəhanə kimi istifadənin qarşısı alınmalı idi. İkincisi, siyasi-diplomatik yolla qərəzli adamları inandırmalı idi ki, “öz müqəddəratını təyinetmə prinsipi dövlətin ərazi bütövlüyünə qarşı qoyula bilməz” və “təcavüzkar separatizm qınanmalıdır”. Üçüncüsü, bu cür haqlı, ədalətli və aktiv siyasi fəaliyyətə həmin dairələrin “qəti səssizlik, laqeydlik və bəlkə də bir qədər də təkəbbürlə” reaksiya verməsinin əmələ gətirdiyi psixoloji diskomfortu daxilən yenmək lazım idi. 

Sonuncu məqam hər bir insan üçün asan məsələ deyildir. Haqlı və ədalətli olduğun halda özünü ağıllı və hətta müdrik sayan siyasətçilərin spekulyativ davranmasını elə “həzm etmək” lazım idi ki, təmkinini, uzaqgörənliyini və qələbə əzmini itirməyəsən. Bu məqamda Azərbaycan Prezidenti İlham Əliyevin zəkasının strateji müdrikliyi ilə liderlik məharətinin intellektual və emosional tərəflərinin vəhdəti parladı! 

Azərbaycan lideri nəinki bu cür ədalətsiz və haqsız münasibətin psixoloji çətinliklərini aşdı, hətta bir şəxsiyyət kimi daha yüksəkliklərə çatdı! Bunu artıq “yerdəki reallıq”ları “yerdəki praktiki siyasi-diplomatik və hərbi addımlar” vasitəsilə kökündən dəyişmək gerçəkliyi sübut edir. Bu tezisi dövlət başçısı belə ifadə etmişdir: “biz torpaqlarda vuruşub düşməni məğlub edəndən...sonra vəziyyət dəyişdi”.

Burada müasir dövrdə liderliyin strateji müdriklik aspekti ilə məharətli praktiki fəaliyyətin sintezi məsələsinin vacib cəhətinin münasibətləri məsələsinə gəlib çıxırıq. 

Siyasi reallıq və uğurlu liderlik

Siyasətdə, əlbəttə, müdriklik, fəzilətlilik, hüquq, ədalət və humanizm mühüm dəyərlərdir. Bəşər tarixində bu əlamətlərin liderlərin fəaliyyətində əsas yeri tutmasına yüksək qiymət verilmişdir. Ancaq müasir tarixi mərhələdə, çox təəssüf ki, real siyasi vəziyyət xeyli fərqli mənzərə yaratmışdır. 

Bir sıra dünya liderləri, o cümlədən Azərbaycan Prezidenti də indi beynəlxalq miqyasda əsas güc faktoruna üstünlük verildiyini haqlı olaraq vurğulayırlar. “Güclü olan haqlıdır” prinsipi, təəssüf ki, beynəlxalq hüquq normaları və vurğuladığımız fəzilətli davranış nümunələrindən xeyli üstün sayılır. 

Bütün gəlişigözəl ibarələrə rəğmən, real siyasi meydanda gücün diktəsini görürük. Hazırda dünyanın müxtəlif regionlarında baş verən siyasi və geosiyasi proseslər bu qənaət üçün kifayət qədər fakt verə bilər. 

Belə bir şəraitdə Azərbaycan ranqında olan dövlətlər üçün uğurlu müstəqil siyasəti hansı kriteriyalarla müəyyən etmək olar? Bizcə, burada başqa kriteriyalarla yanaşı, liderin konkret real situasiyada və ya vəziyyətdə əldə etdiyi praktiki nəticələrin milli və dövləti maraqlara uyğunluq dərəcəsi ayrıca yer tutmalıdır. 

Bu prizmada Prezident İlham Əliyevin 2003-cü ildən başlayan dövlət başçısı və lider kimi fəaliyyətinin konkret nəticələri uğurlu olmanın nümunələri kimi qiymətləndirilməlidir. Həmin kontekstdə dövlət başçısının Vətən müharibəsində Zəfər qazanması və ondan sonrakı mərhələdə siyasi diplomatiya, dövlət quruculuğu və sülhyaratma sferalarında əldə etdiyi nailiyyətlər real siyasətdə uğurlu olmağın gözəl nümunələri kimi qəbul edilməlidir. 

Belə bir yanaşmanın fonunda Azərbaycan liderinin “biz torpaqlarda vuruşub düşməni məğlub edəndən... sonra vəziyyət dəyişdi” tezisinin konseptual və praktiki nəticəverici aspektlərinin sintezində strateji müdrikliklə realpolitikanın dərin vəhdətini ifadə etdiyi qənaətinə gəlirik. Həmin məqam çox mühümdür, çünki regional və qlobal miqyaslarda Azərbaycan Prezidentinin davamlı olaraq nəzəri, siyasi və diplomatik terminlərlə ifadə etdiyi fikirlərinin ədalətliliyi və hüquqiliyini hər kəs qəbul edirdi. Bütövlükdə, geosiyasi vəziyyət belə dəyişdi. 

İndi faktiki olaraq Azərbaycan lideri daha geniş miqyasda siyasi-diplomatik mübarizəsini aparır. Bu mərhələdə də həm maraqlı, həm də ziddiyyətli məqamların bir-biri ilə çulğalaşdığını görürük. Dövlət başçısının müsahibədə yer almış aşağıdakı fikrinin fonunda həmin xüsusiyyətləri duymaq olur. 

Prezident İlham Əliyev demişdir: “Yaxın Şərqdə hansısa fəaliyyətlərdə mümkün iştiraka gəldikdə, ABŞ-ın BMT-dəki səfirliyinin Azərbaycanın razılıq verməsi ilə bağlı bəyanatı bizi təəccübləndirdi. Biz razılıq verməmişik və diplomatik kanallarla Amerika administrasiyasına çatdırdıq ki, bu cür yalan bəyanatlar qəbuledilməzdir, onlar yanlış mənzərə yaradır. Ola bilər ki, belə bir cəhd olub, kimi isə bu prosesə cəlb etmək üçün Azərbaycanın razılıq verdiyini deyiblər. İstisna etmirəm ki, əgər belə olubsa, bu, ümumiyyətlə heç bir vəchlə qəbul edilə bilməz. Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur”.

Məsələ Fələstin-İsrail qarşıdurması fonunda baş verən siyasi, diplomatik, hərbi və geosiyasi kontekstlə əlaqəlidir. Bir sıra dairələr Azərbaycanın bu məsələdə iştirak edib-etməməsinə spekulyativ məzmun verməyə çalışmaqdadırlar. O cümlədən, Azərbaycanın mövqeyinə İsrail-ABŞ-Türkiyə münasibətləri kontekstində süni məzmun və ya yön vermək cəhdləri aydın hiss edilir. Hətta ABŞ-ın yüksək rəsmi şəxsinin özündən nələrisə uydurması kimi hala rast gəlinirsə, deməli, müəyyən dairələr yeni səviyyədə ölkəmizə qarşı spekulyativ və manipulyativ fəaliyyət göstərməkdədirlər. 

Bütün bunlara görə, Azərbaycan Prezidentinin aydın, açıq və qətiyyətli mövqeyi müasir liderliyin güclü nümunələrindən biridir. İlham Əliyev ən güclü dövlətin rəsmi şəxslərinin belə Azərbaycana qarşı siyasi-diplomatik və informativ manipulyasiyalar etməyə haqqı olmadığını birmənalı ifadə etmişdir. Çünki Azərbaycan tam müstəqil siyasət yeridir və Fələstin istiqaməti də istisna deyildir. 

Bakı heç bir başqa dövlətin deyil, yalnız Azərbaycanın milli maraqlarına uyğun addımlar atır və atmaqda davam edəcəkdir. Buna görədir ki, Prezident İlham Əliyev bu məsələ ilə bağlı fikirlərini belə yekunlaşdırır: “Beləliklə, sağ olun ki, siz bu sualı verdiniz, çünki xarici mətbuatda bu mövzuda çoxlu sayda şayiələr dolaşır. Xüsusilə Amerika diplomatiyasının yüksək rütbəli məmurunun bu cür məsuliyyətsiz və yalan bəyanatlar verdiyi vaxt. Bu, həm də mənə imkan verdi ki, istər bizim, istərsə də beynəlxalq auditoriyanın diqqətinə bu məsələ ilə bağlı bizim mövqeyimizi çatdırım”.

Güclü potensial: sərbəst enerji gücü

Ölkə rəhbəri müsahibəsində Azərbaycanın dövlət olaraq yüksək potensiala malik olduğunu müxtəlif kontekstlərdə dəqiq ifadə etmişdir. Yəni Azərbaycanın müstəqil siyasət yeritməsi üçün siyasi müdrik lideri olması ilə yanaşı, təbii-coğrafi və enerji imkanları da özyetərlidir. Hətta yaxın ətrafda bu aspektdə Azərbaycanla müqayisə oluna biləcək başqa dövlət yoxdur. Prezident İlham Əliyevin aşağıdakı fikrində bu məqam dəqiq ifadə olunmuşdur. Dövlət başçısı demişdir: “Yenə də nə Cənubi Qafqazda, nə Orta Asiyada, nə yaxın qonşuluqda bizim qədər sərbəst enerji gücü ola biləcək ikinci ölkə yoxdur. Çünki bəzi ölkələr elektrikə çevirmək üçün xaricdən təbii qaz alır, bəzi ölkələr xaricdən elektrik enerjisi alır, çünki özləri üçün çatmır. Biz isə həm enerji satırıq, həm ixrac edirik - həm qaz, həm neft, həm neft məhsulları, həm neft-kimya məhsulları, həm də əsas xammal olan təbii qaz gübrələri. Yəni bizdə bütün sikl tam formalaşıb: həm daxili istehlak, həm ixrac”.

Əslində, bu tezisləri ilə İlham Əliyev yeni bir politoloji terminin tədqiqi məsələsini aktuallaşdırmışdır. Həmin termin “sərbəst enerji gücü”dür. Sərbəst enerji gücünün siyasi sferaya nəzəri proyeksiyası və onun müstəqil siyasətə praktiki tətbiqi Prezident İlham Əliyevin yuxarıdakı fikirləri işığında çox mühüm məqam kimi görünür. 

Beləliklə, Azərbaycan lideri bir müsahibədə faktiki olaraq yüksək konseptual səviyyədə və nəzəri ilə praktiki-tətbiqi aspektlərin sintezində çox maraqlı, aktual tezislərini sistemli şəkildə təqdim etmişdir. Bu, yüksək liderlik qabiliyyətinə sahib şəxsiyyətin başqa məqamlarla yanaşı, ölkə ziyalıları qarşısında vacib elmi-tədqiqat vəzifələrini də qoyması deməkdir. 

Füzuli Qurbanov, 
XQ-nin analitiki, 
fəlsəfə elmləri doktoru

 

Siyasət