Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Corcio Meloni Moskva ilə dialoqun bərpasının mümkünlüyü ilə bağlı bəyanatından bir neçə gün sonra Avropa Komissiyası da Putinlə birbaşa danışıqları mümkün hesab edir. Bu barədə komissiyanın açıqlamasında bildirilir.
Məlumatı “Euronews” verib.
Avropa Komissiyası Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparmağın mümkünlüyünü açıq şəkildə bildirib, lakin Rusiyanın davam edən hava hücumlarının bu mərhələdə belə bir addımı qeyri-mümkün etdiyi barədə xəbərdarlıq edib. Avropa Komissiyasının sözçüsü Paula Pinho bildirib ki, “Biz Ukraynada sülh üçün çox, çox səylə çalışırıq”.
“Ukraynada sülh bir nəfərdən asılıdır, - deyə Pinho sözünə davam edib, - Bildiyiniz kimi, həmin şəxs Prezident Putindir. Buna görə də aydındır ki, müəyyən bir məqamda Prezident Putinlə danışıqlar aparılmalıdır. Bu vaxt ərzində çoxlu iş görülür”.
Pinho deyib: “Təəssüf ki, Prezident Putinin bu cür danışıqlara başlamaq istəyinin heç bir əlamətini görmürük, ona görə də hələlik oraya çatmamışıq, amma həqiqətən də ümid edirik ki, hansısa məqamda bu cür danışıqlar baş tutacaq və nəhayət, Ukraynada sülh olacaq”.
P.ƏMİRCANOV
XQ

